Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Azərbaycan 20 yanvar hadisələrini müasir Rusiya ilə əlaqələndirmir” – SƏFİR

“Azərbaycan 20 yanvar hadisələrini müasir Rusiya ilə əlaqələndirmir” – SƏFİR

Moskvada 1990-cı ilin 20 yanvar faciəvi hadisələrinə həsr olunan onlayn konfrans keçirilib.

Azərbaycanın Rusiyadakı Səfirliyi və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi tərəfindən təşkil olunan konfransda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Azərbaycan Milli Məclisinin deputatı Nizami Səfərov, İsrail-Azərbaycan “Azİz” beynəlxalq assosiasiyasının prezidenti Lev Spivak, MDBMİ-nin professoru, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Moskva bölməsinin sədri Abuzər Bağırov, yazıçı Yuri Pompeyev, politoloq Aleksandr Karavayev, AYB-nin Moskva bölməsinin katibi İlham Bədəlbəyli, həmçinin səfirliyin, Heydər Fondunun Rusiya nümayəndəliyinin, Rusiya Azərbaycanlı Gənclər Birliyinin əməkdaşları və diaspor nümayəndələri iştirak ediblər.

Səfir Polad Bülbüloğlu çıxışında 1990-cı ilin 20 Yanvarının Azərbaycan xalqının tarixinin ən faciəli, kədərli, eyni zamanda, rəşadətli səhifələrindən biri olduğunu vurğulayıb. O qeyd edib ki, 1990-cı il 20 Yanvar faciəsindən əvvəl Dağlıq Qarabağda baş vermiş separatçı hadisələr olub: “Sovet hakimiyyətinin fəaliyyətsizliyi onsuz da çətin olan vəziyyəti daha da ağırlaşdırdı. Dağlıq Qarabağın Azərbaycandan ayrılması üçün çoxdan hazırlıqlara başlayan erməni lobbisinin iddialarını qızışdıran da məhz bu oldu”.

P. Bülbüloğlu onu da qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bütün vəzifələrdən uzaqlaşdırıldıqdan sonra bundan istifadə edən ermənipərəst qüvvələr Ermənistan-Azərbaycan münaqişəsinin, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının əsasını qoyublar.

Daha sonra səfir sovet ordusunun dinc əhaliyə qarşı törətdiyi vəhşiliklər barədə konfrans iştirakçılarına məlumat verib. O, SSRİ-nin mərkəzi orqanlarının belə qəddar addımının əks effekt verdiyini iştirakçıların diqqətinə çatdırıb: “İnsanlar hökumətin vətəndaşlarını tanklarla əzdiyi ölkədə yaşamanın mümkün olmadığını anlamağa, partiya vəsiqələrini meydanlarda yandırmağa başladılar. Faciə artıq yol olmayan qırmızı xəttə çevrildi. 1990-cı ilin 20 Yanvar qanlı gecəsi xalqın iradəsini qırmağın mümkün olmadığını anlamaq üçün çox mühüm əhəmiyyət kəsb etdi. Çoxlu qurbanlar oldu, qan töküldü, lakin bu, insanları gedən proseslərin dönməzliyinə daha da inandırdı. Bu faciə Azərbaycan xalqının yaddaşında əbədi olaraq həkk olunmuşdur və bu gün həmin hadisələrlə bağlı bütün həqiqətlərin gələcək nəsillərə çatdırılması olduqca vacibdir.

Diplomat onu da vurğulayıb ki, həmin illərdə ölkəmizin və onun vətəndaşlarının mənafeyini qorumağa qadir lider olmayıb: “Məlum olduğu kimi, 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə hal-hazırda Azərbaycan səfirliyinin yerləşdiyi binaya gələrək xalqı ilə bir yerdə olduğunu nümayiş etdirmiş, o zaman Azərbaycanın düşdüyü informasiya blokadasını yarmış, mətbuat konfransında siyasi bəyanatla çıxış etmiş, bu vəhşiliyi kəskin şəkildə pisləmiş, dinc silahsız insanların qətliamına hüquqi qiymət vermiş, günahkarların cəzalandırılmasını tələb etmişdir. Onun cəsarətli çıxışı sayəsində dünya ictimaiyyəti faciə ilə bağlı həqiqəti öyrənmiş və SSRİ-nin ovaxtkı rəhbərlərinin törətdikləri cinayətin pislənməsi ilə bağlı prinsipial mövqe sərgiləmişdir. O zaman totalitar rejim şəraitində sistemə meydan oxuyan özünü çox ağır fəsadlara məhkum etmiş olurdu, lakin Heydər Əliyev bundan qorxmamışdır. Belə bir addım böyük cəsarət və şücaət tələb edirdi.

Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın rəhbərliyinə qayıdışından sonra Milli Məclisin 1994-cü ilin fevralında keçirilmiş növbədənkənar sessiyasında 1990-cı il 20 Yanvar faciəsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilmiş və aparılmış müzakirələr nəticəsində “1990-cı il 20 yanvar Bakı şəhərində baş vermiş faciəli hadisələr haqqında” Qərar qəbul edilmişdir.

Yanvar faciəsindən 32 il keçməsinə baxmayaraq, bu, hələ də BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın və digər beynəlxalq hüquqi sənədlərin müddəalarının kobud şəkildə pozulmasıdır, öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən biri olan bu hadisəyə beynəlxalq siyasi-hüquqi qiymətləndirmə hələ də verilməmişdir. Beynəlxalq hüquqa əsasən, bu cür hadisələr insanlığa qarşı cinayət kimi tövsif edilməli, onun təşəbbüskarları və icraçıları məsuliyyətə cəlb edilməlidirlər”.

Polad Bülbüloğlu xüsusilə vurğulayıb ki, bu gün Azərbaycan xalqı, Azərbaycanın indiki rəhbərliyi Sovet İttifaqının mərkəzi hakimiyyətinin o zamankı əməllərini müasir demokratik Rusiya ilə əlaqələndirmir.

Səfir qeyd edib ki, bu gün Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhları rahatlıq tapıb: “Rəşadətli ordumuz 30 ildən sonra bütün Azərbaycan xalqını bir dəmir yumruq kimi birləşdirməyi bacaran Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uzunmüddətli münaqişəyə son qoymuş, əzəli torpaqlarımızı erməni işğalından azad etmişdir”.

Polad Bülbüloğlu vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası, burada kommunikasiya xətlərinin, yolların çəkilməsi istiqamətində genişmiqyaslı işlər aparılmaqdadır: “Füzuli rayonunda qısa müddətdə beynəlxalq hava limanı tikilib istifadəyə verilmiş, Laçın və Zəngilan rayonlarında da daha iki hava limanının tikintisi nəzərdə tutulmuşdur. Eyni zamanda Şuşa şəhərinə aparan “Zəfər yolu” çəkilmişdir”.

Səfir Şuşada uğurla keçirilən “Xarı Bülbül” musiqi festivalı, yenidənqurmadan sonra dahi Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin muzey-məqbərəsinin və Bülbülün ev-muzeyinin açılışından da danışıb: “Ölkə rəhbərliyi tərəfindən Qarabağa dinc həyatın tezliklə qayıtması üçün bütün imkanlardan istifadə edilir”.

Konfransda çıxış edən Nizami Səfərov iştirakçıların diqqətinə çatdırıb ki, bu faciə hələ 1973-cü ildə keçmiş Sovet İttifaqı tərəfindən ratifikasiya edilmiş Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin kobud şəkildə pozulmasıdır. Onun fikrincə, bu cinayət insanlığa qarşı cinayət kimi tövsif edilməlidir, çünki belə cinayətlər müasir beynəlxalq hüquqda əsas cinayətlərdən biri sayılır və həm milli səviyyədə, həm də beynəlxalq cinayət hüququ çərçivəsində Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən mühakimə olunur. Nizami Səfərov qeyd edib ki, belə cinayətlərin iddia müddəti yoxdur və bütün günahkarlar gec-tez cəzalarını alacaqlar.

Politoloq Aleksandr Karavayev 1990-cı ilin faciəli hadisələrinə toxunaraq, belə faciəvi ssenarilərin qarşısının alınması üçün sovet sisteminin keçmiş sovet respublikalarında real vəziyyəti əsaslı şəkildə qiymətləndirmək, mövcud hala operativ və adekvat reaksiya vermək iqtidarında olmadığını vurğulayıb.

Çıxış edən digər natiqlər Lev Spivak, Abuzər Bağırov, Yuri Pompeyev və İlham Bədəlbəyli qanlı gecə ilə bağlı şəxsi xatirələrini bölüşüblər. Dinc əhalinin öldürülməsinin vəhamətini, bütün günahkarların cəzalandırılmasının və onların mənəvi qınanılmasının vacibliyi vurğulayıblar. Həmçinin qeyd olunub ki, 1990-cı ilin 20 yanvar hadisələri bütün Azərbaycan xalqını öz müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə birləşdirib. Konfrans iştirakçıları həmçinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan xalqını tarixi qələbə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası münasibətilə təbrik edərək, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işlərinin aparıldığını vurğulayıblar

Konfransın sonunda İlham Bədəlbəyli müəllifi olduğu 20 yanvar qurbanlarına həsr edilmiş şerini oxuyub. APA

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …