Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Azəravtoyol”a korrupsiya ittihamları

“Azəravtoyol”a korrupsiya ittihamları

Ərşad Hüseynov: “Yol təmiri zamanı yeraltı xətlərin çəkilməsi ilə bağlı dövlət qurumları arasında koordinasiya yoxdur”; Anar Nəcəfli: “Son iki il ərzində yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan bütün qurumlarla koordinasiyalı şəkildə işləyirik”

Bakının və bəzi Bakıətrafı kəndlərin ən böyük problemlərindən biri də yollarda aparılan təmir-tikinti işləridir. Xüsusən yay aylarında çimərlik mövsümünün başladığı ərəfədə Novxanı yolunun təmirə dayanması, bu təmirin isə uzun zaman davam etməsi əhalini cana yığıb. Qeyd edək ki, bəzi yolların təmir olunduqdan sonra növbəti ildə qazılması, yenidən təmirə dayanması da paytaxt sakinlərini narahat edir. Buna Badamdar yolunu misal çəkmək olar. Məlum olduğu kimi, Azərbaycanın ən böyük yeyinti sahələrindən biri də yol təmiridir. Məhz bu sahədə dövlət vəsaitləri daha çox mənimsənilir. Ancaq son illərdə büdcə vəsaitlərinin xərclənməsinə nəzarət gücləndiyindən təmir işlərinin məhz yeyinti məqsədilə təkrarlanması da ağlabatan deyil.

Bəs buna səbəb nədir?

Image result for Ərşad Hüseynov

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, yolların təkrar-təkrar təmirə dayanmasının iki əsas səbəbi var: “Açığını deyim ki, son iki ildə yeyinti və korrupsiya halları o qədər də aktual deyil. ”Azəravtoyol”un rəhbərliyi dəyişdirildikdən sonra bu məsələlərə yanaşma xeyli dərəcədə şəffaflaşıb, obyektivləşib. Artıq real işlər görməyə çalışırlar. Ancaq bəzi layihələr var ki, maliyyə vəsaiti olmadığına görə ləngiyir. Elə Bakı Dairəvi Yolunun bir hissəsi olan Novxanıya gedən yol da maliyyə vəsaitinə görə ləngiyir. Mehdiabad və Binəqədi qəsəbəsinin içində, ətrafında müəyyən işlər var ki, onlar da görülməlidir. Məndə olan məlumata görə, maliyyə problemi var. Bu problem dövlət büdcəsindən ayırmalara görə də ola bilər. Ola bilər ki, vaxtilə belə bir vəsait ayrılıb, ancaq sonradan xərclənib. Detallarını bilməsək də, ümumi məlumat odur ki, maliyyə problemi səbəbindən işlər ləng gedir”.

Ekspertin sözlərinə görə, yolun yenilənməsi işinə aid olan bütün qurumların koordinasiyalı işləməməsi sözügedən vəziyyətin yaranmasının səbəblərindən biridir: “Digər bir məqam isə odur ki, yol deyərkən təkcə avtomobillərin hərəkət etdiyi asfalt örtüyü nəzərdə tutulmur. Yolun altında yanaşı gedən kommunikasiya xətləri var. Enerji ötürən kabellər var, telefon-rabitə xətləri var, su və qaz boruları var, kanalizasiya xətləri var. Həmçinin yolun özünün yağış sularını ötürmək üçün drenaj xətləri var. Bu işlərin də hər birini ayrı-ayrı qurumlar görməlidirlər. Həmin qurumların fəaliyyətinin birgə əlaqələndirilməsi sistemi isə hələ tam yaradılmayıb. Hazırda ən ciddi problemlərdən biri budur. Qurumlardan birinin əlində maliyyə vəsaiti olur, ancaq digərlərində olmadığı üçün işlər eyni vaxtda görülə bilmir. Məsələn, ”Azəravtoyol”da müəyyən qədər vəsait var və o hansısa yolu düzəltmək istəyir. Bu zaman “Azərsu”, “Azərenerji” və digər qurumlara müraciət edirlər ki, siz də gəlin öz xətlərinizi yeniləyin və yolun təmirdən sonra yenidən qazılmasın. Həmin qurumlar isə deyirlər ki, bizim illik fəaliyyət planımızda bu iş nəzərdə tutulmayıb, onun üçün maliyyə vəsaitimiz yoxdur. Biz bu işləri gələn il görəcəyik. O zaman aləm dəyir bir-birinə. Vahid koordinasiya planı yoxdur. “Azəravtoyol” yolu təmir edir və üstündən bir-iki ay keçəndən sonra “Azərsu” gəlir ki, mən su xətlərimi yeniləmək istəyirəm. Onda təzə təmirdən çıxmış yol yenidən qazılmalı olur. Bu qurumlar arasında koordinasiyanın zəif olması isə dövlət büdcəsinin yüklənməsinə gətirib çıxarır. Nəticədə yeni çəkilən yol su kəmərinə görə qazılır, yenidən çəkilir”.

Ə.Hüseynov diqqətə çatdırdı ki, xarici təcrübədə hər hansı yol çəkilərkən vahid layihə tərtib olunur və bütün qurumlar eyni vaxtda hərəkət edir: “Layihə dərin bürokratiyaya yol vermədən, operativ şəkildə bütün qurumlarla razılaşdırılır, hər bir qurumun maliyyə imkanları tutuşdurulur. Bundan sonra konkret dəqiq vaxt müəyyən olunur və konkret orqan tərəfindən nəzarətə götürülür. O zaman nəzərdə tutulan işlərin hamısı eyni vaxtda, qısa müddətdə görülür. Yol bütün kommunikasiya xətləri ilə birlikdə yenilənir və təhvil verilir. Bir çox ölkələrdə isə bunu bələdiyyələr edir. Əgər yolun texniki şərtləri pozularsa, işi həyata keçirən qurum bilir ki, 5 ildən sonra da olsa buna görə məsuliyyət daşıyacaq. Bizdə problem odur ki, bu koordinasiya yoxdur. Hər kəs özü istəyəndə yolu qazdırır və xətti yeniləyir.

Digər bir problem isə maliyyə vəsaitinin az olması və texnikaya qənaət edilməsidir. Məsələn, “Azəravtoyol”un bu işlərlə məşğul olan podratçısının və özünün 5 ədəd asfaltbasan texnikası varsa, 10 yerdə yol çəkilir. Belə halda vaxt uzanır”.
Məsələ ilə bağlı “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxladıq. O qeyd etdi ki, son illərdə yol təmiri zamanı bütün qurumlarla koordinasiyalı iş aparılır və bəzi layihələrin uzun vaxt aparmasının da səbəbi budur: “Novxanı yolu prezidentin sərəncamı əsasında təmir olunur. Mən 2015-ci ildən bu qurumun mətbuat xidmətinin rəhbəriyəm və ötən müddət ərzində Novxanı yolunun ilk dəfə təmir olunduğunu deyə bilərəm.

Biz son iki il ərzində yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan bütün qurumlarla koordinasiyalı şəkildə işləyirik. Novxanı yolunda işlərə başlayarkən də bütün aidiyyəti qurumlara məlumat verdik, “Azərsu”, “Azəriqaz” və digər müvafiq qurumlar tərəfindən yeni xətlər çəkildi. Bütün bu işlər görüldü ki, biz artıq oraya asfalt-beton örtüyü döşəyəndən sonra kimsə gəlib oranı qazmasın.

Bir var ki, yeraltı xətlər çəkilməmiş biz gəlib işimizi tez yekunlaşdıraq və sonradan onlar gəlib qazıntı işlər aparsınlar. Bir də var ki, orada eyni vaxtda kifayət qədər böyük işlər getdi. Bütün o xətlər çəkildi, qazıntı işləri aparıldı, yenidən dolduruldu. Bunlar çox vaxt aparır. Bu işləri bir həftəyə, bir aya yekunlaşdırmaq qeyri-mümkün idi. əgər keyfiyyətli iş istəyiriksə, bu vaxt aparır. Tikinti prosesi də insanlar üçün narahatlıq yaradır, yay ayıdır, toz-torpaq və sair olur. Bu baxımdan, insanların narazılığı başa düşüləndir. Ancaq artıq bu proses geridə qalıb, Novxanı yolu istifadəyə verilmək üzrədir, gediş-gəliş bərpa olunub”.

Image result for Anar Nəcəfli

A.Nəcəfli yol təmiri zamanı maliyyə və texnika çatışmazlığının da olmadığını bildirdi: “Diqqət etmisinizsə, son dövrlər prezidentin sərəncamı əsasında kəndlərarası və qəsəbələrarası yollar yenilənir. Bu sərəncamlara əsasən vəsait ayrılır. Həmin vəsait hesabına da təmir və tikinti işləri aparılır. Hazırda Bakı şəhərində 10-dan artıq layihəmiz həyata keçirilir, artıq bir neçəsi yekunlaşıb. Həmçinin regionlarda kəndlərarası avtomobil yolunun yenilənməsi işləri aparılır. 40-a yaxın kəndlərarası yolun yenilənməsi hazırda həyata keçirilir”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın