Ana səhifə / Siyasət / Astara, Zaqatala və Şəkidə yenə şəhid cənazələri…

Astara, Zaqatala və Şəkidə yenə şəhid cənazələri…

Bu gün daha üç rayonda cəbhədəki döyüşlərdə şəhid olmuş Azərbaycan hərbçilərinin dəfn mərasimləri olub. Beynəlxalq Qırmızı Xaçın vasitəçiliyi ilə tərəflər arasında cəsədlərin dəyişdirilməsi həyata keçirildikdən sonra daha 13 hərbçimizin cənazələri dəfn olunmaq üçün ailələrinə təhvil verilib.

Azərbaycan Ordusunun şəhid olan giziri, 35 yaşlı Pəncəli Nurməmməd oğlu Teymurov bu gün doğulduğu Astara rayonunun Əzərüd kəndində torpağa tapşırılıb. Dəfn mərasimində Müdafiə Nazirliyinin (MN), Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX), Rayon İcra Hakimiyyətinin (RİH) rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Mərasimdə 1999-cu ildən hərbi xidmətdə olan Pəncəli Teymurovun 2015-ci ildə ölkə Prezidenti tərəfindən “İgidliyə görə” medalı ilə təltif olunduğu bildirilib.

Azərbaycan ordusunun 27 yaşlı zabiti baş-leytenant Elnur İsgəndər oğlu İsgəndərovun cənazəsi isə  doğulduğu Şəki şəhərində böyük izdihamla torpağa tapşırılıb. Dəfn mərasimində rayon rəhbərliyi, şəhər sakinləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Şəki rayon şöbəsinin əməkdaşları, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak ediblər. Mərasimdə çıxış edənlər şəhidin yaxınlarına Allahdan rəhmət diləyib, onun qanının yerdə qalmayacağını söyləyiblər.

Şəhidin dəfnindən sonra xatirəsinə yaylım atəşi açılıb və Azərbaycan bayrağı şəhidin atasına verilib.Şəhid baş-leytenant E.İsgəndərov ailəli olub və bir körpə övladı var.

Zaqatala rayonunda isə 23 yaşlı şəhid Sərxan Oqtay oğlu Bayramovun cənazəsi torpağa tapşırılıb. Dəfn mərasimində Müdafiə Nazirliyinin (MN),Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX ), Zaqatala Rayon İcra Hakimiyyətinin (RİH) rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidin dəfninə gələn insanlar “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı səsləndiriblər.  Şəhid yaylım atəşləri altında son mənzilə yola salınıb. Tabuta bükülmüş Azərbaycanın üçrəngli bayrağı şəhidin atasına təqdim olunub. (“Report”un xəbərləri əsasında)

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın