Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Arzuxan Əlizadə: “Azərbaycana qarşı təzyiqlər etməyə, bununla daha çox öz maraqlarını təmin etməyə çalışıblar”

Arzuxan Əlizadə: “Azərbaycana qarşı təzyiqlər etməyə, bununla daha çox öz maraqlarını təmin etməyə çalışıblar”

Bir sıra Qərb ölkələri 90-cı illərdən başlayaraq elə təsəvvürlər formalaşdırmışdılar ki, guya bu ölkələrdə insanlar istənilən formada etiraz edə bilirlər. Bununla əlaqədar hansısa problemlərlə üzləşmirlər.

Ötən ilin iyulunda orduya dəstək aksiyasından sui-istifadə edən pozucu qüvvələr təxribat törədib, dövlət əmlakına zərər vurdular. Onlar qanunauyğun olaraq məsuliyyətə cəlb olunduqda, Qərb qurumları hay-küy qaldırıb bunu demokratiya və söz azadlığına qarşı fəaliyyət kimi təqdim etdilər. Ard-arda tənqidi fikirlər səsləndi. Ancaq qəribədir ki, bu günlərdə ABŞ-da yaşanan qarşıdurmaya belə yanaşmırlar. Hansı ki, 5 nəfər ölüb. Etiraz edənləri terrorçu kimi təqdim edirlər. Bir qrup adam Konqresə basqın edən kimi, polis, xüsusi xidmət qurumları onları dərhal neytrallaşdırdılar. Müqavimət göstərənləri Amerika polisi möhkəm döydü, zərərsizləşdirdi, sakitliyi bərpa etməyə çalışdı.

Maraqlıdır, Konqresə basqın edənlər terrorçudursa, iğtişaşçı, qiyamçıdırsa, bəs Azərbaycanda eyni hərəkəti təkrarlayanlara bənzər münasibət sərgilənmir? Niyə bizdə bənzər hadisələr baş verəndə Qərb təsisatları buna fərqli mövqedən yanaşırlar?

Məsələyə münasibət bildirən AMİP sədri Arzuxan Əlizadə bunu Qərbin ikili standartları ilə əlaqələndirdi: “Bir sıra Qərb qurumları demokratiya pərdəsinə bürünərək uzun illər ərzində bu vasitə ilə Azərbaycana qarşı təzyiqlər etməyə, əslində, bununla daha çox öz maraqlarını təmin etməyə çalışıblar. Görünən isə budur ki, obrazlı şəkildə desək, “öz gözlərində tiri görməyib, başqasının gözündə tük axtarıblar”. Məsələ burasındadır ki, bu dövlətlərin özündə istər seçkiöncəsi, istərsə də  seçkilərdən sonrakı narazılıqlar fonunda baş verən zorakılıqlar bütün dünyanın gözü qarşısında baş verməkdədir. Misal üçün, Fransada davamlı olaraq “sarı jiletlilər” hərəkatının dinc nümayişlərinin necə qəddarlıqla yatırılması, eləcə də digər Avropa ölkələrində insanlara qarşı edilən zorakılıqlar eyni qəbildəndir. Elə bu günlərdə seçkisonrası ABŞ-da baş verən hadisələr nəticəsində 5 nəfərin ölməsi, onlarla insanın ağır bədən xəsarətləri alması da göstərdi ki, bu ölkələrin özündə demokratik dəyərlərin qorunması ilə bağlı ciddi problemlər var. Bu prizmadan yanaşsaq, həmin ölkələr tərəfindən demokratiya və söz azadlığından siyasi məqsədlər üçün istifadə etməklə digər dövlətlərə təzyiqlərin edilməsi qəbuledilməzdir və ciddi surətdə qınanılmalıdır”.

Partiya sədrinin fikrincə, seçkinin nəticələrinə etiraz edənlərin terrorçu adlandırılması yanlış presedentdir: “Hesab edirəm ki, sivil siyasi münasibətlərin radikalizmə yuvarlanmasına səbəb olmaqla yanaşı, çox pis presedentin əsasını qoya bilər. Onu da nəzərə almaq lazımdır ki, heç bir dövlət belə daxili proseslərdəki narazılıqlardan sığortalanmayıb. Özünü demokratiyanın beşiyi və qoruyucusu sayan ölkələr, ilk növbədə, öz daxilində baş verən belə narazılıqların sivil yollarla, hüquq çərçivəsində həll olunmasına daha diqqətli yanaşmalıdırlar. Bir növ, nümunə olmalı, həmçinin, digər dövlətlərə yanaşmada da dözümlülük və qəbul edilən qərarlara hörmət nümayiş etdirməlidirlər”.

Partiya sədri hesab edir ki, yalnız o halda ədalətli yanaşmadan söhbət gedə bilər. (Bakı-Xəbər)

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …