Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Aydın Əliyev «Nehrəmli Kənan»a hansı vəzifəni vəd edib?

Aydın Əliyev «Nehrəmli Kənan»a hansı vəzifəni vəd edib?

Xaçmaz Gömrük İdarəsinin rəis müavini Kənan Məmmədov öz «qanunları» ilə işləyir Kənan Məmmədov yüksək vəzifəyə təyin olunan qohumunun adını necə hallandırır? Heç kimə sirr deyil ki, dövlət tərəfindən gömrük sistemində şəffaflığın təmin olunması, vətəndaşların xarici ölkələrə maneəsiz gediş-gəlişinin təmin edilməsi və özbaşınalıq hallarının aradan qaldırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Bütün bu tədbirlərə baxmayaraq, gömrük xidmətində çalışan bəzi şəxslər qanunların tələbini pozaraq öz bildiklərini həyata keçirirlər.

Həmin şəxslərdən biri də Dövlət Gömrük Komitəsinin (DGK) Xaçmaz Gömrük İdarəsinin rəis müavini, «Nehrəmli Kənan» ləqəbi ilə tanınan Kənan Məmmədovdur. Məlumat üçün bildirmək istəyirik ki, bu şəxs əvvəllər Tovuz Gömrük İdarəsində rəis müavini, «Sınıq körpü» Sərhəd Keçid Məntəqəsində isə rəis vəzifəsində çalışıb. Mötəbər qaynaqlardan aldığımız məlumatlarda bildirilir ki, Kənan Məmmədov Xaçmaz Gömrük İdarəsinin fəaliyyətində ciddi problemlər yaradır və vətəndaşları səbəbsiz yerə incidir. İddialara əsasən, vətəndaşların Rusiyadan gətirdikləri mallar heç bir səbəb olmadan əllərindən alınır, onlardan dövlət rüsumu ilə yanaşı, başqa «tarif»lər tələb edilir: «İş o yerə çatıb ki, qadınların əllərindəki 1 kq kolbasa, sosiska adıçəkilən rəis müavini tərəfindən alınır, anbara qoyulur. Bu idarədə hər gün belə hadisələr qeydə alınır. Hamısının səbəbkarı Kənan Məmmədovdur.

O bundan əvvəlki iş yerlərində necə işləyibsə, burda da elə işləyir. Camaatı incidir, öz qanunlarını tətbiq etməyə çalışır. Nazirlər Kabinetinin qərarına əsasən hər bir Azərbaycan vətəndaşı 1 ay ərzində xarici ölkələrdən 1500 manatlıq istənilən ərzağı, əşyanı alıb rüsumsuz öz ölkəsinə gətirə bilər. Lakin Kənan Məmmədov müxtəlif bəhanələrlə vətəndaşların mallarını əllərindən alır və öz məqsədəri üçün yararlanır». Apardığımız qısa araşdırmalar nəticəsində öyrəndik ki, Kənan Məmmədov əvvəlki iş yerində işləyərkən adı bir neçə dəfə qalmaqallı hadisələrdə çəkilib. Belə ki, bu ilin iyun ayında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Qazax rayonunda sakinləri qəbul edib. Görüş Qazax rayon Şahmat Mərkəzində baş tutub. Qazax, Tovuz və Ağstafa rayonundan olan sakinlərin iştirak etdiyi görüş zamanı sərhəddə fiziki şəxslərin əl yükləri, baqajların keçirilmə qaydaları, gömrükdə işə qabul qaydaları, gömrük orqanlarında xidmətlə bağlı müraciətlər dinlənilib. Şikayətlər əsasən, “Sınıq Körpü” keçid məntəqəsinin rəisi Kənan Məmmədovun yarıtmazlığı, sərhəddə Dövlət Gömrük Komitəsi işçilərinin sakinlərə qarşı sərt davranışları barədə olub. Görüşdən sonra “Sınıq Körpü” keçid məntəqəsinin rəisi “Nehrəmli” ləqəbi ilə tanınan Kənan Məmmədovun qarşısını kəsən Qarabağ əlilləri və qəbula keçə bilməyən vətəndaşlar ona ünvanlanan məktublara, qəbuluna düşmək üçün edilən müraciətlərə hansı səbəbdən baxmadığına dair suallar veriblər. Suallara cavab verə bilməyən Kənan Məmmədov üstünə yeriyən kütləni yarıb, maşınına oturaraq görüş yerindən gedib. Bundan başqa, bu ilin iyun ayının 4-də saat təxminən 19:30 radələrində 4 nəfər Qazax rayon İkinci Şıxlı kənd sakini «Sınıq körpü» sərhəd-buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən döyülüb. Döyülən şəxslərin bildirdiyinə görə, məlum tarixdə gün ərzində ikinci dəfə Gürcüstan respublikasına keçmək istərkən onlara bunun qeyri-qanuni olduğu deyilib. Səbəbini soruşanda isə buraxılış məntəqəsinin mülki geyimli əməkdaşları toplu halında onlara hücum çəkiblər: «Gürcüstana bazarlıq məqsədi ilə getmişdik. Biz İkinci Şıxlı kənd sakinləri sərhədi keçmək istəyəndə bizi saxlayıb dedilər ki, 24 saat ərzində ancaq bir dəfə keçmək olar. Qanunun kim tərəfindən qoyulduğunu soruşanda, qanuna dair sənəd tələb edəndə bildirdilər ki, qanunu rəis qoyub və bizə heç bir sənəd göstərmədilər. Bir az sonra “Nehrəmli” ləqəbiylə tanınan Kənan Məmmədov gəldi. Gələn kimi dedi ki, buranın yiyəsi mənəm, ürəyim necə istəyir, elə də edirəm, buraxmıram. Mübahisənin ardından dava düşdü. Kənan Məmmədovun xalası, dayısı, əmisi oğlanları, həyat yoldaşının qardaşı da daxil olmaqla 30 nəfərə yaxına adam üstümüzə hücum çəkdilər. Yarı mülki, yarı siravi geyimdə olan şəxslər bizi ölümünə döydülər. Sifətimə dəyən yumruqdan gözümə qan damıb, yavaş-yavaş görmə qabiliyyətim itir. Bir nəfərimiz Şəmmədov Şəmməd isə başına dəyən zərbədən hazırda xəstəxanada yatır ki, o güclü travma alıb, nəzarət altındadır. Ətrafdakı polislər olmasaydı, bizi öldürəcəkdilər».

Əldə etdiyimiz başqa bir məlumata görə, daha yüksək vəzifəyə can atan «Nehrəmli Kənan» DGK sədri Aydın Əlyevin adından istifadə etməyə başlayıb. Məlumatlı mənbənin bildirdiyinə görə, Xaçmaz Gömrük İdarəsinin rəis müavini yaxın ətrafına tezliklə yuxarı vəzifəyə gedəcəyini və bu barədə komitə sədri Aydın Əliyevin ona vəd verdiyini bildirib. Maraqlıdır, görəsən Aydın müəllim yarıtmaz işlərlə məşğul olan Kənan Məmmədova hansı vəzifəni təklif edib? Ümumiyyətlə, belə bir vəd olubmu, yoxsa rəis müavini onun adını hallandırmaqla müəyyən qanunsuz işlərini ört-basdır etməyə çalışır? Bu haqda, eləcə də Kənan Məmmədovun digər qanunsuz əməlləri, milyonluq imarətləri və biznesi haqda gələn saylarımızda ətraflı məlumat verəcəyik. Bizi izləyin. Bu arada, vacib bir məqama toxunmaq istəyirik. Deyilənə görə, Kənan Məmmədov həm də bu yaxınlarda yüksək vəzifəyə təyin olunan şəxslərdən birinin adından istifadə etməyə başlayıb. Həmin şəxsin adından istifadə edən rəis müavini «mənə heç kim dəyib dolaşa bilməz. Bu yaxınlarda hansı vəzifəyə təyin olunacam, bunu hamı görəcək» deyə vurğulayıb. Bu barədə yaxın günlərdə geniş bəhs edəcəyik. Qarşı tərəfin də cavab haqqını tanıyırıq.”gundelik-baku.com”

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın