Ana səhifə / Siyasət / AŞPA Azərbaycan əleyhinə qətnamə hazırlayıb – ŞƏRH

AŞPA Azərbaycan əleyhinə qətnamə hazırlayıb – ŞƏRH

Avropa Şurası Parlament Assambleyasının oktyabrın 12-də payız sessiyası başa çatdıqdan sonra Azərbaycanla Avropa Şurası arasındakı əlaqələrin yenidən korlana biləcəyi ehtimalları yaranıb. Buna səbəb də Rasmus Vesterqaard Madzehin rəhbərliyi ilə AŞ PA-nın 25 üzvünün ölkəmiz əleyhinə qətnamə hazırlamasıdır. Qətnamədə Azərbaycanda insan hüquqlarının pozulduğu və korrupsiya hallarının olduğu bildirilir.

Bu isə Azərbaycan-AŞ əlaqələrini yenidən gərginləşdirə bilər.

Hüquqşünas Əliməmməd Nuriyev “Yeni Müsavat”a açıqlamasında Avropa Şurasında müxtəlif ölkələrdən olan bir qrup deputatın ölkəmizə qarşı qərəzli olduqlarını qeyd etdi: “Bu qərəzin formalaşmasına öncəliklə onların bağlı olduqları maliyyə, iqtisadi və siyasi mərkəzlər təsir göstərirlər. Bəllidir ki, onlar müəyyən mərkəzlərin təsiri altında fəaliyyət göstərirlər. Onlar həm də bunun müqabilində böyük qrantlar alırlar. Müxtəlif maliyyə qruplarının təsiri altında olmaları da ehtimal edilir. Onlar Azərbaycanla münasibətlərin heç zaman yaxşılaşmasının fərqində olmayıblar. Ölkəmizdə həyata keçirilən tədbirləri anlamırlar,  yaxud da anlayıb başa düşmək istəmirlər. Onlar məlumatlıdırlar ki, Azərbaycanda cəzaların humanistləşdirilməsi ilə bağlı çox mühüm addımlar atılır, verilən əfv sərəncamları ilə çoxlu sayda məhbus azadlığına qovuşur. Bu gün Azərbaycanda insan hüquqları və azadlıqları ilə bağlı ciddi problemlər yoxdur. Ayrı-ayrı şəxslərə məmurlar səviyyəsində münasibətdə müəyyən problemlər var. Bu da dünyanın hər yerində mövcuddur ki, bəzi hallarda qanunsuz qərarlar qəbul edilir. Bu baxımdan bəzi şəxslərin hüquq və azadlıqlarının pozulmasında müəyyən problemlər ola bilər. Bunun bərpası üçün də müxtəlif qurumlar, orqanlar ölkəmizdə fəaliyyət göstərirlər. Son zamanlar rəqəmsal hökumətə keçidlə bağlı ciddi qərarlar qəbul olunub, iqtisadi islahatlar dərinləşir, siyasi islahatlar davam edir, təsisatlar yenilənir. Əsas məqsəd Azərbaycan insanının vəziyyətini daha da yaxşılaşdırmaq və ona keyfiyyətli xidmət etməkdir. Korrupsiya ilə bağlı məsələdə onlar hər zaman naşı olublar. Bu qətnamə bir daha onu göstərdi. Çünki Azərbaycanda son illərdə əsas görülən işlərdən biri korrupsiyaya qarşı mübarizə olub. ”ASAN Xidmət” sisteminin digər dövlət orqanlarında yaradılması korrupsiya sövdələşmələrinin   qarşısını almağa xidmət etmirmi? Gömrük orqanlarında da çox böyük islahatlar həyata keçirilir. Vergi orqanlarında da görülən işlər hamıya məlumdur. Cənab prezident hər zaman deyir  ki, ölkəyə beynəlxalq təcrübəni gətirmək lazımdır. Regionların inkişafı ilə bağlı da çox mühüm qərarlar qəbul olunub. Bütün bunlar xalqa xidmət deyil, nədir? Hökumətin hesabatlılıq səviyyəsi getdikcə dərinləşir. Son aylarda Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən bir çox vəzifəli şəxslər korrupsiyaya hallarına yol verdikləri üçün həbs ediliblər, məsuliyyətə cəlb olunublar. Bəzi hakimlərin fəaliyyətinə xitam verilib. Bütün bunlar korrupsiyaya qarşı mübarizənin siyasi iradə baxımından göstəricisidir. Eyni zamanda vətəndaş cəmiyyəti ilə əlaqələr, işlər genişləndirilib. Azərbaycan prezidentinin korrupsiyaya qarşı sərgilədiyi mövqe ortadadır. Son günlərdəki çıxışlarının hər birində cənab prezident korrupsiyaya qarşı mübarizəni ən prioritet alətə çevirib. Bu proseslər davam edəcək”.

Hüquqşünas Əliməmməd Nuriyev ile ilgili görsel sonucu

Hüquqşünas Azərbaycanda və ölkə kənarında yaşayan bəzi şəxslərin belə qətnamələrin hazırlanmasında rollarının olduğunu da söylədi: “Azərbaycanda və ölkə kənarında yaşayan, xarici ölkələrə qaçmış bəzi şəxslər var ki, beynəlxalq qurumlara yalan məlumatlar göndərməklə məşğuldurlar. Onlarla birgə çalışırlar. Çünki qrantların birgə mənimsənilməsi prosesi baş verir. Hər zaman arzu edirlər ki, Azərbaycanda vəziyyət pisləşsin və onlar da daha çox qrant əldə etsinlər. Aparılan bu cür fəaliyyətlər cəmiyyətimiz tərəfindən birmənalı pislənilir. Onlar səviyyəsizlikdən başqa bir üsul tapa bilmirlər. Əlaltılarının uğursuz olduqlarını gördükləri zaman həmin 25 deputat səviyyəsində olanlar özləri hərəkətə keçirlər. Ölkəmizdə görülən işlər onların bazarını öldürür. Azərbaycanda iflasa uğrayan əlaltılarını yenidən ətə-qana gətirmək istəyirlər. Amma bu məsələlər alınmayacaq. Azərbaycanda görülən işlər kiminsə xoşuna gəlmək üçün edilmir. Dövlətimizin əsas məqsədlərindən biri insanlarımızın hüquq və azadlıqlarını təmin etməkdir. Bu islahatlar zamanın tələbidir. Boşluqlar var və bunun aradan qaldırılması üçün ortada görülən işlər mövcuddur. Bütün bunlar bəzi qüvvələri narahat etməyə bilməz. Həmin qrupların bir hissəsi erməni diasporasının təsiri altındadır. Onların siyahısına baxdıqda görərsiniz ki, Dağlıq Qarabağa qanunsuz səfərlər edənlər də, erməni qruplarının təsiri altında olanlar da var. Onların fəaliyyəti iflas olacaq. Azərbaycan müstəqil siyasət aparır və bu siyasət xalqımızın, dövlətimizin maraqlarına xidmət edir. Biz beynəlxalq şəraiti də hər zaman nəzərə alırıq”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …