Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Avropa Məhkəməsinin qərarı Tofiq Yaqubluya nə vəd edir?

Avropa Məhkəməsinin qərarı Tofiq Yaqubluya nə vəd edir?

Beynəlxalq qurumun indiyə qədər verdiyi bu cür qərarlar gözlənilən effekti verməyib; başqan müavininin ailəsi ümidsiz olsa da, hüquq müdafiəçisi nikbindir

Ötən həftə Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Müsavat başqanının həbsdəki müavini Tofiq Yaqublunun dərhal azadlığa buraxılması barədə qərar çıxardı. Qərarda İsmayıllı hadisələrinə görə 5 il müddətinə azadlıqdan məhrum edilən vicdan məhbusuna 24 min avro ödənilməsi də tələb olunur.

Qeyd edək ki, bundan öncə də AİHM jurnalist Eynulla Fətullayev, hazırda həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov və REAL sədri İlqar Məmmədov barədə də bu cür qərar çıxarıb. Amma şahidi olduğumuz praktika onu deməyə əsas verir ki, hakimiyyət daha çox bu cür qərarlardan sonra dirəniş göstərir. İndiyə qədər AİHM-in siyasi məhbuslarla bağlı qəbul etdiyi qərarın onların azadlığa buraxılmalarına bir o qədər də ciddi təsiri olmayıb. Təkcə Eynulla Fətullayevi misal çəkmək kifayət edər. Məhz AİHM-in onun barəsindəki qərarından sonra həbsxanada ona qarşı narkotik ittihamı da irəli sürülmüşdü. Əli İnsanov və İlqar Məmmədovun da hazırda həbsdə olduqlarını nəzərə alsaq, dediklərimiz öz təsdiqini tapır…

Maraqlıdır, T.Yaqublu barəsindəki qərar onun azadlığa buraxılmasına təsir edəcəkmi?

Başqan müavininin qızı Nigar Yaqublu atasının bu qərardan sonra azadlığa qovuşacağına inanmır: “Sözsüz ki, qərarın bizim üçün böyük əhəmiyyəti var. Bunu Tofiq Yaqublunun ilk qələbəsi saymaq olar. Azərbaycanda heç bir məhkəmə sistemindən ədalətli qərar gözləmirik. Yalnız ümidimiz Avropa Məhkəməsinə idi. Gecikmiş olsa da, Avropa Məhkəməsi ümidimizi doğrultdu. Buna görə təşəkkür edirik. Ən doğru qərarı verdi. Qərarın icra olunması məsələsinə gəlincə, o qədər də sadəlövh deyiləm. Çünki həmin qərar İlqar Məmmədov və Əli İnsanov barəsində də var. Həmin qərarlar icra olunmamış qalır. Bu da əsas verir ki, Tofiq Yaqublunun yaxınlarda azadlığa çıxmasına ümid etmək olmaz”.

T.Yaqublunun vəkili Nemət Kərimli qərar barədə bunları dedi: “Avropa Məhkəməsinə verilən şikayət Avropa İnsan Hüquqları haqqında Konvensiyanın 5-ci maddəsi ilə bağlı idi. Azadlıq hüququnun toxunulmazlığı ilə əlaqədar. Qərar onu sübut etdi ki, Tofiq bəyin həbsi qanunsuzdur. Onun azadlıq hüququnun pozulması tanındı. 24 min avro dəyərində kompensasiya nəzərdə tutuldu. Hakimiyyət bu cür qərarları icra etməkdən imtina edir. İlqar Məmmədov nümunəsini xatırlayaq. Hətta onunla bağlı Nazirlər Kabinetinin də qərarı var. Hesab etmirəm ki, qərar təsir edəcək”.

Hüquq müdafiəçisi Arzu Abdullayeva qərarın verdiyi müsbət amillərdən danışdı: “Bu qərara çox sevindim. Bu qərar ona görə yaxşıdır ki, biz artıq qanuni çərçivədə onu daha çox müdafiə edə bilərik. Onun azadlığa çıxması məsələsini ortaya qoya bilərik. Artıq İlqar Məmmədov üçün kampaniyaya başlayırıq. Tofiq Yaqublu məsələsini də birgə gündəmə gətirəcəyik. İnsan haqları ilə bağlı noyabrın 10-da dəyirmi masa olacaq. Yeni qərarımızı orada bəyan edəcəyik. Açığı, indiyə qədər belə qərarlara bir o qədər də əhəmiyyət verilmirdi. Amma indi Avropa Şurası ilə Azərbaycanın münasibəti dəyişməlidir. Çünki Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı qərarı olub. Azərbaycan hakimiyyəti elan edib ki, bu bizim qələbəmizdir. Vəziyyət dəyişəcək. İqtidarın münasibətində də dəyişiklik olacaq. Beynəlxalq təşkilatlar bu qərardan sonra daha fəal olmalıdırlar. Bu, artıq onların üzərlərinə götürdükləri bir öhdəlikdir. Belə bir qərar verildiyi zaman quruma daxil olan ölkələr qərarı dəstəkləyirlər. Çünki belə bir öhdəlik götürüblər”.

Qeyd edək ki, Tofiq Yaqublu REAL sədri İlqar Məmmədovla birlikdə 2013-cü ilin yanvarında baş verən İsmayıllı hadisələrinə görə həbs ediliblər. İ.Məmmədov 7, T.Yaqublu isə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın