Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / “Azərbaycan qarşıya qoyduğu strateji məqsədlərə çatacaq” – Təbriz Musayev

“Azərbaycan qarşıya qoyduğu strateji məqsədlərə çatacaq” – Təbriz Musayev

Prezident İlham Əliyev Güləbird kəndində Azərbaycan bayrağını qaldırdıqdan sonra çıxışında bir sıra vacib məqamlara toxunub.

Ölkə başçısınin sözlərinə görə, bizim böyük planlarımız var və bərpa işlərinə start verdik: “Çalışacağıq ki, minalardan təmizləmə işləri qısa müddət ərzində başa çatsın, dəymiş ziyanın qiymətləndirilməsi aparılsın və bununla paralel olaraq, artıq infrastruktur layihələrinə start verildi. Bu gün Horadizdə Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməl daşı qoyuldu. Bu dəmir yolunun çox böyük strateji əhəmiyyəti var. İlk növbədə ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Digər tərəfdən, bu dəmir yolu Naxçıvana gedəcək. Noyabrın 10-da imzalanmış Birgə Bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa var. Artıq bu işlərə start verildi. Bizim təşəbbüsümüzlə həyata keçirilən bu layihə, əminəm ki, icra ediləcək. Uzun fasilədən sonra Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq və beləliklə, bizim həm strateji, həm iqtisadi, həm də siyasi məqsədlərimiz həyata keçiriləcək”.

Göründüyü kimi, Prezident Naxçıvana gedəcək sözügedən dəmir yolunun necə böyük əhəmiyyət kəsb edəcəyi ilə bağlı mesajlar verdi.

Maraqlıdır, ekspertlər bunu necə dəyərləndirirlər?

Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin sözlərinə görə, Naxçıvanla dəmir yolu əlaqəsinin bərpası çox önəmli əhəmiyyətə malikdir: “Bunun strateji əhəmiyyəti ondan ibarətdir ki, uzun fasilədən sonra Naxçıvanla dəmir yolu əlaqəsi bərpa olunacaq. Məsafə baxımından bu Azərbaycanı Naxçıvanla birləşdirən ən qısa dəmir yolu olacaq. Naxçıanla əlaqənin qurulması həm də Türkiyəyə ikinci dəmir yolunun açılması deməkdir. Bu yoldan təkcə Azərbaycan deyil, Rusiya, Orta Asiya ölkələri və Çin də istifadə edəcək. O baxımdan bunun Azərbaycan üçün strateji önəmi böyükdür. Azərbaycan qarşıya qoyduğu strateji məqsədlərə çatacaq. İqtisadi önəmi ondan ibarətdir ki, Naxçıvanla əlaqələrin qurulması zamanı daşıma xərcləri əhəmiyyətli dərəcədə aşağı düşəcək. Bu da məhsulun maya dəyərinin azalmasına müsbət təsir edəcək. Naxçıvan uzun illərdir blokadada olduğu üçün orada bir sıra ərzaq və digər məhsulların qiyməti bahadır. Çünki daşıma xərcləri yüksəkdir. Ancaq məlum yol işə düşəndən sonra bu problem olmayacaq. Digər iqtisadi önəmi ondan ibarətdir ki, Azərbaycanın tranzit ölkə olaraq gəlirləri artacaq. Çünki bu yoldan təkcə bizim ölkə istifadə etməyəcək, digər dövlətlər də faydalanacaq. Bu isə yeni tranzit gəlirləri deməkdir. Siyasi əhəmiyyəti isə çoxşaxəlidir. Həmin layihə sayəsində Azərbaycanın siyasi nüfuzu, təsir imkanları artacaq. Ən önəmli məqam odur ki, Naxçıvanın təminatında İrandan asılılıq əhəmiyyətli dərəcədə minimum səviyyəyə enəcək. Bu o deməkdir ki, İran sözügedən amildən istifadə edib Azərbaycana siyasi təzyiq edə bilməyəcək”.

Bütün bunlardan çıxış edən İAT sədri hesab edir ki, sözügedən dəmir yolu ölkəmiz üçün strateji, iqtisadi və siyasi əhəmiyyət kəsb edir. (Bakı-Xəbər)

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …