Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Azərbaycanda deputatın and içməyinə ehtiyac yoxdur, əgər daxilində pozğunluq varsa…”

“Azərbaycanda deputatın and içməyinə ehtiyac yoxdur, əgər daxilində pozğunluq varsa…”

Türkiyədə keçirilən prezident və parlament seçkilərinin rəsmi nəticələri elan olunandan sonra dövlət başçısı Rəcəb Tayyip Ərdoğanın rəhbərlik etdiyi 67-ci hökumət kabinəsinin üzvləri and içərək öz vəzifələrinin başına keçib. 

Məlumdur ki, demokratik dəyərlərə sahib olan Türkiyə dövlətində istər iqtidar, istərsə də müxalifət kəsimində Türkiyə Böyük Millət Məclisinə (TBMM) seçilən millət vəkilləri Atatürk ideologiyalarının və sekulyarizmin qorunmasına şərəf, namus, vicdan və ləyaqətləri naminə and içirlər.

Lakin Azərbaycan Milli Məclisinə seçilən deputatlar bu öhdəlikdən bir növ azaddırlar. Nəzərə alsaq ki, I çağırışdan bəri parlamentdə mövcudluğunu qoruyan stajlı deputatlar indi də Milli Məclisdədir, o zaman belə çıxır ki, onların növbəti VII çağırışda seçilməsi də istisna edilmir. 

Maraqlıdır, bu ənənə Azərbaycanda tətbiq olunsa, stajlı və bir o qədər də “köhnə qvardiya”nın üzvü olan millət vəkillərinin andına elektoratlar və sadə vətəndaşlar nə dərəcədə inanacaq? Onlar andlarına sadiq qalaraq, bundan sonra daha yaxşı işləyə bilərlərmi? 

Yenisabah.az-ın suallarını cavablayan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bu tendensiyasının Azərbaycanda tətbiq ediləcəyinə inanmır: 

“Mənə elə gəlir ki, millət vəkillərinin ədalətlə çalışması məsələsi andla bağlı deyil. Sadəcə olaraq, bu, Türkiyədə bir növ dövlət ənənəsidir və bir çox peşələrdə bu səpkidə andiçmələr var. Yəni bu adam publik olaraq, qabaqcadan söz verir ki, vicdanlı, namuslu və Konstitusiya qanunlarına sədaqətli olacaq”. 

“O ki qaldı Azərbaycana, burada and içsələr də, içməsələr də elə eyni vəziyyət olacaq. Ona görə də hesab edirəm ki, bunu nəzərə alaraq, düşünüblər ki, bizdə deputatların and içməsi yersizdir və buna ehtiyac yoxdur. Həmçinin, bizdə siyasi mədəniyyət də o səviyyədə deyil. Andiçmə bütün dünyada qəbul edilən bir şeydir. Amma, əgər bir adamın daxilində pozğunluq varsa, onun and içməsinin daha nə mənası var?! And içmək o adamı bu yoldan döndərməyəcək. Çünki and içəndə vicdan, namus və şərəfin naminə and içirsən. Əgər kimdəsə bu keyfiyyətlər yoxdursa və sən sözdə and içirsənsə, deməli, yalançısan”, – partiya sədri fikirlərini bölüşüb.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …