Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Aslan İsmayılovdan Qüdrət Həsənquluyevə –Sərt cavab

Aslan İsmayılovdan Qüdrət Həsənquluyevə –Sərt cavab

Azinforum.az tanınmış hüquqşünas-vəkil Aslan İsmayılovun FB-də paylaşdığı yazısını təqdim edir:
ASLAN İSMAYILOV

…Dünən gecə, təyin olunmuş “deputat” Qüdrət Həsənquliyevin professor İlham Rəhimov haqqındakı çərənləməsi gözümə dəydi, ancaq sona qədər oxumadım, çünki mənim üçün artist Rəfael İsgəndərovu (“Məhəllə” filmindəki aftafalı Qüdrət) oxumaq daha faydalıdır, çünki Rafael ən azından minlərlə insanı öz yaradıcılığına cəlb edə bilir. Ancaq bu gün səhər xəbərlərə baxıb Q.Həsənquliyevin hansı mətbuatlarda tirajlandığını görəndə bunun təyinatlı deputatın fikri yox, ondan deputat düzəldənlərin fikri olduğunu gördüm. Yazının məğzi və yazını tirajlayan mətbuatdan, onun arxasında kimlərin durması, bu yazıya sevinənlərin mahiyyətini bildiyimdən ətraflı münasibət bildirmək qərarına gəldim. Bu yazım Q.Həsənquliyevə yox, onu danışdıranlara, bu yazının tirajlanmasında maraqlı olanlara cavabdır.
Əminəm ki, yazını oxuyan bəzi qullar ilk olaraq öz əqidələrinə uyğun məni İlham Rəhimova yarınmaqda suçlamaq istəyəcəklər. Ona görə, yeri olmasa da, bəzi məqamları oxucuların diqqətinə çatdırmaq istəyəcəm.
İlham Rəhimovu təxminən 1990-cı illərin əvvəlindən tanısam da onunla heç vaxt yaxın münasibətim olmayıb. 1993-1994-cü illər Prezident Aparatında işlədiyim vaxtlar Ədliyyə Nazirliyi, Məhkəmə sisteminin kuratoru olsam da Ədliyyə Nazirliyi tərkibində olan Məhkəmə Ekspertizası Mərkəzinin direktoru olanda da onunla heç bir yaxınlığım olmayıb. Sonrakı vaxtlar da, artıq imkanlı olduğu dövrlər onun haqqında badə qaldıranların, maddi imkanlarından bolluca yararlananların sırasında da olmamışam. Heç vaxt özüm, ailəm, yaxınlarımla bağlı ona müraciət etməmişəm. Əksinə, vaxtilə çox etibar etdiyim, bu gün də onunla keçirdiyim vaxtlara təəssüf etdiyim birinə görə onun haqqında qərəzli olmuşam, bəzi hallarda saymamazlıq da göstərmişəm. İlham Rəhimovun Azərbaycan üçün etdiklərini hakimiyyətdə olub ondan kömək alanlar, azərbaycanlılar üçün olanları isə minlərlə Rusiyada məhz ona görə iş quranlar desə daha yaxşı olar. Mən isə özümlə bağlı olan bir neçə konkret faktı diqqətinizə çatdırmaq istəyirəm.
Aslan İsmayılovdan Qüdrət Həsənquluyevə sərt cavab
Təxminən 5 il bundan əvvəl səhər-səhər Azərbaycanda media hüquqları sahəsində tanınan bir nəfər vəkillik işi ilə bağlı mənə müraciət etdi. Elə yanındaca, səhv etmirəmsə Xətai İcra Hakimiyyətinə zəng edib haqlı tələbinə kömək edilməsini xahiş etdim. Həmin şəxs bunu gözləmədiyindən kövrəlib mənə təxminən bu sözləri dedi: “Aslan müəllim, Sizin haqqınızda eşitsəm də belə olacağını gözləmirdim. Məni tanımaya tanımaya zəng edib, sanki öz işiniz kimi xahiş etdiniz. Mən BDU-nun hüquq fakultəsini bitirmişəm. Çox imkanlı, yaxından tanıdığm bir neçə nəfərdən anadangəlmə şikəst olan 20 yaşlı oğluma kömək istədim, heç məni dinləmədilər”. Maraqlandıqda bildirdi ki, Moskvada Burdenko adına institutda uşağının effektli müalicəsi üçün 10 min ABŞ dolları lazım idi, onu da heç kimdən tapa bilməyib. Bu atanın faciəsi məni tam sarsıtdı. Çoxdan tanıdığım, Rusiyada yaşayıb, orada işləyən bir dostuma zəng edib olanları söylədim. Həmin şəxs sona qədər dinləmədən hansı hesaba köçürmə lazım olduğunu soruşdu. Həmin vəkilin telefonunu tapıb hesab nömrəsini mənə çatdırmasını xahiş etdim. Az müddət sonra hesab nömrəsini göndərdi. Bir neçə saatdan sonra dostum pulu hesaba köçürdüyünü bildirən kimi zəng edib oğlunu apara biləcəyini söylədim. Həmin şəxs qaça-qaça yanıma gəldi. Özünü itirmiş şəkildə yol pulu olmadığından bir neçə gün sonra oğlunu aparacağını bildirdi. Yenə, elə həmin günü dostumun mənə çatdırdığı əlavə min dolları da həmin şəxsə verdim. Düzü sonralar nə olduğundan heç xəbərim olmadı. Təxminən iki il əvvəl təsadüfən həmin dostumun haqsız olaraq Rusiyada vilayət rəhbərliyi tərəfindən süni şəkildə yaradılmış böyük problemlərlə üzləşdiyini bildim. Rusiya ilə bağlı daim tənqidi yazılar yazdığımdan İlham Rəhimova müraciət etmək istəmirdim. Artıq həbs təhlükəsi olduğundan onunla görüşüb indi yazdıqlarımı, dostumun Azərbaycanda bir manat qazanmadığı halda xeyriyyəçilik məqsədi ilə burada bir neçə milyonluq məktəb açdığını, həmişə separatçılığa qarşı qəti mövqe bildirdiyini söylədim. İlham Rəhimov isə mənim ona münasibətimi bilə bilə bütün çətinliklərə baxmayaraq öz bölgəsində böyük nüfuz sahibi olan dostumun problemlərini qısa müddətdə həll etdi.
Uzun olsa da, İlham Rəhimovu xarakterizə etmək üçün bir məqamı da diqqətinizə çatdırım. O məsələdən sonra da Rusiya hakimiyyətini tənqid edən bir çox yazılarım oldu. Sonuncu dəfə aprel hadisələrində Rusiyada yaşayan imkanlı azərbaycanlıları, o cümlədən İlham Rəhimovu Qarabağda baş verən hadisələrə münasibət bildirmədiklərinə görə sərt ittiham etdim. Həmin yazı ancaq mənim Facebook səhifələrimdə yüz minlər tərəfindən oxundu. Üstündən bir neçə gün keçdikdən sonra bir nəfər mənə onun haqqında haqsızlıq etdiyimi bildirdi və onun mənim yazımdan əvvəl “Yeni Musavat” qəzetində Qarabağ məsələsində əsl vətəndaş mövqeyi olan yazısını göstərdi. Düzdür səhv etdiyimə görə elə həmin gün səhifələrdə üzr istədim. Ancaq bu müddət ərzində İlham Rəhimov, yaxud onun adından kimsə mənə irad bildirməmişdi. Əminəm ki, onun yerinə bu gün haqqında kampaniya təşkil edənlər, bu kampaniyaya züy tutanlar olsalar etdiklərini gözümə soxub, haqsızlıq etdiyimə görə məni məhkəmələrdə süründürərdilər.
İndi isə ümumiləşdirilmiş şəkildə bir neçə fikrimi Q.Həsənquliyevə, həm də paxıllıq hissindən əzab çəkənlərə bildirmək istəyirəm. Bilirsiniz, bizimlə ermənilərin fərqi nədədir? Onlar xaricdə nüfuz sahibi olanları bütün vasitələrlə Vətəninə cəlb etmək istəyirlər, onlara xüsusi diqqət yetirirlər, haqqında təriflər deyirlər ki, onların nüfuzlarından istifadə edib Vətənə kömək etsinlər, ən azından pullarını Vətənlərinə yatırsınlar. Biz isə tam əksini edirik, var gücümüzlə belə şəxsləri Vətəndən iyrəndirmək üçün dəridən qabıqdan çıxırıq. Nüfuz sahibi olanları gözümçıxdıya salırıq, bütün imkanlarımızdan istifadə edib onların Vətənlərinə gəlməsini əngəlləyirik. Hətta Vətəndən kənarda olan imkanlı, nüfuzlu insanları üz-üzə qoyub bir-birilərinə qırdırırıq. Azərbaycanda Diaspora Komitəsi yaranandan az sonra Ukraynada istirahətdə olarkən mənə yaxınlaşan azərbaycanlılardan bu Komitənin onlara nə ilə kömək etmələri ilə maraqlandım və bu gün həqiqəti tam əks etdirən cavab aldım: “Aslan müəllim, bu Komitə yaranana qədər çox mehriban idik. Yaranan gündən bizim hamımızı üz-üzə qoydu”.
Sonralar xaricdə yaşayan soydaşlarımızdan bu fikri dəfələrlə eşitdim. Yadımdadır, təxminən 90-cı illərin ortalarında, həqiqətən pulsuzluq vaxtlarında Hava Limanından şəhərə gələn Vahid Ələkbərov və səhv etmirəmsə İsgəndər Xəlilovun “Azadlıq” qəzetində yol boyu işıqsızlıqdan, yolların bərbad vəziyyətdə olmasından bəhs edən tənqidi yazıları çıxmışdı. Az sonra hər ikisini gözümçıxdıya saldılar. Elə bu günlərdə Quba yəhudisi olan, Azərbaycanda heç bir işi olmayan, Rusiyada böyük imkanlar sahibi olan, orada yaşayan azərbaycanlıları işlə təmin edən, Azərbaycanı özünə Vətən sayan, heç vaxt üzünü belə görmədiyim Qod Nisanovun Ümumdünya Yəhudi Konqresinin sədri ilə Bakıya gəlişi münasibətilə biabırçı yazıların da təsadüf olmasına inanmıram. Necə olur ki, bu məmləkəti talayanların, oğruluqdan başqa heç nəyə qadir olmayanların, özlərini demirəm, balalarının Q.Nisanovdan da sayca çox cangüdənlərini görməyən mətbuatın bir gündə gözü açıldı, ədaləti gördülər. Axı bu biabırçılıqdan sonra Q.Nisanov və onun imkanlı dostları bir daha bura gəlib, ən azından milyonları Azərbaycanda xərcləyərlərmi? Vətənə bu qədər düşmənçilik, uğurlu insanlara bu qədər nifrət olarmı? Axı bura Vətən, bizlər də insanıq. Deyiləsi, yazılası o qədər fikir var ki… Tam səmimi deyirəm, belə şeyləri görəndə az qalır adamın bağrı partlaya. Vətəni, insanlığı belə lap kənara qoyub heç olmasa Uca Allahdan qorxun!
P.S. Diqqətli oxucular yəqin ki, son vaxtlar maksimum ehtiyatlı olmağa çalışdığımı görürlər. Bilirəm ki, real olaraq nəticədə heç kim müdafiə etməyəcək, ancaq bundan artıq susmaq insanlıqdan çıxmaq deməkdir…

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın