Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / AXCP sədrinin əmisi oğlundan İŞİD-ə dəstək: “Azərbaycana xoş gəlirsən”

AXCP sədrinin əmisi oğlundan İŞİD-ə dəstək: “Azərbaycana xoş gəlirsən”

Fransada yaşayan AXCP funksioneri terrorçu şəbəkənin hərəkətlərinə haqq qazandıran bəyanat verdi və qaniçən qruplaşmanı ölkəmizə dəvət etdi; İnqilab Kərimovun kriminal mahiyyətli fotosu da üzə çıxdı

AXCP sədri Əli Kərimlinin əmisi oğlu İnqilab Kərimov facebook statusunda İŞİD-ə açıq-aşkar dəstək verən və bu qaniçən terrorçu qruplaşmanı Azərbaycana gəlməyə (!) səsləyən status yazıb.

Sitat: “İŞİD heç də hər adamın başını kəsmir…İŞİD 5 manata sifarişlə məhkəmə zalını dolduranların başını kəsir…İŞİD adını dindar qoyub, cindarlıqla məşğul olanların başını kəsir…. İŞİD adını müxalifət qoyub, nazirliklərə dal qapıdan girib-çıxanların başını kəsir…Və düşünürəm ki, düz də edir…Azərbaycana XOŞ gəlirsən, İŞİD…”
Göründüyü kimi, dünyanı qorxuda saxlayan bu terror təşkilatının əməllərinə haqq qazandıran, təqdir edən İnqilab Kərimov İŞİD-i Azərbaycana, Əli Kərimlini və İnqilab Kərimovu təqdir etməyənlərin başlarını kəsməyə dəvət edir. 
Əli Kərimlinin zaman-zaman sağ əli olan, hazırda Fransada yaşayan İ.Kərimovun bu statusu sosial şəbəkədə ciddi etirazla qarşılanıb və Azərbaycan dövlətinə qarşı təxribat, cinayətkar şəbəkəyə dəstək kimi qiymətləndirilir və lənətlənir. Fransadan siyası sığınacaq alsa da, İnqilab Kərimov hazırda da AXCP-nin rəhbər strukturlarında təmsil olunur.
İşin maraqlı tərəfi də budur ki, facebookda bir sıra AXCP üzvləri də bu statusu “LİKE” ediblər, bəziləri isə dəstək də yazıblar. Bu situasiya isə AXCP rəhbərliyinin gerçək mahiyyətini ortaya qoyur; bu adamlar öz ambisiya və maraqları naminə ən ağlasığmaz addımlar atmağa, İŞİD-lə belə müttəfiq olmağa hazırdırlar. Hansı ki, sözügedən partiya hakimiyyətə iddialıdır, demokratiyadan dəm vururlar və Azərbaycanda sivil hakimiyyət quracaqlarını iddia edirlər.
Əgər bir partiyanın təmsilçisi, daha dəqiq desək, partiya sədrinin əmisi oğlu ölkəyə İŞİD-i çağırırsa, baş kəsməyi doğru hərəkət sayırsa, bunların gerçək mahiyyəti o zaman nə olur? Üzərindən neçə gün keçməsinə baxmayaraq, AXCP rəhbərliyi bəyanat verərək, bu biabırçı bəyanatı pislədiyini, ona rəsmən qoşulmadığını bəyan etməyib. Bu da o deməkdir ki, başda Əli Kərimli olmaqla, təşkilat bu bəyanı qəbullanır.
Bu çağırış, yəni İnqilab Kərimovun statusu üç gündür facebookda dolaşır. Əgər Əli Kərimlinin də mövqeyi təxminən belə olmasaydı, o, öz əmisi oğlunun statusunu çoxdan sildirərdi. Məsələ ondadır ki, AXCP adlanan qurumda kimsə Əli Kərimlinin maraqlarından kənar nəsə yaza bilməz. Sosial şəbəkədə də cəbhəçiləri məhz Əli Kərimli yönləndirir. Onun ətrafındakı adamlardan hansısa biri özünə sərf etməyən status, hətta şərh yazdıqda dərhal müdaxilə edərək sildirir. Lakin üç gündür İnqilab Kərimovun statusu sosial şəbəkədə dolaşır və xeyli cəbhəçi də ona dəstək verməkdə davam edir.
 
İnqilab Kərimov Fransada imicini belə dəyişib…
 
Digər bir məsələ də ondadır ki, İnqilab Kərimov, yuxarıda da yazdığımız kimi, Azərbaycanda siyasi təqiblərə məruz qalması iddiası ilə Fransadan siyasi sığınacaq alıb. Fransada yaşayan bir adamın İŞİD-ə dəstək verməsi, heç şübhəsiz ki, Fransa hökumətini də qayğılandıracaq. O da şəksizdir ki, terrorçu şəbəkəyə aşkar dəstək verən birini Fransa kimi ölkə öz hüdudlarında saxlamaz. Böyük ehtimalla, bu məsələ Fransa hökuməti tərəfindən araşdırılacaq və İ.Kərimovun Fransadan deportasiyası qaçılmaz olacaq…
Məsələnin hüquqi tərəfinə gəlincə, ekspertlər bildirir ki, İnqilab Kərimovun statusu terrora çağırışdır. Bu, birmənalı şəkildə ağır cinayət tərkibi yaradan əməldir.
Siyasi baxımdan isə Azərbaycan dövlətinə hər tərəfdən dişlərin qıcandığı bir vaxtda belə bir təxribatı törətmək ölkəmizə sırf düşmən münasibətdir. Beləliklə, AXCP rəhbərliyinin xalqımıza, dövlətimizə münasibəti ortadadır. Bu düşüncəli insanların hakimiyyət iddiasının özü belə son dərəcə təhlükəlidir, nəinki iqtidar olmaları. 
İnqilab Kərimovun facebook statusuna diqqət edərkən onun kriminal mahiyyətli olmasını sübut edən daha bir fakt ortaya çıxdı. Belə ki, İ.Kərimov qarşısında tapança şəkil çəkdirərək onu paylaşıb. Belə aydın olur ki, əgər Əli Kərimlinin əlində bir balaca səlahiyyət olsa, onun adamları özləri dedikləri kimi, insanların başını kəsər, güllələyib öldürərlər.

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …

Bir cavab yazın