“Neçə illərdir partiyasını, əqidəsini satan adamlara əhəmiyyət verməmək qərarına gəlmişdim. Amma keçmiş AMİP-çi, hansısa məqsədlər uğrunda partiyanı satan və partiyaya xəyanət edən Şəki Şəhər Təşkilatının sabiq sədri, massajçı-doktor Fərzəli Qasımovun açıqlamalarını oxuduqdan sonra ona cavab verməyi özümə borc bildim”.
Bunu “Yeni Sabah”a açıqlamasında AMİP Mərkəzi Şurasının üzvü, AMİP Şəki Təşkilatının sədri Elxan Feyzullah deyib. O, bildirib ki, meydanın boş olduğundan danışan Fərzəli Qasımovdan soruşmaq istəyir ki, siz nə vaxt meydanı doldurmusunuz ki, indi siz susmusunuz, meydan boşalıb?
“Sonra partiya üçün həbsxanada yatdığını iddia edir. Fərzəli Qasımov partiya üçün heç bir gün də həbsdə yatmayıb. 2000-ci ildəki məlum Şəki hadisələrində AMİP-in iştirakı olmayıb, o hadisələr qəzəblənən Şəki xalqının üsyanı idi və həmin üsyandan Şəki rəhbərliyi böyük məharətlə istifadə edərək, bütün ölkədə tanınmış iş adamı Tehran Lətifovun həbsə salınmasına nail oldular. Həmin üsyanda AMİP Şəki Təşkilatından bir nəfər də olsa partiya adından iştirak etməmişdi.
Fərzəli Qasımov özbaşına, müəyyən ambisiyalar, öz çıxarları xatirinə gördüyü işlərə görə həbs edildi. Həbsdən məhz Etibar Mənnədovun sayəsində çıxdı və siyasi məhbus statusu ala bilmək üçün Avropaya üz tutdu. Avropada olarkən partiyadan saxta sənədlər tələb etdi. Lakin siyasi mühacir alverində iştirak etməyən AMİP-dən imtina cavabından sonra İsveçdən deportasiya olunan Fərzəli Qasımov, Yunanıstana gedir və orada izinsiz qaldığına görə tutuqlanır. Etibar Məmmədov öz nüfuzundan istifadə edərək, onu Yunanıstanda həbs olunmaqdan qurtardı və Fərzəli Qasımov Azərbaycana qayıtdı. Massajçı-doktor qanunsuz istəklərinin AMİP tərəfindən təmin olunmadığından partiayya qarşı qərəzi və qəzəbi kükrəyib aşıb daşırdı.
Qayıtdıqdan sonra Əli Əliyevin məlum ssenari və tapşırığı üzrə AMİP-də gərginlik yaratmaq siyasətinə alət oldu. Buna görə AMİP Şəki Təşkilatından qovuldu. İllərlə bir amal, bir məqsəd uğrunda canlarını ortaya qoyan insanları bir-birinə qarşı qoydu.
Şəxsən mənə də dəfələrlə zəng edərək onların partiyasına keçməyimi, partiyalarında İdarə Heyətinin üzvü olmaq təklif etdilər. Amma mən 1991-ci ildən məhz Etibar Məmmədovun və Rəhim Qazıyevin səyləri və böyük əziyyətləri sayəsində qurduqları, “Azərbaycan Qarabağı Könüllü Müdafiə Batalyonu”nda döyüşdüyümü, Etibar bəyə 1991-ci ildən inandığımı, güvəndiyimi, onun getdiyi yolda son nəfəsimə qədər gedəcəyimi bildirdim.
Partiyanın qurucularından heç birinin bu gün partiyada olmadığını deyən F. Qasımova cavab olaraq demək istəyirəm ki, o sualı ilk öncə güzgünün qarşısında özünə və cürəti çatırsa Əli Əliyevə versin ki, niyə gedənlərin heç biri sizin kimi həyasızlıq və abırsızlıq etməyib? Niyəsini bilirəm, amma zamanı gəldikcə onları da deyəcəm. Bu barədə uzan uzadı yazmaq istəmirəm, sizin kimlərə itiriləcək vaxta heyfim gəlir. Amma lazım olarsa bir çox hadisələr haqqında faktlarla, sübutlarla cavab verməyə hazıram”.