Ana səhifə / Siyasət / “Analoji təxribatları Azərbaycan-Ermənistan sərhədində gözləmək lazımdır” – POLİTOLOQ

“Analoji təxribatları Azərbaycan-Ermənistan sərhədində gözləmək lazımdır” – POLİTOLOQ

Ermənistanın yeni baş naziri Nikol Paşinyanın hökumətində müdafiə naziri postuna təyinatı olduqca diqqət çəkdi. Yeni müdafiə naziri David Tonoyan hərbi mühiti üçün yeni adam deyil və o, 2016-cı ilin aprel təxribatına arxitektorluq etməsi ilə tanınır. O həmçinin “passiv müdafiədən aktiv cilovlamaya” hərbi siyasi konsepsiyasını hazırlayıb.

Publika.az-a açıqlamasında Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri bildirib ki, Tonoyanın təyinatı ilk növbədə Ermənistan ordusunun korrupsiyadan təmizlənməsi və müasirləşdirilməsinə cəhd kimi izah oluna bilər.

Yeni müdafiə nazirinin 2016-cı il aprel təxribatına arxitektorluq etməsinə diqqət çəkən politoloq qeyd edib ki, Tonoyan bu cür təxribatların ustası kimi tanınır:

“Tonoyan Rusiyanın hərbi məktəbini keçib. Bu baxımdan təkcə Qarabağ cəbhəsində deyil, analoji təxribatları daha çox Azərbaycan-Ermənistan sərhədində gözləmək lazımdır. Bu sərhədlər bizim üçün çox həssas məsələdir. Çünki, Ermənistan iki dövlət arasında təxribatlar törətməklə çalışacaq ki, Rusiyanı prosesə müdaxilə etməyə məcbur etsin. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Rusiya və digər dövlətlərin Ermənistanla qarşılıqlı hərbi yardım barədə müqaviləsi var. Amma bütün bunların fonunda Azərbaycan ordusu gücləndirilməlidir ki, düşmən üçün çəkindirici amil olsun”.

Politoloq hesab edir ki, Ermənistan bütün zamanlarda Rusiyanı Azərbaycan üçün çəkindirici faktor kimi istifadə edəcəklər:

“Çünki Rusiya faktoru olmasa, əmin olun ki, Azərbaycan çox yaxın zamanda hərbi əməliyyatlar keçirərək öz torpaqlarını azad edəcək. Bunu Ermənistan rəhbərliyi də bilməmiş deyil. Paşiyanın hakimiyyəti də bilir ki, Rusiya faktoru olmasa, Azərbaycan Ermənistan ordusunu qısa müddət ərzində darmadağın edə bilər”.

Ermənistan yeni baş nazirinin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə bağlı səsləndirdiyi bəyanatlara gəlincə, Natiq Miri onları daxili auditoriyaya hesablanmış və qeyri-ciddi bəyanatlar adlandırıb. Onun sözlərinə görə, verilən bəyanatların arxasında ciddi güc olmadığı halda, sözün əhəmiyyət qalmır.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …