Ana səhifə / Siyasət / Aydın Mirzəzadə: “İranda baş verənlər onların daxili işidir”

Aydın Mirzəzadə: “İranda baş verənlər onların daxili işidir”

“İranda baş verən hadisələr onların daxili işidir. İran cəmiyyətinin kifayət qədər potensialı var ki, ölkəsinin problemlərini həll etsin. Biz hər hansı formada qonşu və dost ölkənin daxili işlərinə qarışmağın, bu və ya digər formada hansısa siyasi qüvvənin dəstəklənməsinin əleyhinəyik”.

Bunu “Report”a hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə deyib.

O bildirib ki, hakim partiya İranın yaşanan problemlərdən qısa bir zamanda çıxacağına inanır: “İran qədim dövlətçiliyə malik olan ölkədir, Azərbaycanla mehriban qonşuluq münasibəti var. Arzu edirik ki, İranda tezliklə vətəndaş həmrəyliyi və stabillik əldə edilsin”.

YAP rəsmisi qeyd edib ki, İranda baş verənlər heç bir formada Azərbaycana təsir edə bilməz: “Biz qonşu ölkələr olsaq da, hər birimizin inkişafı fərqli mərhələlərdən keçib. Müstəqil olduğumuz 27 il ərzində bir-birimizin daxili işlərinə qarışmamışıq, eyni zamanda mehriban qonşuluq siyasəti üzərində münasibətlərimizi qurmuşuq. Azərbaycan daxili stabilliyi olan, daim inkişafını gücləndirən ölkədir, ölkəmiz qarşısında duran problemlərin həlli üçün dövrün tələblərinə cavab verən addımlar atır. Vaxtaşırı aparılan islahatlar həm siyasi, həm də iqtisadi sistemi dayanıqlı edir. Azərbaycan dünyada stabil və inkişaf edən ölkə kimi tanınır. Hansısa ölkənin daxilində gedən proseslər ilk növbədə həmin ölkənin özünün inkişaf səviyyəsindən irəli gəlir. Narazılıq nə səbəbdən baş verir, bunu həmin ölkənin rəsmiləri, təhlilçiləri daha yaxşı bilərlər. İranda baş verənlərin Azərbaycana heç bir formada təsiri ola bilməz. Azərbaycanın özünün inkişaf modeli var, ölkəmiz stabillik mexanizmini qurub”.

Qeyd edək ki, ötən ilin dekabrın 28-dən İranda etiraz aksiyaları keçirilir. Aksiyalar zamanı etirazçılarla hakimiyyətin təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalar nəticəsində 27 nəfər ölüb.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …