Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Atası komada olan jurnalist: “İmkanlar tükənib, xəstəxanaya 8 min manat borcumuz yaranıb”

Atası komada olan jurnalist: “İmkanlar tükənib, xəstəxanaya 8 min manat borcumuz yaranıb”

Tanınmış jurnalist İmdad Əlizadənin atası artıq 6 aydır ki, Mərkəzi Kliniki xəstəxanada komadadır. Vaxtilə 54 gün erməni mühasirəsində qalmış müəllim, yazıçı-publisist Əli Əliyev bu ilin bu günündə – fevralın 14-də Bakıda məskunlaşdığı uşaq bağçasından çıxıb İsmayıllı rayonuna həmkəndlisinin hüzr mərasiminə gedərkən ağır qəza düşüb. “Koroğlu” metrostansiyası yaxınlığında yolu keçərkən onu avtomobil vurub. Ağır kəllə-beyin travması alan 70 yaşlı Əli Əliyev artıq 1 ildir ki, ağır durumdadır.

Moderator.az saytına açıqlama verən jurnalist İmdad Əlizadə hadisədən bir il ötməyinə baxmayaraq, koma vəziyyətinin davam etdiyini söyləyir:

“Fevralın 14-də atamı avtomobil vurmasından 1 il ötür. Qəza baş verən andan atam komaya düşüb və hələ də komadadı. Hazırda “Avrasiya” hospitalda müalicəsi davam edir. İlk vaxtlarla müqayisədə səhhətində cüzi irəliləyişlər var, indi çağıranda gözlərinin ikisini də açır, əlimizdən tutur, bədəninin fiziki hərəkətliliyi artıb. Amma həkimlər bunu ciddi dəyişiklik kimi qəbul etmirlər, koma vəziyyətinin davam etdiyini bildirirlər.

İ. Əlizadənin sözlərinə görə, tibbi personal bu durumun nə qədər davam edəcəyini və nəticəsinin necə olacağını bilməsələr də, səbr etməyi məsləhət görür:

“Atamı indiyə qədər 30-a yaxın həkim müayinə edib. O cümlədən, Almaniyanın bir neçə professoru, Türkiyənin aparıcı xəstəxanalarının tanınmış həkimləri, Rusiyanın Neyrocərrahiyyə İnstitutunun akademik olan direktoru, Moldovanın Neyrocərrahiyyə İnstitutunun kafedra müdiri, akademik Stanislav Qroppa atamın MRT və digər müayinələrin nəticələrinə baxıblar. Bundan başqa, Türkiyədən gəlmiş həkim atamı müayinə edib. Atamın durumu ilə bağlı bütün həkimlərin rəyi eynidi. Həkimlər deyirlər ki, xəsarəti ağırdı, amma ümidsiz xəstə deyil. Ona görə də səbrlə gözləmək lazımdı. Amma bu vəziyyətin nə qədər davam edəcəyini və nəticəsinin necə olacağını heç kim bilmir. Biz də bir ildi ümid və səbrlə möcüzənin baş verəcəyini və atamın komadan ayılacağını gözləyirik”.

Əli Əliyevin bir ildir ki, özəl xəstəxanada koma durumunda olması ailəsinə maddi və mənəvi cəhətdən böyük çətinliklər yaşadıb. Təəssüf ki, problem indi də davam edir. Ailənin isə xəstəxanaya olan borcu durmadan artır:

“Hazırda vəziyyət çox çətindi. Bu bir ilin 8 günü istisna olmaqla atam daim özəl xəstəxanalarda (7 ay Mərkəzi Klinik Xəstəxanada, 5 aya yaxındı isə “Avrasiya” hospitalda) müalicə olunub. Bizim ailə Laçın rayonundan məcburi köçkündür, Bakının Xətai rayonunda yerləşən 242 saylı uşaq bağçasında məskunlaşıb. Təbii ki, atamın özəl xəstəxanada müalicə olunmasının xərclərini ödəməyə imkanımız yox idi və bu gün də yoxdu. Bu işdə bizə dəstək olan hər kəsə təşəkkür edirəm. İki dəfə atamın kitabının satış aksiyasını keçirdik və oradan toplanan vəsaiti müalicə xərclərinə yönəltdik. Bu müddət ərzində dostlar, qohum-əqrəba dəstəklərini əsirgəməyiblər, əllərindən gələn köməkliyi göstəriblər.
İndi isə bütün imkanlar tükənib. “Avrasiya” hospitala 8 min manat borcumuz yaranıb. Bu borcu necə ödəyəcəyimizi bilmirik. “Avrasiya” xəstəxanası özəl müəssisə olduğuna görə müalicə xərclərini ödəməkdən başqa yolumuz yoxdu. Amma buna maddi imkanımız çatmır. Yenə də dostların dəstəyinə ümid edirik”.

Ailəni çıxılmaz vəziyyətə salan başqa səbəb isə Ə.Əliyevin ev şəraitində qəti müalicə ala bilməməsidir. Koma durumunda olan xəstə üçün nəinki evdə, heç əksər dövlət xəstəxanalarında belə lazımı şərait yoxdur:

“Vəziyyət isə ilk günlər olduğu kimi ağırdı. Ya pul tapmalıyıq ki, atamın xəstəxanada müalicəsi davam etsin və komadan ayılmaq ümidi yaşasın, ya da evə aparıb oturub ölümü gözləməliyik. Çünki mənim atam kimi xəstələr ev şəraitində çox qalmır. Atam bu gün də reanimasiya müalicə olunur və 24 saat həkim-tibb bacısı nəzarətində olur. Atam müalicəsi üçün uyğun şərait yalnız özəl xəstəxanalarda var. Dövlətdən şikayətimiz olmasa da, bu bir həqiqətdir ki, dövlət xəstəxanalarında atamın müalicəsi üçün uyğun şərait yoxdu. Atam mütləq özəl xəstəxanalardan birində müalicəsini davam etdirməlidir. Buna isə maddi imkanımız yoxdu. Ona görə də necə edəcəyimizi bilmirik, çətinlik bizi qeyri-müəyyən vəziyyətə salıb”.

Amma İmdad Əlizadə və ailəsini ən çox narazı salan məqam atasına avtomobillə xəsarət yetirən şəxs və onun yaxınlarıdır. Qarşı tərəf təəssüf ki, məsələnin nə maddi, nə mənəvi, nə də hüquqi məsuliyyətini dərk edir:

“Bizim narazılığımız atamı avtomobillə vurub bu duruma salan sürücü və onun ailə üzvlərindəndir. Onlar insani keyfiyyətlərdən çox uzaq adamlardır. Bir il ərzində etdikləri hərəkətlər bunu deməyimizə tam əsas verir. Sürücü indiyə qədər müalicə xərclərinin yalnız 3 faizini ödəyib. O və ailəsi nə etdikləri hərəkətin mənəvi məsuliyyətini dərk edir, nə atamın vəziyyətini, nə bizim ailənin durumunu nəzərə alır, nə də qanunları sayırlar”.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın