Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Azərbaycan oliqarxları pullarını gizlətməyə yer tapmır?

Azərbaycan oliqarxları pullarını gizlətməyə yer tapmır?

İqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, artıq bir sıra ənənəvi offşor zonaları şəffaflaşdırılır, bu səbəbdən də gizli hesabların ölkələrə cəlb olunması siyasəti aparılır; ənənəvi offşor zonaları ifşa olunur, qara pullar üçün yeni ünvanlar aranır

“Cəmi 10 dəqiqə vaxtınızı xərcləyib, elə evinizdəcə özünüzə şirkət aça bilərsiniz. Necə? Bundan ötrü internetə çıxış, şəxsiyyətinizi təsdiqləyən məlumat və kredit kartı yetər”. Bu cümlələri “Azadlıq” radiosu bir neçə il əvvəl offşor şirkətlərlə bağlı araşdırmasında yazmışdı.
Həmin yazıda qeyd olunurdu ki, məsələn, Seyşel adalarına getmədən orada şirkət yaratmaq üçün kredit kartınızda bu qədər pul olmalıdır:
– 690 avro – şirkətin yaradılması – bura sertifikatın əldə olunması, şirkətin yaradılması ilə bağlı idarə heyətinin iclası haqda sənədlər, ofis kirayəsi üçün qətnamə və direktorların qeydiyyatı daxildir;
– 390 avro əlavə ödəyib, şirkətə sahibliyin gizliliyinin qorunması qalxanı;
– Əlavə 390 avro ödəyib offşor şirkət üçün bank hesabı açmaq olar;
Cəmi 49 avro ödəyib şirkətin daha nüfuzlu və cəlbedici görünməsi üçün logo, möhür də əldə etmək olar. Yəni təxminən 2000 avroya qədər xərc çəkib şirkətin real şirkət imici yaratmasına nal olmaq mümkündür.
Ancaq indi vəziyyət dəyişib. Vergilərdən azad edilməsi və əsas da gizli olması səbəbilə “qara” iqtisadiyyatları cəlb edən offşor zonalar artıq gizli qalmır. Son illərdə Vaşinqtonda yerləşən Beynəlxalq Araşdırmaçı Jurnalistlər Təşkilatı dünyanın 170 ölkəsindən 130 mindən çox zənginin offşor bank hesabları və şirkətləri haqda məlumatları yayıb.
Qeyd edək ki, hazırda dünyada gizli pulların saxlandığı əsas vasitələrdən hesab olunan offşorlar (“Offshore”) – vergidən tamamilə azad olunmuş və nəzarətin olmadığı məkanlardır. Burada qanunvericilik həm şirkətin təsisçilərini, həm də maliyyə mənbələrini gizlətməyə imkan verir. Beynəlxalq hesabatlarda maliyyəsi narkotik, silah alveri və çirkli pulların yuyulmasından əldə edilən şirkətlərin məhz offşor zonalarda qeydiyyatdan keçdiyi iddia edilir.
Keçmiş sovet respublikalarından yalnız Latvıya offşor zona statusu ala bilib. Ölkə bu statusla ərazısində müəyyən vergi güzəştləri tətbiq etməklə, xarici investisiyaların cəlbinə nail olmaq istəyir. Latviya bununla daha yaxşı iqtisadi inkişafa nail olmaq iddiasındadır.
Bundan başqa dünyada məşhur offşor zonalar Kipr (Yunan), Cəbəllütariq, Liberiya, Beliz, Dominikan Respublikası, Nevis, Samoa, Panama, Honkonq, Kayman adaları, Baham adaları, Mavriki, Seyşel adaları, Vanuatu, Vircin adaları və Macarıstandır.
Ancaq son illərdə Qərbdə jurnalist araşdırma qurumları, o cümlədən sızdırılan kəşfiyyat və gizli sənədlər ənənəvi offşor bölgələrində saxlanılan gizli hesablarla bağlı məlumatları açığa çıxarıb. Bu mənada artıq ənənəvi offşor zonaları Azərbaycan məmurları üçün cəlbediciliyini itirib. İndi əsas fikrə görə, ənənəvi offşor zonaları ABŞ-ın “əli çatan” yerdədir və Vaşinqton əsasən korrupsioner məmurların oğurladıqları vəsaitləri saxladıqları bu cür hesabları siyasi təzyiq vasitəsi kimi istifadə edir, münasib vaxtda açıqlaya bilir. Bu mənada son illərdə azərbaycanlı məmurlar üçün offşor hesabları başağrısına çevrilib.
Gələn bilgilərə görə, son illərdə məmurlar vəsaitlərini offşor zonalara yerləşdirməyə ehtiyat edirlər. Bu səbəbdən də ortaya çıxan yeni alternativlərdən yararlanırlar. İlk növbədə Uzaq Şərq və Cənub-Şərqi Asiya ölkələrinə, nisbətən Qərbin nəzarətindən uzaq inkişaf etməkdə olan ölkələrə, həmçinin hazırda iqtisadi böhran yaşayan Yunanıstan, Ukrayna kimi ölkələrdə daşınmaz əmlakın alınmasına və digər gəlirli sahələrə yatırım qoyulması siyasəti yürüdülür. Bundan başqa, İran kimi yaxın və sabit ölkəyə də son illərdə Azərbaycanın oliqarx-məmurlarının maraq göstərməsi müşahidə olunur.
İqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, offşor zonaları problemi artıq dünya ölkələrini də narahat etməyə başlayıb. Ekspertin sözlərinə görə, G-7 ölkələrinin son iki samitində offşor zonalarından istifadə qaydalarının dəyişdirilməsi ilə bağlı qərar alınıb. N.Cəfərli deyir ki, bu qərarlardan sonra əsasən də Britaniyaya məxsus Vigin adaları və yenə də Britaniya qanunları ilə işləyən Panamada şəffaflıq təmin olunmağa başlayıb. Ekspertin fikrincə, Avropada baş verən hadisələrdən sonra artıq qitədə yerləşən offşor zonalarda açılım olması gözlənilir: “Bu əsasən Lüksemburq, Kipr adasına aiddir. Hansılar ki, vergi cənnətləri idi. Artıq bu ölkələr də offşor hesabların şəffaflaşdırılması və vergiyə cəlb olunması siyasətini işləyib hazırlayır. Azərbaycan kimi məmur biznesinin böyük çəkiyə malik olduğu və məmurların gizli hesablarının olduğu ölkələrdə – bura Rusiya və Qazaxıstan kimi ölkələri də aid etmək olar – bu istiqamətdə addımların atılması gözlənilir. Məsələn, Rusiya bu tendensiyanı gördükdən sonra dövlət Duması Offşorsuzlaşma Qanunu adlı qanun qəbul elədi. Bu qanuna əsasən rusiyalı məmur və biznesmenlər bu ilin sonuna qədər offşor zonalardakı vəsaitləri geri qaytarsalar, onlara qarşı heç bir cinayət işi açılmayacaq və vergi ödəməyəcəklər. Artıq o vəsaitlərin bir qismi geri qayıdır. Çünki gec-tez offşor zonalardakı gizli vəsaitlər açıqlanacaq. Bir faktı deyim ki, yalnız Rusiyadan son 20 ildə offşor zonalar vasitəsilə 700 milyard dollar vəsait çıxarılıb”.
Azərbaycanla bağlı da bu cür fikirlərin olduğunu deyən ekspertin sözlərinə görə, rəsmi Bakının bu cür qanun qəbul edərək offşordakı vəsaitlərə amnistiya verməsi inandırıcı deyil. Ekspertə görə, bizim kimi ölkələrdə məhkəmə orqanlarına və hakimiyyət qurumlarına inam olmadığı üçün bu cür qanunlar işləmir.

 

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın