Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Azərbaycan mümkün qədər Putin sonrası dövrə hazır olmalıdır”

“Azərbaycan mümkün qədər Putin sonrası dövrə hazır olmalıdır”

Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə dünyanı Putinə və Rusiyaya qarşı qaldırıb. Rusiya tarixdə görünməmiş həddə sanksiyalara məruz qalmaqdadır. Artıq dünyanın bir sıra tanınmış siyasi ekspertləri bu prosesin Putin hakimiyyəti üçün ağır nəticələrə gətirib çıxaracağını, daxildə də Rusiya xalqının hakimiyyətə qarşı ayağa qalxacağını proqnozlaşdırırlar. Hətta artıq belə fikirlər də səslənir ki, Vladimir Putinin hakimiyyətdən getməsi də istisna deyil.

Bəs V.Putin iqtidardan getsə, regiona hansı təsirləri olar? Bunun Azərbaycana xeyri olar, ziyanı? Rusiyada iqtidar dəyişikliyi Güney Qafqaza hansı formada təsir edər?

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Rusiya ordusunun Ukrayna bataqlığında çabalaması, beynəlxalq təzyiqin artması, prosesin Putinin planladığı kimi getməməsi Rusiyanın və şəxsən prezident Putinin mövqelərinə ciddi təsir göstərir: “Rusiya indiyə qədər rastlaşmadığı izolyasiya şəraiti ilə üz-üzə qalmaqdadır. Putinin Ukraynanı parçalamaq, Ukrayna xalqını hakimiyyətə qarşı qaldırmaq planı əks effekt verdi. Bütün Ukrayna Kremlə qarşı Zelenski hakimiyyətinin ətrafında birləşib.

Ukraynada rus ordusu xalq müqaviməti ilə qarşılaşır və Putin ordusuna qarşı bütün Ukrayna xalqı döyüşür. Eyni zamanda son ildə dağınıq və pərakəndə şəkildə olan kollektiv Qərb Putinin bu siyasəti qarşısında Rusiyaya qarşı birləşdi. Avropa İttifaqı və NATO mövqelərini möhkəmləndirir və birlik nümayiş etdirir. Paralel olaraq Rusiyanın daxilində xalqın Putinin siyasətindən narazılığı artır.

Rusiya iqtisadiyyatını çox ağır günlər gözləyir. Bu da xalqın narazılığını daha da artıracaq. Düzdür, hələlik Putinin daxildə mövqeləri çox da laxlamayıb. Amma proses bu şəkildə davam etsə, Putinin mövqeləri laxlayacaq. Bütün hakimiyyətlərin sonu var və Putin hakimiyyətinin də sonu olacaq. Putinin indi və yaxın zamanda hakimiyyətdən getməsi isə təbii ki, həm post-sovet məkanına, həm də Rusiya ilə bu və ya digər formada sıx əlaqələri olan dövlətlərə təsir edəcək. Necə təsir eləyəcəyini indidən dəqiq söyləmək isə çətindir. Çünki əvvəla, bəlli deyil ki, Putin hakimiyyətdən gedərsə, onu kimlər əvəzləyəcək. Bu, daha mürtəce hərbçi qanad da ola bilər, mötədil siyasət tərəfdarları da ola bilər. Yəni təkcə Putinin gedişinin yox, Putinin yerinə hansı qüvvənin gələcəyinin regiondakı proseslərə təsiri olacaq. Ümumən onu söyləmək mümkündür ki, Putin gedərsə, yerinə daha mürtəce hərbi qanad iqtidara gələrsə, regiondakı proseslər daha da pis məcraya yönələ bilər. Mötədil siyasi xəttin tərəfdarı hakimiyyətə gələcəyi halda isə bu, həm Rusiyanın özü, həm də bütün region üçün müsbət tendensiyanın başlanğıcı olar”.

Ekspert qeyd etdi ki, Putin hakimiyyətdə olduğu müddətdə dünyada demokratiyanın əleyhdarı kimi qəbul edilib və avtoritar rejimlərin müdafiəçisi qismində çıxış edib. O baxımdan Putin hakimiyyətdən gedərsə, onun qonşuluğunda yerləşən dövlətlərdə nisbətən rahatlaşma ola bilir: “Hər halda, Rusiyada Putindən sonra boşluq olarsa, bunun dünyaya, regiona faydasının necə olacağını da dəqiq söyləmək çətindir. Rusiyada hakimiyyət Putindən sonra bir neçə qrupun əlində cəmləşə bilər. Bu da 1990-cı illərdə olduğu kimi, problemlər yarada bilər. Amma ümumən bu cür avtoritar liderin gedişi, əlbəttə, bölgədə müəyyən qədər yumşalmaya və rahatlaşmaya da səbəb ola bilər. Konkret Azərbaycana təsirinə gəlincə, əlbəttə, Rusiyada baş verən hadisələrin bu ya digər formada Azərbaycana da təsirləri olur. Lakin hazırda mövqe bundan ibarətdir ki, biz daha çox NATO ölkəsi olan və Qərbə inteqrasiya etmiş Türkiyə kimi dost-qardaş ölkə ilə müttəfiqliyi gücləndiririk. Azərbaycan dövlətinə qarşı olacaq təhdidlərə və çağırışlara da məhz bu yöndən baxır və bu istiqamətdə hazırlaşırıq. O baxımdan Azərbaycan mümkün qədər Putinsonrası dövrə hazır olmalıdır və özü-özünün taleyini və təhlükəsizliyini təmin eləməlidir. Hesab edirəm ki, Azərbaycan daha uğurlu siyasət yürüdür və yaranacaq yeni vəziyyətdə də ölkəmizin inkişafı, demokratikləşməsi istiqamətində siyasət aparacaq. Çünki görünən bu ki, artıq dünyanın istiqaməti o yöndədir. Azərbaycan da mütərəqqi dünya ilə bir yerdə olmaq yolunu seçib. Son günlər görünən və aparılan siyasət buna işarə edir”.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …