Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Siyasət / Azərbaycan-İsrail əlaqələrini Ermənistandan necə qorumalı

Azərbaycan-İsrail əlaqələrini Ermənistandan necə qorumalı

Bəli, ən müxtəlif informasiya vasitələrinin xəbərlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın diplomatik qrafikində növbəti səfər üçün İsrail nəzərdə tutulub – Paşinyan indi də Yaxın Şərqin bu əsas ölkələrindən birini “yüksək diqqətilə” xoşbəxt etmək niyyətindədir.

Artıq nisbətən aşağı ranqlı diplomatların ilkin, hazırlıq səfərləri həyata keçirilib: belə deyilir ki, ötən həftələrdə Ermənistanın xarici işlər nazirinin müavininin başçılıq etdiyi bir qrup yüksək rütbəli məmur və biznes adamları İsrailə baş çəkiblər.
Prinsipcə, burada qeyri-adi və yaxud sürpriz sayılacaq bir şey yoxdur. Bir neçə səbəb var ki, onlar erməni siyasətçilərini və diplomatlarını indi də nəzərlərini “Vəd olunmuş torpaqlar”a yönəltməyə vadar edir.

Birincisi, erməni baş naziri N.Paşinyan artıq çoxdan bütün mümkün və qeyri-mümkün üsullarla Ağ Evin qapılarını döyür və ABŞ prezidentinin diqqətini özümə çəkməyə çalışır.

Bu mənada əlbəttə ki, İsraildə səfirlik açılması və bu ölkəyə Paşinyanın rəsmi səfəri önəmli və effektiv jest ola bilər.
Amma indi İsraildə səfirlik açmaq elə də asan məsələ deyil. Söhbət heç bunun maddi tərəfindən də getmir, hərçənd, Ermənistan üçün heç bu da kiçik məsələ deyil. Sadəcə, dərhal sual yaranır: səfirliyi harada açmalı – Təl-Əvivdə, yoxsa Yerusəlimdə?..

Əgər Ermənistanın niyyəti ciddidirsə, o halda ona İsrailin paytaxtı ilə bağlı yenidən müəyyənləşmək lazım gələcək: yada salaq ki, bir il öncə İrəvan da D.Trampın ABŞ səfirliyinin Yerusəlimə köçürülməsilə bağlı məşhur qərarına dəstək verməmişdi. İndi bu ölkə prinsipcə, səfirliyini Təl-Əvivdə aça bilər, amma bütün hallarda ermənilərə İsrailin paytaxtı ilə bağlı təkrar müəyyənləşmək lazım gələcək.

İkincisi, Ermənistan üçün heç də az maraq kəsb etməyən daha bir məsələ isə əlbəttə ki, Azərbaycan-İsrail əlaqələridir.
Məlumdur ki, İsrail Azərbaycanın ən mühüm hərbi-texniki partnyorlarından biridir və bu ölkə ilə Bakının həyata keçirdiyi kontraktlar milyardlarla dollar təşkil edir. İsrail siyasətçiləri və diplomatları dəfələrlə bəyan ediblər ki, Cənubi Qafqaz ölkələri arasında onlar üçün ilk növbədə Azərbaycanla əlaqələr prioritet təşkil edir.

Amma erməniləri bu münasibətlərin təkcə hərbi-texniki tərəfləri narahat etmir.

Hamıya yaxşı məlumdur ki, yəhudilər Dünyada çox geniş diaspor şəbəkəsinə malik xalqdır və onların təkcə ABŞ-da deyil, eləcə də digər ölkələrdə çox güclü lobbiləri var. Bu isə Bakı üçün daha bir potensial dəstəkdir: xüsusən ABŞ-ın qanunvericilik və icra strukturlarında.

Bəli, o da məlumdur ki, Azərbaycanla İsrailin əlaqələri yetərincə möhkəm və qarşılıqlı faydalı maraqlar üzərində qurulub və heç bir İrəvan, nə də onun xaricdəki diasporları bu münasibətlərin əsaslarını sarsıda bilməz.

Amma D.Trampın diqqətini hansısa formada cəlb etmək üçün N.Paşinyan necə deyərlər, va-bank da gedə bilər: Yerusəlimdə erməni səfirliyi açar və bununla da Trampın məşhur qərarına dəstək verər…

Amma o da var ki, buna Moskvanın, xüsusən də Tehranın reaksiyası nə olar? Moskva da vaxtında Trampın qərarına dəstək verməmişdi, amma daha real soyuqluq ilk növbədə Tehran – İrəvan münasibətlərində yarana bilər, çünki İran özünü Fələstinin regiondakı əsas geosiyasi hamisi hesab edir.

İran-Ermənistan əlaqələrinə gəldikdə, onlar ermənilər üçün çox mühümdür və onlarsız Ermənistan dərhal çökər və heç bir İsrail ona kömək edə bilməz.

Amma ki, burada məsələ “iki ucu olan çubuğu” xatırladır. Başqa bir məqam da çox maraq kəsb edir: Yerusəlim də İran-Ermənistan əlaqələrindən razı deyil və bizə elə gəlir ki, Paşinyan üçün belə bir detal da mühümdür ki, onun ölkəsinin Tehranla münasibətləri balanslaşdırılmalıdır, bunu isə İsraillə münasibətləri artırmaqla etmək olar: əgər İran Ermənistan üçün ticari-iqtisadi nəfəslikdirsə, İsrail böyük siyasi əlaqələr, potensial dəstək, həm də ABŞ – ın hüsn-rəğbətini əldə etmək deməkdi, çünki İsraili bəzən ABŞ-ın əlli birinci ştatı adlandırırlar.

Amma bir əldə eyni zamanda iki top tutmaq! Bunun üçün jonqlyor bacarığı lazımdır və ermənilər oyunbazlıqda çox səriştəli olsalar da çətin ki, İrəvan bu məsələ ilə bacarsın.

Bəs biz özümüz üçün hansı nəticələri çıxarmalıyıq? Əlbəttə, Yerusəlimdə səfirlik açmaqla Ermənistan İsraillə, eləcə də ABŞ-la öz münasibətlərini sıxlaşdıra bilər. Amma bu, yalnız “prinsipcə” mümkün hesab edilir, çünki bir az əvvəldə qeyd etdiyimiz kimi, Rusiya və İran amili var və onlar İrəvanı çəkindirmək iqtidarındadır ki, İsrailə münasibətlərdə çox da geniş jestlər etməsin.

Azərbaycanın İsraillə münasibətlərinin perspektivinə gəldikdə isə, əlbəttə ki, diplomatik nümayəndəlik, xüsusən də səfirlik istənilən iki ölkənin əlaqələrində ən mühüm və ən yüksək pillələrdən hesab edilir.

Vaxtilə İsraildə Azərbaycan səfirliyinin açılması haqda çox söhbətlər gəzirdi və yadımıza gəlir ki, Vilayət Quliyevin nazir olduğu vaxtlarda məsələnin hətta tez zamanda həll olunacağı da deyilirdi.

Amma proses çox uzun çəkdi və bugünədək həll olunmamış qalır. İndi isə onun başqa bir “tərəfi” meydana çıxıbdı: axı səfirliyi harada açmaq – bunu Təl-Əvivdə, yoxsa Yerusəlimdə etmək özü də bir problem olub…

Fəqət, düşünürük, pessimist proqnozlar üçün də əsas yoxdur. Bir daha qeyd edirik ki, İsraillə münasibətlər möhkəm iqtisadi fundamentə söykənir. Üstəlik, İsrail elə bir ölkədir ki, orada Azərbaycanı çox yaxşı tanıyır və sevirlər.

Bu isə əhəmiyyətsiz fakt deyil, hətta iqtisadi amillərdən irəli və güclü məqamdır, çünki səmimi münasibətlər olarsa iqtisadiyyat üçün də təmas nöqtələri tapmaq da mümkünləşər…

Hüseynbala Səlimov

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …