Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Avropa İttifaqı ilə ikitərəfli saziş Ermənistanı blokadadan çıxaracaq? – TƏHLİL

Avropa İttifaqı ilə ikitərəfli saziş Ermənistanı blokadadan çıxaracaq? – TƏHLİL

Xəbər verdiyimiz kimi, Brüsseldə Avropa İttifaqının V Şərq Tərəfdaşlığı Sammiti keçirilib. 6 postsovet respublikası (Ermənistan, Belarus, Moldova, Gürcüstan, Ukrayna, Azərbaycan) və Avropa İttifaqı arasında “Şərq Tərəfdaşlığı” Sammitinin nəticələri son günlərin əsas müzakirə predmetidir.

Diqqəti çəkən əsas məqam ondan ibarətdir ki, sammitdə Avrasiya İttifaqına üzv olan Ermənistan rəsmi Brüssellə əməkdaşlığın genişləndirilməsi ilə bağlı çərçivə sazişinə imza atdı. Ermənistanın Brüsseldə saziş imzalamasından bəhs edən bəzi ekspertlər, işğalçı ölkənin bununla önə keçə biləcəyini, üstəlik blokadadan xilas olacağını düşünürlər. Ancaq əks arqumentlər söyləyib rəsmi Bakının Brüsseldə ərazi bütövlüyü ilə bağlı hədəflərinə çatdığını vurğulayanlar da var.

İstənilən halda Brüsel sammiti ciddi müzakirələrə səbəb olub. Vurğulayaq ki, rəsmi Bakı ilə Brüssel arasında sazişin mətni hələ hazırlıq mərhələsindədir və gələn ilin ortalarına qədər imzalanması planlaşdırılır. Sammitdə prezident İlham Əliyevin çıxışı da göstərdi ki, rəsmi Bakı Azərbaycanla Avropa İttifaqı arasında inteqrasiyanın gücləndirməsinə çalışır.

İrəvanın Aİ ilə saziş imzalamasına baxmayaraq, araşdırmaçılar əmindirlər ki, Avropa İttifaqı üçün Azərbaycan Ermənistandan daha vacib tərəfdaşdır. Brüsel sammitində Aİ və rəsmi Bakı arasında Trans-Avropa Nəqliyyat Şəbəkəsinə dair sənəd imzalanması da deyilənlərə bir sübutdur.

Onu da vurğulamaq lazım gəlir ki, sammitin birgə bəyannaməsində Avropa İttifaqı bütün tərəfdaşlarının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini dəstəklədiyini açıqladı. Bundan başqa sammit iştirakçıları dünyanın bir çox yerində beynəlxalq hüququn prinsiplərinin pozulmasının hələ də davam etməsi ilə bağlı dərin narahatlıqlarını ifadə etdilər və sammit iştirakçılarını regionda həll edilməmiş münaqişələrin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun sülh yolu ilə həllini təşviq edən səylərin artırılmasına çağırdılar.

Qeyd edək ki, Aİ ilə bağlanan müqavilə, 2022-ci ilə qədər İrəvana 116 milyon avro əvəzsiz yardımı, həmçinin nəqliyyat, siyasət, energetika, ekologiya ticarət və investisiya sahəsində əməkdaşlığı nəzərdə tutur. İrəvanda sadəlövhcəsinə inanırlar ki, Avropa İttifaqı ilə ikitərəfli saziş Ermənistanı blokadadan çıxara bilər. Ermənistanın blokadadan çıxması üçün yeganə çıxış yolu bu ölkənin işğala son qoyması və Azərbaycanla, Türkiyə ilə münasibətlərini bərpa edərək regional layihələrə bu və ya digər şəkildə qatılmasıdır.

Bununla yanaşı, Azərbaycanın da Avropa İttifaqı ilə danışıqları intensivləşdirməsi və ikitərəfli sazişin tez bir zamanda imzalanması zərurəti yaranıb. Qərbdə də anlayırlar ki, Ermənistan Avropa İttifaqı ilə münasibətlərini Rusiyanın razılığı ilə inkişaf etdirir. İrəvanın Brüseldə imzaladığı saziş ermənilərə Avrasiya İttifaqının tərkibində ola-ola Avropadan maliyyə yardımı almağa və qanunvericiliyini Avropa standartlarına uyğunlaşdırmağa imkan verəcək.

“Şərq Tərəfdaşlığı” proqramı Avropa İttifaqının yeni layihələrindən biridir. Proqram 2008-ci ilin mayında İttifaqın üzvləri olan Polşa və İsveç tərəfindən irəli sürülüb. “Şərq Tərəfdaşlığı” proqramının əsası 2009-cu ildə Praqada qoyulub. Proqram Avropa İttifaqı və altı tərəfdaş ölkə (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) ilə münasibətlərin gücləndirilməsi üçün yeni təşəbbüsdür.

“Şərq Tərəfdaşlığı”nın əsas hədəfi 6 postsovet respublikasını Avropa İttifaqına daha da yaxınlaşdırmaq, sabitlik, yaxşı idarəçilik və iqtisadi inkişafı təşviq etməkdir. Bu təşəbbüs demokratiya, qanunun aliliyi, insan hüquqlarına və əsas azadlıqlara hörmət, bazar iqtisadiyyatı və davamlı inkişaf kimi ümumi dəyərlərə əsaslanır.

Əslində, Azərbaycanın və “Şərq Tərəfdaşlığı” proqramımına qoşulmuş digər ölkələrin, Baltikyanı üç keçmiş sovet respublikası kimi Avropa İttifaqına üzv olmamasının və ya bu 6 dövlətin hamısı ilə assosiativ üzvlüyə dair sazişin imzalanmamasının əsas səbəbi deyilməyəcək dərəcədə aydındır. Bu proqramın hədəflərinin 6 dövlətdə də həyata keçməsi mümkündür və əlbəttə, məsələ Baltikyanı ölkələrdən — Latviya, Litva və Estoniyadan heç də çətin reallaşmaz.

Beləliklə, “Şərq Tərəfdaşlığı” sammiti Azərbaycan üçün bir daha bu amillərin vacibliyini təsdiqlədi – Bakı Avropaya inteqrasiyadan imtina edilməyib, əksinə bu istiqamətdə əməkdaşlığın inkişafında maraqlıdır, ölkənin ərazi bütövlüyünün təmin olunması Bakının başlıca problemidir, Avropanın enerji təhlükəsizliyinin qorunmasında aparıcı rollardan birini məhz Bakı oynamaqda davam edəcək.

Brüsel sammitini Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi istiqamətində atılan əhəmiyyətli diplomatik addım da saymaq olar. Bakı Avropaya inteqrasiyada maarqlıdır. Lakin Qarabağ probleminin mövcudluğu bölgə üçün vacib olan layihələrin realizə olunmasına maneçilik törədir və bu məsələdə bir müqəssir mövcuddur – Ermənistan… (Sputnik)

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …