Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Amerikanlar deyərlər, Aqil Abbas getsin “çerez Yerevan” Ağdamı gəzsin” – DEPUTAT

“Amerikanlar deyərlər, Aqil Abbas getsin “çerez Yerevan” Ağdamı gəzsin” – DEPUTAT

ABŞ tərəfi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələri davam etdirmək üçün növbəti görüşü Vaşinqtonda görüşməyi təklif edib.

Virtualaz.org xəbər verir ki, bu məlumatı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Varşavada keçirdiyi brifinqdə açıqlayıb. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara münasibət bildirən nazir aprelin 15-də Moskvada keçirilmiş görüşü xatırladıb. “Bizə danışıqlarda irəliləyiş lazımdır. Deyə bilərəm ki, bu baxımdan elə də nikbin deyiləm, amma real danışsaq, səyləri ikiqat artırmaq lazımdır. Rusiya bunu edir, son görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak etdi. Dünən isə ABŞ-dan təklif aldıq. ABŞ dövlət katibi də danışıqlarda irəliləyişə nail olunmasına töhfə vermək niyyətindədir”, – E.Məmmədyarov deyib.



Ermənistan Xarici İşlər Nazirliyi isə Qarabağa dair nazirlər səviyyəsində növbəti görüşün Vaşinqtonda keçirilməsi təklifini şərh etməyib. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, növbəti görüşün yeri və vaxtı rəsmən məlum olan kimi ictimaiyyətə bu haqda məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycan xarici işlər nazirlərinin Vaşinqtona səfərinin hazırlandığı barədə məlumatlar var idi. Bu günlərdə Milli Məclisin üzvləri Asim Mollazadə və Səməd Seyidovun daxil olduğu nümayəndə heyəti Vaşinqtonda olub, Konqresdə və digər siyasi dairələrdə görüşlər keçirib.

Qeyd edək ki, bu ilin fevralında Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın ABŞ-a səfəri nəzərdə tutulsa da, sonradan fərqli məlumat yayıldı. Bildirildi ki, rəsmi Vaşinqton səfəri təxirə salıb. Ermənistanın “Qraparak” qəzeti yazmışdı ki, buna səbəb Ermənistanın Rusiya ilə birlikdə Suriyaya humanitar və hərbi yardım göndərməsidir. İrəvan Suriyaya humanitar yardım göndərməsinə haqq qazandırmaq üçün müxtəlif əsaslar göstərsə də, ABŞ Dövlət Departamenti bunları yetərli saymamışdı və Z.MnatsakanyanI qəbul etməkdən vaz keçmişdi. Erməni nazirin ABŞ-ın dövlət katibi Maykl Pompeo arasında telefon danışığı da vəziyyəti dəyişmədi.

Qarabağla bağlı Vaşinqton danışıqları isə Ermənistan üçün ABŞ-la əlaqələri təzələmək baxımından fürsət yaradır. Eyni zamanda bu, status-kvonun saxlanmasını da təmin edir. Bununla da cari il ərzində hər üç həmsədr ölkədə Qarabağ danışıqlarının keçirilməsi təmin olunacaq. Xatırladaq ki, Moskva görüşündən əvvəl, yanvar ayında XİN başçıları Parisdə bir araya gələrək “xalqların sülhə hazırlanması” barədə anlaşma əldə etmişdilər. Ancaq bundan sonra Ermənistan rəhbərliyi destruktiv fəaliyyətə başladı. Düzdür, Rusiyada da humanitar əlaqələrin yaradılması, jurnalistlərin qarşılıqlı səfərləri barədə razılıq əldə olunub, ancaq bunun sülhə aparacağına kimsə inanmır. 

E.Məmmədyarov deyib ki, yaxın vaxtlarda ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfər edəcəklər. “Bu yaxınlarda həmsədrlər əvvəlcə özləri görüşəcək və növbəti görüşlə bağlı təkliflərini verəcəklər. Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünə gəldikdə isə əvvəlcə xarici işlər nazirləri səviyyəsində görüş olacaq. Əgər görsək ki, hansısa problemli məsələ ortaya çıxır, onda prezidentlərə məlumat veriləcək”, – nazir qeyd edib.

Millət vəkili Aqil Abbas “Yeni Müsavat”a açıqlamasında növbəti görüşdən də ciddi nəticə gözləmədiyini bildirdi və ironiya ilə bəzi fikirlərini bölüşdü: “Moskvada jurnalistlərin gediş-gəlişini təşkil etmək üçün razılaşma əldə olundu. Sağ olsun, Elmar Məmmədyarov nə yaxşı ki, gedib belə bir addım atdı.

Картинки по запросу Aqil Abbas



Yəqin ABŞ-da da təklif edərlər ki, xalqlar gedib-gəlsinlər. Deyərlər yığışsınlar ağdamlılar, Aqil Abbas da başda olsun, çünki oralıdır, yığsın qohum-əqrəbasını getsin “çerez Yerevan”, Ağdamı gəzsin. Ağdamda yaşayan ermənilər də yığışıb bəri gəlsin. Ağdamda bir tələbə yoldaşımız var idi, Ararat adında, futbolçu idi, heç ermənicə də bilmirdi. Bir dəfə başqası ilə dava edirdi, qayıtdı ki, sən niyə kişi olasan e, erməniyə oxşayırsan! Özü erməni olsa da, azərbaycanlıya “erməniyə oxşayırsan” deyirdi. İndi də Əsgəranda yaşayır Ararat. Yəqin Ararata deyərlər yığ qohum-qardaşını, get Aqil Abbasgilə!”
A.Abbas əlavə etdi ki, ABŞ görüşündən fövqəladə nəticə gözləmir: “Sadəcə Paris və Moskvadan sonra Vaşinqton deyir ki, “biz də varıq”. Türklərin bir sözü var: “Şorbada bizim də duzumuz olsun”. 

Dağlıq Qarabağla bağlı danışıqların Vaşinqtonda davam etdirilməsi təklifi xüsusi əhəmiyyət daşıyır. Bu sözləri isə Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O, xarici işlər nazirinin ABŞ Dövlət katibindən danışıqların Vaşinqtonda aparılması ilə bağlı təklif almasının önəmli olduğunu bildirib: “Burada liderlik uğrunda Rusiya ilə ABŞ arasında yarış elementləri var, amma ABŞ üçün liderlikdən çox, problemin həlli daha vacibdir. Çünki ABŞ Rusiyaətrafı bölgələrdə öz geostrateji maraqlarını təmin edən vəziyyət yaranmasını istəyir. Belə vəziyyətin yaranmasına mane olan da Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağla bağlı aparılan müharibə və ya münaqişədir. ABŞ yaxşı başa düşür ki, bu münaqişə səngimədən Azərbaycanın regionda reallaşdırdığı böyük iqtisadi layihəni işə salmaq mümkün olmayacaq. Üstəlik türkmən qazını, Qazaxıstan neftini Xəzərin dibindən keçirməklə Bakı-Ceyhan neft kəməri və eləcə də Azərbaycanın üzv olduğu Cənubi Qaz Dəhlizini birləşdirmək alınmayacaq. Hətta Özbəkistan da bu fikirdədir. ABŞ Avropanın, eləcə də dünyanın neft-qaz təchizatını divertifikasiya etdirməyə, Rusiyanın Avropadakı qaz diktəsinin, inhisarçılığının qarşısını almağa çalışır. 

Bu məsələdə də ən əhəmiyyətli amil Azərbaycanla Ermənistan arasındakı münaqişəyə son qoyulması, sülhün əldə edilməsidir. Əlbəttə, Moskva görüşündən sonra danışıqların Vaşinqtonda davam etdirilməsi təklifi xüsusi əhəmiyyətlidir. Doğrudur, Moskva danışıqlar prosesinə mane olmağa çalışır. 

Ermənilər də, belə desək, Rusiyanın dediyi ilə oturub-durur. Amma hər halda ABŞ-ın təklifi tekton tərəflərə yumşaq mühit yarada bilər. Bir sözlə, ABŞ danışıqlar prosesinə Moskvadan daha güclü stimul verə bilər. Bu səbəbdən Vaşinqton görüşünü sözsüz ki, alqışlamaq lazımdır”.

Dağlıq Qarabağ münaqişəsinin yaxın gələcəkdə həll olunacağına ümid var. Bu sözləri isə Axar.az-a ABŞ Qulf Analitik Mərkəzinin mütəxəssisi, doktor Teodor Karasik rəsmi Vaşinqtonun Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün ABŞ-da keçirilməsi haqda olan təklifini şərh edərkən deyib. Politoloqun sözlərinə görə, hazırda münaqişənin həllinə nail olmaq üçün bir çox şans var: “Uzun müddətdir ki, davam edən bu tarixi və emosional mübarizə hər iki tərəfin resurslarını tükədir, gələcəyə köklənməsinə imkan vermir. Əlbəttə, demək asandır, amma bütün yaşanan dəhşətləri unutmaq çətindir. Sülhü qəbul etmək istəməyən, üzülən insanlar da olacaq. Amma artıq zamanıdır”. Rəsmi Vaşinqtonun marağını şərh edən politoloq Rusiya və ABŞ-ın bu məsələdə olduqca aktiv olacağını da vurğulayıb: “Rusiya və ABŞ artıq bu münaqişənin hansı bir şəkildə, hansı şərtlərlə olur-olsun, həllində maraqlıdırlar”

Картинки по запросу Teodor Karasik

Teodor Karasik 

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova isə brifinqdə deyib ki, ATƏT-in baş katibi Tomas Qreminger və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirə aparılacaq. (Report) O, tərəflərin aprelin 24-də Moskva şəhərində keçiriləcək illik Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində görüşəcəyini diqqətə çatdırıb. 

ATƏT Minsk Qrupu tərəfindən Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ məsələsi ilə bağlı bəyanatına reaksiyanın olmaması danışıqlar prosesinə mənfi təsir göstərə bilər. Bunu Azernyus-a müsahibəsində rusiyalı ekspert Qriqori Trofimçuk N.Paşinyanın danışıqların formatının dəyişdirilməsi təklifini şərh edərkən deyib. O bildirib ki, bu, sadəcə həll yolunun uzadılması deyil: “Faktiki olaraq bu, danışıqların formatının dəyişdirilməsi cəhdidir. İlk növbədə buna ATƏT Minsk qrupunun həmsədrləri diqqət verməlidir. Qəribədir ki, onlar sanki Ermənistan baş nazirinin bəyanatlarını qulaqardına vurmağa çalışırlar. Bu, pis nəticələnə bilər, çünki Azərbaycan elə düşünə bilər ki, onu bilərəkdən kəskin addım atmağa sürükləyirlər. Xatırladım ki, Paşinyanın əsas açıqlamalarından biri belə idi: sülhü ərazilərə dəyişmirik. Ona görə, sual yaranır: bəs o zaman 1994-cü ildən başlayaraq bu prosesdə iştirak edən insanlar nəyi müzakirə edirdi? Ərazilər əvəzinə sülhə çalışmırdılarmı?” Ekspert həmçinin Rusiya xarici işlər nazirinin iştirakı ilə baş tutmuş Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünə də toxunub.

Картинки по запросу Qriqori Trofimçuk

Qriqori Trofimçuk

O bildirib ki, Rusiya heç vaxt Qarabağ münaqişəsinin nizamlanması prosesindən kənarda qalmayıb: “Ona görə Vyana sammitinin ardınca nazirlərin Moskva görüşü keçirildi ki, Rusiya, Azərbaycan və Ermənistan yüksək səviyyəli görüşünə hazırlıq işləri başlasın. Bununla belə, Moskva özünü Vyana tədbirindən ayırmır və bəyan edir ki, əvvəllər keçirilmiş müzakirələri nəzər almaqla hərəkət edir. Əsas mübahisə mövzusu isə əvvəlki kimi eynidir: Azərbaycan yeni uzun, səmərəsiz danışıqlar prosesinə cəlb olunmaq istəmir və tam aydın başa düşmək istəyir ki, əraziləri ona nə zaman qaytarmağa başlayacaqlar”

“Moskvada Sergey Lavrovun iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündə 2016-cı ildə Rusiyanın irəli sürdüyü təkliflər müzakirə olunub. Bu təklif “Kazan düsturu”na əsaslanır və Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılması nəzərdə tutulur. Bu planla bağlı tərəflər arasında bəzi mübahisəli məqamlar var. Ermənistan istəyir ki, iki rayon Qarabağa çıxan dəhliz olaraq qalsın. Azərbaycan buna qarşı çıxdı. Mübahisəli məsələlərdən biri də Dağlıq Qarabağda referendumun keçirilməsinin vaxtı ilə bağlıdır. Azərbaycan hər şeydən əvvəl qaçqınların Qarabağa qayıdışını istəyir, bu gələcəkdə keçiriləcək referendum zamanı Qarabağın Azərbaycanın tərkib hissəsində qalması ilə nəticələnəcək. Ermənistan isə referendumun dərhal keçirilməsini istəyir”. Publika.az xəbər verir ki, bu barədə Rusiyalı politoloq, Strateji Tədqiqatlar Mərkəzinin direktoru Sergey Markov deyib.

Картинки по запросу Уйц



Markov iddia edir ki, Bakı və İrəvan münaqişənin nizama salınması ilə bağlı vasitəçilik missiyasını üzərində götürməsi üçün Moskvaya müraciət edib. 

“Münaqişədə sülhün olması Rusiyaya lazımlıdır. Rusiya regionda sülhü sona qədər dəstəkləyən yeganə dövlətdir. Güman edirəm ki, yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın birgə görüşü keçiriləcək. Yeri gəlmişkən, Moskva danışıqlarında Dağlıq Qarabağın tərəf olması məsələsi gündəmdə olmayıb. Hesab edirəm ki, bu, Azərbaycanın müəyyən qələbəsidir. 

Moskva indiki halda Bakının xeyrinə çıxış etdi”, – deyə o bildirib.

“ATƏT-in Minsk qrupunun həmsədrləri həqiqətən də regionda öz nüfuzlarını bərpa etməyə çalışırlar. Ona görə də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ilk təşəbbüsü Rusiya əlinə aldı. Rusiya bununla özünün açar fiqur olduğunu bir daha göstərmək istəyirdi”.

Картинки по запросу Arzu Nağıyev



Bu fikirləri Azadinform-a politoloq Arzu Nağıyev ABŞ dövlət katibinin Dağlıq Qarabağ üzrə növbəti görüşün Vaşinqtonda keçirilməsi təklifini şərh edərkən deyib. Politoloqun sözlərinə görə, əvvəlki görüşlərdə qoyulan məsələlərin qlobal şəkildə həllinə nail olmaq asan iş deyil: “Humanitar məsələlərlə əlaqədar qoyulan 3 əsas məqam – jurnalistlərin gediş-gəlişi, əsir və girovların yaxınları ilə görüşmələri, həmçinin kənd təsərrüfatı işləri aparılarkən atəşkəsə əməl edilməsi ilə bağlı proseslərin həlli zamanı artıq yetişib və bunun icra mexanizmi olmalıdır. Düşünürəm ki, Vaşinqton görüşündə hər iki tərəf icra mexanizminin necə olacağını cavab kimi ortaya qoymalıdır. ABŞ yaxşı başa düşür ki, Rusiya təşəbbüsü ələ almaqla öz məqsədlərini də həyata keçirə bilər. Çünki Rusiya XİN rəhbəri Sergey Lavrov müəyyən məxfi məsələlərlə bağlı açıqlama verib. Hesab edirəm ki, məxfi məsələlər də əsasən əsir, girovlar və qoşun növlərinin yerinin dəyişdirilməsi ilə bağlı ola bilər. ABŞ-da keçirilməsi təklif olunan görüş də yəqin ki, Moskva görüşündə müzakirə olunanların həyata keçirilməsi mexanizmi ilə bağlıdır”. A.Nağıyev əlavə edib ki, qlobal miqyasda belə görüşlər Dağlıq Qarabağ münaqişəsinin həllinə ancaq müsbət təsir edə bilər: “Əgər Rusiya, ABŞ görüş təşkil edirsə, ehtimal etmək olar ki, növbəti görüş Fransada ola bilər. Yəni Minsk qrupunun həmsədr dövlətləri bu istiqamətdə müvafiq addımlar atırlar. Burada daxili, dərin siyasət axtarmağa lüzum yoxdur”.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …