Ana səhifə / Siyasət / AMİP niyə özünə sədr seçə bilmir? – Baş katib açıqladı

AMİP niyə özünə sədr seçə bilmir? – Baş katib açıqladı

Bəzi texniki səbəblərdən, xüsusən də yer məsələsinə görə, qurultayın keçirilməsi ləngiyir.

Bu sözləri AzNews.az-a müsahibəsində Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibi Arzuxan Əlizadə dedi.

Məlumdur ki, AMİP-in keçmiş sədri Yusif Bağırzadə 3 il əvvəl partiyanı tərk etdikdən sonra burada qurultay keçirib yeni sədri seçmək müşkülə çevrilib. Qurultayın keçirilməsi hər dəfə müxtəlif səbəblərdən təxirə salınıb. Partiyanın baş katibi A.Əlizadə ilə elə bu barədə söhbətləşdik.

– Arzuxan müəllim, uzun müddətdir ki, keçirilməsi planlaşdırılan növbəti qurultay niyə ləngiyir?

– Növbəti qurultayın keçirilməsi ilə bağlı bütün təşkilati işlər yekunlaşıb. Lakin bəzi texniki səbəblərdən, xüsusən də yer məsələsinə görə, qurultayın keçirilməsi ləngiyir. Özəl yerlər baha olduğundan bizim maliyyə imkanımız çatmır. Amma bütün hallarda qarşıdan gələn payız fəslində qurultayın keçirilməsini nəzərdə tuturuq.

– Müzakirə olunan məsələlərdən biri də namizədlərin kimliyi ilə bağlıdır. Partiyanın namizədləri müəyyənləşibmi?

– Qurultayın vaxtı elan olunandan sonra Mərkəzi Şuranın çağırışına əsasən partiya sədrliyinə namizədlər bildiriş verəcəklər. Nazmizədlərin qurultayda təqdimatı ilə bağlı Siyasi Şura rəy bildirəcək. Qarşıdan gələn qurultayın dəqiq vaxtı və yeri məlum olmadığı üçün başqanlığa yeni namizədlərin kimliyini açıqlamaq qeyri-mümkündür. Sədr postuna namizəd olmaq üçün isə heç kimə problem yaradılmır.

– Siz özünüz sədr postuna namizəd olmağı düşünürsünüzmü?

– Mənim namizəd olmaqla bağlı bir fikrim yoxdur. Bu barədə heç nə düşünmürəm.

– Arzuxan müəllim, söhbət var ki, AMİP postuna oturacaq şəxsin həm də maliyyə imkanları bir qədər geniş olmalıdır, əks təqdirdə, partiyanı irəli aparmaq mümkün deyil. Siz necə düşünürsünüz?

– Əlbəttə ki, sədr postunda olan şəxsin özünün maliyyə imkanları olmalıdır. Təəssüf ki, partiya dövlət büdcəsindən maliyyələşmir. Prtiyanın maliyyələşməsi ilə bağlı xeyli təkliflərimiz olub. Real nəticə isə ürəkaçan deyil. AMİP Azərbaycan müstəqilliyini elan edəndən sonra yaranan ilk siyasi təşkilatdır. Ölkədə və beynəlxalq aləmdə nüfuzu var. Lakin partiyanın maliyyəsi yalnız daxili resurslar hesabına formalaşır. Ona görə də partiya sədrliyi kimi bir yükün altına girən istənilən bir şəxs partiyanın maliyyə məsələsini həll etmək və onun hesabatını vermək iqtidarında olmalıdır.

– Bir açıqlamanızda demisiniz ki, partiyaya sədr seçilərkən müəyyən siyasi reallıqlar nəzərə alınmalıdır. Bu reallıqlar nədən ibarətdir?

– Burada ilk növbədə təqdim edilən namizədin siyasi intellekti, siyasi baxışı və dünyagörüşü əsas götürülür. Yəni sədr postunda oturmalı olan şəxsin siyasi nüfuzu çox önəmlidir.

– Etibar Məmmədovun yenidən sədr postuna gələcəyi nə qədər aktualdır.

Hesab edirəm ki, bu məsələ artıq bağlanıb. Çünki Etibar Məmmədov Partiya sədrliyindən istefa verib. Onun partiya rəhbərliyinə qayıtmaq fikri yoxdur. Bu mənada, E.Məmmədovun yenidən partiya sədri olması inandırıcı deyil.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …