Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Siyasət / Aslan Aslanovun oğlunu öldürən şəxs Qobustanda daha bir cəza aldı – aclıq aksiyasına başladı

Aslan Aslanovun oğlunu öldürən şəxs Qobustanda daha bir cəza aldı – aclıq aksiyasına başladı

Aslan Aslanovun oğlunu öldürən şəxs həbsxanada aclıq aksiyasına başlayıb. Noyabrın 2-dən aclıq edən Vüqar Əliyev ona qarşı açılan cinayət işinə etiraz edir. Ömürlük azadlıqdan məhrum edilmiş Vüqar Əliyev həbsxanaya qanunsuz yolla telefon keçirməkdə təqsirləndirilir və onun barəsində yeni cinayət işi açılıb.
Musavat.com xəbər verir ki, kənd təsərrüfatı nazirinin müavini olmuş, daha əvvəl isə Şəmkirin icra başçısı vəzifəsində çalışmış Aslan Aslanovun oğlu Ruslanın ölümünə görə həbs edilən V.Əliyev barəsində yeni hökm çıxarılıb.

Ömürlük həbs + 1 il…

2003-cü ildən həbsdə olan və ömürlük azadlıqdan məhrum edilən Vüqar Əliyev bu dəfə CM-nin 317-2-ci (cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanasında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması və ya istifadəsi) maddəsilə təqsirli bilinib və Qaradağ Rayon Məhkəməsinin hökmü ilə daha bir il həbs cəzası alıb.
Vüqar Əliyev isə bu hökmdən şikayət verib. Onun şikayətinə noyabrın 16-da Bakı Apellyasiya Məhkəməsində baxılıb. Hakim Rizvan Səfərovun sədrlik etdiyi məhkəmə prosesində Qobustandakı qapalı həbsxanada saxlanılan Vüqar Əliyev özü də iştirak edib.

Vüqar Əliyev cinayət işinin saxta olduğunu deyir

Vüqar Əliyev ittihamın saxta olduğunu sübut edəcək faktların həbsxanadakı müşahidə kameralarının yaddaşında olduğunu deyir. Onun sözlərinə görə, həmin görüntülərə baxmaqla həqiqəti aşkara çıxarmaq olar. “Amma nə istintaqı aparan prokurorluq bu işi gördü, nə də Qaradağ Rayon Məhkəməsi”- deyə o, çıxışında deyib.rr
Vüqar Əliyev məhkəmədə bildirib ki, mobil telefonu ona həbsxana əməkdaşı verib. “Ya telefonu əlimdən aldılar, ya da buna görə atamdan pul aldılar. Daha sonra da sifariş gəldi deyə, saxta cinayət işi qaldırdılar. 2002-ci ildən mənə qarşı bu düşmənçilik davam edir. Bu işlə bağlı heç bir istintaq araşdırması getməyib, gəlib iki dəfə qol çəkdiriblər, vəssalam”- deyə V.Əliyev əlavə edib. Müşavirəyə yolnana məhkəmə hökmün dəyişdirilmədən qüvvədə saxlanıldığını açıqlayıb. Vüqar Əliyevin anası Məlahət İsmayılova da oğluna qarşı irəli sürülən yeni ittihamla razılaşmır.

“Sifarişlə adamların başına hansı oyunları açdırırlar…”

M.İsmayılova məhkəmədən sonra musavat.com-a açıqlamasında oğlu haqqında yeni cinayət işinin Aslan Aslanovun sifarişi ilə açıldığını bildirib: “Aslan Aslanovun oğlu Ədliyyə Nazirliyinin istintaq idarəsində müstəntiq işləyir. Onlar bu günə qədər bizimlə düşmənçiliyi davam etdirirlər. Hər kəs gördü ki, Lamiyə məsələsində işlərinin üstü açıldı, məlum oldu ki, bunlar sifarişlə adamların başına hansı oyunları açdırırlar. Vüqara ömürlük verdirməklə hirsləri soyumayıb, onu tamamilə məhv etməyə çalışırlar”.
V.Əliyevin anası onu da bildirib ki, oğlunun saxlanıldığı həbsxananın rəhbərliyi telefonu kimin gətirdiyini bilir, amma bunu demir: “Həbsxana rəhbərliyi telefonu hansı əməkdaşın satdığını da bilir, amma onu cəzalandırmadılar. Əksinə, həbsxananın rəisi başqa cəzaçəkmə müəssisəsinə rəis gedəndə həmin işçini də özü ilə apardı. Demək ki, öz adamıdır”.

Aclıq aksiyası…

M.İsmayılova oğlunun aclıq aksiyası keçirdiyini də söyləyib. Oğlunun haqsızlığa etiraz etdiyini deyən M.İsmayılova qeyd edib ki, Vüqar Əliyevin səhhəti ağırlaşıb: “Vüqarın səhhətində ciddi problemlər var. Amma buna baxmayaraq, onu müalicə müəssisəsinə köçürmürlər, həbsxanada tez-tez müxtəlif bəhanələrlə “kars”a salırlar. Vüqar da bu haqsızlıqlara etiraz olaraq, noyabrın 2-dən aclıq edir”.

Xatırladaq ki, Vüqar Əliyev 2003-cü ilin mayında o zaman nişanlısı olan Lamiyə Quliyeva ilə birlikdə kafedə Ruslan Aslanovu qətlə yetirməkdə təqsirli bilinərək həbs olunub. Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə hadisə baş verən zaman yetkinlik yaşına çatmadığı üçün 10 il azadlıqdan məhrum edilmişdi. Lamiyə cəzası bitəndən sonra da azadlığa buraxılmamışdı. CM-nin 317-ci maddəsilə ona yeni iş qaldırılaraq cəzası uzadılmışdı.
Ancaq Lamiyənin həbsdə olduğu zaman uşaq dünyaya gətirməsi barədə məlumatlar ictimailəşəndən sonra o, 2015-ci ilin fevralında azadlığa buraxıldı. Onu da əlavə edək ki, Vüqar Əliyevin haqqında hökmdən Avropa Məhkəməsinə şikayət olunub. Artıq kommunikasiya mərhələsi başlayıb və Avropa Məhkəməsi bu iş üzrə sualları cavablandırmaq üçün Azərbaycan hökumətinə dekabra qədər vaxt verib.

musavat.com

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın