Ana səhifə / Siyasət / Azərbaycanda heç kim işdən çıxarılmayacaq – Hakimiyyətdən qərar

Azərbaycanda heç kim işdən çıxarılmayacaq – Hakimiyyətdən qərar

İqtidar ixtisarlarla bağlı prosesi tam dayandırmağa qərar verdi- bu, əsasən bank sektoruna, ASC-lərə və oliqarxlara aid müəssisələrə aiddir; bu inzibati metod indilikdə həm də ən yaxşı çıxış yolu kimi görünür: “İşçi məvacibi az olsa da, işini itirməsin…”.
Ötən il dekabrın 21-də ikinci devalvasiyadan sonra Azərbaycanda iş yerlərinin kütləvi ixtisarı başladı. Yaranmış böhranlı durum bir sıra dövlət qurumları və özəl şirkətlərin filiallarının bağlanmasına, ixtisarların aparılması prosesinə təkan verdi. Ən ciddi ixtisarlar bank sektorunda başladı ki, ümumilikdə qeyr-rəsmi mənbələr bu prosesdə 5 min bank işçisinin iş yerini itirdiyini iddia edir.
Azinforum.az xəbər verir ki, “Yeni Müsavat”ın yazdığına görə, bir sıra dövlət müəssisələrində, ASC-lərdə, məsələn, “Azəriqaz”da və “Azərenerji”də maliyyə böhranı səbəbindən yüzlərlə əməkdaş işini itirdi. Həmçinin devalvasiya nəticəsində Bakıda bir çox mağazalar bağlandı, iri ticarət mərkəzlərində də boşalmış obyektlərin sayı 5-7 faiz artdı ki, bu da işsizlərin sayını daha da artırdı. O da etiraf edilməlidir ki, ixtisarlarla bağlı xəbərlər əsasən qeyri-rəsmi mənbələrə istinadən yayıldığından neftin yaratdığı böhrandan sonra işsizlərlə bağlı statistikanı əldə etmək mümkün olmur. Dövlət Statistika Komitəsinin həmin zaman açıqladığı məlumat isə real vəziyyətə nəinki adekvat deyildi, tam əksinə… Statistika Komitəsi milli valyutanın növbəti devalvasiyasından sonra ölkədə 44,9 min iş yeri açıldığını bildirirdi. Qeyd edək ki, Statistika Komitəsi artıq neçə ildir bəyan edir ki, Azərbaycanda işsizlik faizi cəmi… 5 faizdir. Bu statistika devalvasiyadan sonra belə dəyişmədi…
Qəribə də olsa, ixtisarlar oliqarx- məmurların və ya onlara yaxın şəxslərin şirkətlərində də başladı. İllərdir hakimiyyətin lütfü sayəsində böyük qazanc əldə edənlər gəlirlərinin azalması ilə dərhal kütləvi ixtisarlara başladılar.
İkinci devalvasiyadan sonra bir sıra bölgələrdə süni qiymət artımına, işsizliyə və yeri məmurların özbaşınalığına etiraz olaraq aksiyalar keçirildi ki, məhz bundan sonra hökumət ixtisarlarla bağlı prosesə “stop” verməli oldu.
Qəzet yazır ki, iqtidar ixtisarlarla bağlı prosesi tam dayandırmaqla bağlı göstəriş verib. Bu, əsasən bank sektoruna, ASC-lərə və oliqarxların nəzarətində olan bütün növ müəssisələrə aiddir. Mənbə deyib ki, xüsusi çətinliklə üzləşmiş bank sektorunda ixtisarları dayandırmaq çətin olsa da, onlar da bu tələblə razılaşmalı olublar. Bildirilir ki, banklar bir neçə filialını bağlamaq istəsələr də, onlara hökumətdən sərt təpki gəlib. “Bu, indiki krizis dövründə işçilərə ayda minimum 500 min manat əlavə vəsait xərcləmək deməkdir” deyə, bank sektorundakı mənbə deyib. Qaynaq bildirib ki, hökumətin “ixtisar prosesini saxlayın” tapşırığının arxasında hələ ki maddi dəstək və ya kompensasiya yoxdur, amma istisna deyil ki, hansısa güzəştlər olacaq. Eləcə də iri ASC-lərdə də ixtisarlar dayanıb, işçilərin gərginliyi azalıb. Oliqarxlara da bir daha nəzarətlərində olan müəssisələrdə diqqətli olmaq və “xalqı narazı salmamaq” tapşırılıb.
Hökumətin işsizlər ordusunun artmasından narahatlığı əslində başa düşüləndir. Çünki ekspertlər də neftin qiyməti ilə bağlı yaxın illərdə sıçrayışlı artım gözləmirlər. Bu, həm də o deməkdir ki, iqtisadiyyatı neftdən asılılığı hələ də qalan ölkələrdə, eləcə də Azərbaycanda “yumşaq böhran” davam edəcək. Azərbaycanın yeni iqtisadi modelə keçidi-qeyri-neft sektorunun inkişafı üçün hələ zaman lazımdır və hökumət yeni iş yerləri açmaqda hələ ki çətinlik çəkir. Belə bir dönəmdə isə işsizlər ordusunun sayının artması hökumət üçün əlavə problemlər, sosial gərginlik yarada bilər. O səbəbdən də hökumət az maaşla da olsa işçinin iş yerində saxlanılması metoduna üstünlük verir. Ölkədə sosial gərginliyin yaranmaması üçün bu inzibati metod indilikdə həm də ən yaxşı çıxış yolu kimi görünür… İşçi məvacibi az olsa da işini itirməsin…

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın