Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Arzuxan Əlizadə: “Biz məsələnin hərbi-siyasi yolla həllinin tərəfdarıyıq”

Arzuxan Əlizadə: “Biz məsələnin hərbi-siyasi yolla həllinin tərəfdarıyıq”

12 may 1994-cü ildə Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəsin 26-cı ildönümü ilə əlaqədar separatçı qurumun “xarici işlər nazirliyi” bəyanatla çıxış edib. Bəyanat eynilə Ermənistan XİN-in sözügedən məsələ ilə bağlı bəyanatının təkrarıdır.

“Artsax”ın yaydığı bəyanatda qeyd olunur ki, separatçı qurumun danışıqlarda tərəf olması başlıca şərtdir: “12 may 1994-cü il tarixli müqavilə, münaqişənin həlli prosesində müvəffəqiyyətin iki əsas şərtdən asılı olduğunu göstərir: münaqişənin güc yolu ilə həll edilməsi ehtimalı ilə bağlı hər hansı bir xəyalların istisna edilməsi və münaqişə tərəflərinin hər biri öz adından danışıqlar apardığı tamhüquqlu üçlü danışıqların təşkili”.

Göründüyü kimi, separatçı qurumun mövqeyi tamamilə Ermənistanın mövqeyinə uyğundur və pozucu xarakter daşıyır. Əgər bu tək “Artsax”ın mövqeyi olsaydı, buna cavab verməyə ehtiyac olmazdı. Çünki separatçı qurum heç bir ölkə tərəfindən tanınmır. Ancaq məsələ ondadır ki, rəsmi İrəvanın da sözügedən məsələ ilə bağlı mövqeyi eynidir. O baxımdan ATƏT-in Minsk Qrupu Ermənistanın bu pozucu bəyanatına öz reaksiyasını verməlidir. Qurum isə bütün bunları sükutla izləyir.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr əvəzi Arzuxan Əlizadənin sözlərinə görə, ATƏT-in Minsk Qrupunun təmsilçiləri, hər zaman olduğu kimi, yenə də Ermənistanın yürütdüyü pozucu siyasəti görməzdən gəlir: “12 may 1994-cü il tarixli atəşkəs müqaviləsinin imzalanmasından bizi 26 il ayırır. Müqavilə imzalandığı dövrdən keçən müddət ərzində silahlı qüvvələrin təmas xəttində mütəmadi olaraq atəşkəsin pozulması onu deməyə əsas verir ki, əslində, həmin dövrün zərurəti olaraq imzalanmış bu müqavilə formal xarakterli bir sazişə çevrilib və öz əhəmiyyətini çoxdan itirib. Dörd il əvvəl, 2016-cı ilin aprel ayında baş verən dördgünlük müharibə də buna əyani sübutdur. Hətta müqavilənin imzalanması prosesində iştirak etmiş ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri Kazimirov da sazişin hüquqi xarakter daşımadığını və tərəflərin üzərinə hüquqi öhdəliklər qoymadığını deyərək, bunun, bir növ, siyasi müraciət və sülhə çağırış olduğunu deyib. Buna baxmayaraq, Qarabağın separatçı rejimi, o cümlədən də Ermənistanın təcavüzkar mahiyyəti daşıyan rəhbərliyi, hər zaman olduğu kimi, istənilən məsələni öz mənafelərinə uyğun prizmadan təqdim etməkdə davam edirlər. Bu mənada sazişin növbəti ildönümündə qarşı tərəfin verdiyi ənənəvi açıqlama da əvvəlkilərdən heç nə ilə fərqlənmir. Ona görə də bu tip açıqlamalar erməni tərəfinin işğalçılıq siyasətinə siyasi don geyindirməyə daha bir cəhdi kimi qiymətləndirilməlidir. Təəssüf ki, problemin həlli missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun təmsilçiləri də, hər zaman olduğu kimi, yenə də ermənilərin yürütdüyü bu siyasəti görməzdən gəlməklə, əslində, mövcud status-kvonun saxlanmasında maraqlı olduqlarını, bununla da Azərbaycanın işğal altında olan ərazilərinin sülh yolu ilə qaytarılmasına heç bir əməli töhfə verməyəcəklərini öz hərəkətsizlikləri ilə sübut edirlər”.

A.Əlizadənin fikrincə, dəfələrlə Azərbaycan tərəfinin ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən imtina etməsinin vacibliyi məsələsini gündəmə gətiriblər: “Hesab edirəm ki, öz cinayətkarcasına hərəkətsizliyi ilə, faktiki olaraq, işğalçıya dəstək verən bu qurumun illər uzunu davam edən “fəaliyyəti” Azərbaycana yaxşı heç nə vəd etmir. Rəsmi Bakının nəhayət ki, bu məsələdə qətiyyətli addım atmasına çoxdan zərurət yaranıb. Biz, hər zamankı kimi, məsələnin hərbi-siyasi yolla həllinin tərəfdarıyıq. Azərbaycan son illər ərzində qarşı tərəf üzərində ciddi hərbi üstünlük əldə edib. Ordumuz işğal altında olan ərazilərimizi azad etmək qüdrətində və əzmindədir. Azərbaycan cəmiyyəti də buna hazırdır və hakimiyyətin bu yöndə atacağı istənilən addımı birmənalı olaraq dəstəkləyəcək. Məsələnin əsas mühüm olan tərəfi beynəlxalq dəstəyin əldə olunmasıdır ki, hesab edirəm, bunun üçün də münbit şərait yaranmaqdadır. ABŞ-ın Rusiya və İrana sanksiyalar tətbiq etdiyi, eyni zamanda, erməni tərəfinin hazırkı baş nazir Paşinyanın timsalında yürütdüyü ikibaşlı siyasətdən Rusiya tərəfinin razı olmadığı bir zamanda Azərbaycan regionda mühüm aktora çevrilmək şansları əldə etməkdədir. Bunun üçün olduqca çevik manevrlər etməliyik və qüvvələr nisbətini öz xeyrimizə dəyişməliyik. Beynəlxalq hüquqa əsasən də Azərbaycan öz torpaqlarında antiterror əməliyyatları keçirmək səlahiyyətinə malikdir və Dağlıq Qarabağ, həmçinin, mübahisə predmeti olmayan ətraf yeddi rayonun azad edilməsi haqqını heç bir qüvvə bizdən ala bilməz”.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …