Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Avropa İttifaqının Cənubi Qafqazdakı iqtisadi maraqları Azərbaycanın məqsədləri ilə üst-üstə düşür- TƏHLİL

Avropa İttifaqının Cənubi Qafqazdakı iqtisadi maraqları Azərbaycanın məqsədləri ilə üst-üstə düşür- TƏHLİL

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Cənubi Qafqaza səfərinin bölgə və dünya mediasında geniş müzakirələri davam edir. Xüsusilə Ermənistan və Azərbaycana olunan səfərlərdə səsləndirilən fikirlər müxtəlif mərkəzlər, ekspertlər  tərəfindən şərh olunur.

Məlumdur ki, Avropa İttifaqı bir neçə həftə əvvəl Gürcüstan, Ermənistan və Azərbaycana ayıracağı maliyyə dəstəyinə dair məlumatı açıqlayıb. Bu məlumatdan aydın olub ki, növbəti 5 ildə Aİ Ermənistana 2,6 milyard dollar, Azərbaycana isə 200 milyon dollar civarında vəsait sərf etmək niyyətindədir. Ayrılacaq vəsaitlərin məbləğindəki bu kəskin fərqi bir çox ekspertlər Aİ-nin ikili yanaşmasının nümunəsi kimi dəyərləndiriblər. Lakin Şarl Mişelin səfəri göstərir ki, ayrılan vəsaitlərin həcmi ölkələrin Aİ üçün önəminə görə deyil, ehtiyaclarına, maliyyə vəziyyətlərinə uyğundur. Azərbaycan Avropa İttifaqının bölgədə ən böyük ticarət tərəfdaşıdır. 2021-ci ilin birinci yarısında Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 5 milyard 550 milyon dollar təşkil edib. Bunun 4 milyard 479 milyon dolları Azərbaycanın ixracının,   1 milyard 71 milyon dolları isə idxalının payına düşüb. Ötən il isə qarşılıqlı ticarətin həcmi 9,5 milyard dollara çatıb.

Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə Ermənistanla Aİ arasındakı ticarət dövriyyəsinin həcmi 2019-cu ilə nisbətən, təxminən 100 milyon dollar azalmaqla 1,5 milyard dollara yaxın olub. Avropa İttifaqı ilə geniş tərəfdaşlıq sazişi imzalayan Ermənistanın Birliklə ticarətinin həcmindəki azalma yalnız koronavirus pandemiyası ilə bağlı deyil. Belə ki, azalma 2019-cu ildən başlayıb – həmin ildəki qarşılıqlı ticarət 2018-ci ilə nisbətən 7,6 faiz azalmışdı.

Azərbaycanla Aİ arasındakı ticari münasibətlər strateji əhəmiyyət daşıması ilə Ermənistanla qurulan münasibətlərdən kəskin fərqlənir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinə, enerji mənbələrinin diversifikasiyası siyasətinə böyük dəstək verən ölkədir. Azərbaycan öz qazını Avropa bazarına çıxarmaqla Şərqi Avropa ölkələrinin Rusiyadan asılılığının azalmasına mühüm töhfə verir. Bu, həm də Avropa İttifaqının siyasi problemlərinin azalmasına dəstək verməkdir: Şərqi Avropa, Balkan ölkələri ilə Rusiya arasında qaz təchizatı məsələlərinə görə vaxtaşırı yaranan siyasi böhranların həlli kimi başağrısından qurtulur.

Azərbaycan Avropa şirkətlərinin ölkə iqtisadiyyatında iştirakına şərait yaradır. Hazırda Avropa İttifaqına üzv olan ölkələrin 1700-dən yuxarı şirkəti Azərbaycanda fəaliyyət göstərir. Onlar yalnız neft-qaz deyil, iqtisadiyyatın maliyyə-bank, istehsal, təchizat və sair sahələrində aktiv işləyirlər.

Azərbaycan Asiyadan Avropaya və əksinə uzanan mühüm ticarət yollarının keçdiyi ölkədir. Özü də elə bir ölkə ki, heç bir maliyyə dəstəyi olmadan bu yolların işləməsi üçün zəruri olan infrastrukturu yaradır. Təsadüfi deyil ki, Aİ-nin Azərbaycanda dəstək verəcəyi 5 istiqamətdən ikisi məhz mövcud infrastrukturların ən müasir texnoloji inkişaf səviyyəsinə çatdırılmasını nəzərdə tutur. Belə ki,  beş istiqamət arasında Yaşıl Bakı limanına dəstək birinci yerdə qərarlaşıb. Avropa Komissiyasının “Şərq Tərəfdaşlığı” Proqramının “Bərpa, davamlılıq və islahat” başlığı ilə dərc olunmuş növbəti işçi sənədində qeyd edilir ki, Ələtdəki yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı qərb (Türkiyə və Aİ), cənub (İran və Hindistan) və şimalı (Rusiya və Şimali Avropa) birləşdirən nəqliyyat qovşağı, Xəzər dənizinin ən iri və ən məşğul limanıdır. Eyni zamanda regionun ilk rəsmi ekoloji limanı  olan Bakı limanı Aİ tərəfindən dəstəklənir.

Qeyd edilir ki, bu istiqamət çərçivəsində limanın yaşıllaşdırılması və dayanıqlı qovşağa çevrilməsi işinə dəstək veriləcək. Bu təşəbbüs üçün ayrılan sərmayənin həcmi 10 milyon avro təşkil edəcək. Vəsait qrant, kredit, qarantiyalar və bunların qarışığı şəklində ayrılacaq.

Sənəddə dəstək göstəriləcək ikinci istiqamət kimi rəqəmsal nəqliyyat dəhlizinin formalaşdırılması yer alır. Sənəddə deyilir ki, Azərbaycan istər Şimal-Cənub, istərsə də Şərq-Qərb dəhlizinə böyük sərmayə qoyub. Bura Bakı-Tiflis-Qars dəmir yolu və yeni dəniz ticarət limanı da daxildir. Bu təşəbbüs çərçivəsində Azərbaycandakı nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılmasına, o cümlədən peyk naviqasiya xidmətləri, yükdaşıma xərclərinin azaldılmasına yardım ediləcək. Bu istiqamət üçün ayrılan büdcə də 10 milyon avro təşkil edir.

Bu prioritetləri Şarl Mişelin Azərbaycandakı səfər proqramından da aydın görmək olur. O, Azərbaycana səfəri çərçivəsində “Azərkosmos” ASC-ni ziyarət edib, İpək yolu və Ələt Azad İqtisadi zonası ilə bağlı təqdimatlarda iştirak edib. Şarl Mişelin aşağıdakı fikirləri Ermənistanla Azərbaycanın Avropa Birliyi ilə  münasibətlərindəki fərqi açıq şəkildə ortaya qoyur: “Biz anlayırıq ki, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq, əsasən, maliyyə dəstəyinə əsaslanan işbirliyi deyil. Əksinə, bu, birgə iş aparmaq istəyinə, innovasiyalara, texnoloji mübadilələrə və iqtisadi əməkdaşlığa əsaslanan tərəfdaşlıqdır. Məhz bu ruhda iqtisadi inkişaf baxımından Avropa İttifaqının hesab etdiyi iki prioritet – iqlim dəyişməsi və rəqəmsal inqilab birgə başladığımız layihələrin əsasında olmalıdır”.

Aİ 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni status-kvonu qəbul edir, Azərbaycanın davamlı sülh üçün irəliyə baxmaq təşəbbüsünü dəstəkləyir. Bu baxımdan, İttifaqın Azərbaycanın işğaldan azad olunmuş ərazilərində “smart village” kimi müasir texnoloji əsaslara malik layihələrdə iştirak istəyi xüsusi diqqət cəlb edir.

Həmçinin Aİ Azərbaycanın Zəngəzur nəqliyyat dəhlizi ilə bağlı fəaliyyətlərini də dəstəkləməyə meylli görünür. Şimal-Cənub nəqliyyat dəhlizi üzrə Ermənistan ərazisindəki infrastruktura yüz milyonlarla dollar xərcləməkdənsə, Aİ üçün Azərbaycanın öz vəsaiti hesabına yaradacağı infrastrukturdan bəhrələnmək daha sərfəlidir. Məlumdur ki, Ermənistan Şimal-Cənub nəqliyyat dəhlizinin öz ərazisindən keçməsi üçün infrastruktur yaratmağa Aİ-dən 500 milyon dollar almağa çalışır. Azərbaycan isə artıq öz ərazisində zəruri olan bütün infrastrukturu yaradıb. İyun ayında Avropadan Hindistana gedən ilk yük qatarı ölkəmizdən keçərək mənzilbaşına çatıb.  Dəhlizin Azərbaycan üzərindən və Ermənistan ərazisindən keçməklə yeni marşrutunun işə salınması üçün Bakının öz maliyyə mənbələrindən istifadə edəcəyi aydın məsələdir. Bu halda Aİ Ermənistan ərazisində hər hansı infrastrukturu maliyyələşdirmək məcburiyyətində qalmayacaq. Bütün bunlar Aİ-nin Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışan Ermənistanın konstruktiv mövqe tutmasına, Azərbaycanla bölgədə davamlı sülhü təmin edəcək müqaviləni imzalamasına yönəlmiş siyasət yürütməsini zəruri edir.

Azərbaycan azad edilmiş torpaqlarında bərpa prosesini iqlim dəyişmələrinə qarşı mübarizə tədbirləri baxımından ən müasir texnologiyaların tətbiqi yolu ilə həyata keçirməyə başlayıb. Bu isə Aİ-nin qlobal iqlim dəyişikliklərinə qarşı mübarizə çağırışları ilə səsləşir. Avropa şirkətlərindən biri artıq azad olunmuş ərazilərimizdə alternativ enerji istehsalı stansiyasının tikintisini həyata keçirir. Zəngilan rayonunda ilk ağıllı kəndin yaradılmasına da Avropa şirkətləri cəlb olunub. Bütün bunlar göstərir ki, bölgədə davamlı sülhün olması Aİ-nin yalnız siyasi deyil, iqtisadi maraqlarına da cavab verir. Bu baxımdan, Avropa strukturlarının Ermənistana zəruri təsirləri göstərməsi mühüm əhəmiyyət kəsb edir.

Musavat.com

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …