Ana səhifə / Siyasət / “AMAY Abdulla”: “Cəzamı tez verin…”

“AMAY Abdulla”: “Cəzamı tez verin…”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə A.Abdullayevin vəkili Osman Kazımov cinayət işinə xitam verilməsi, A.Abdullayev barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi, leqallaşdırma ilə bağlı ittiham üzrə sübutların təqdim olunmasına dair vəsatət qaldırdı.

“170 nəfər ibtidai araşdırma zamanı dindirilməyib. Məhkəmə tarixində belə qanunsuzluğa hələ yol verilməyib” – deyə O.Kazımov bildirdi.

Məhkəmədə ifadə verən zərərçəkənlər isə A.Abdullayev tərəfindən aldadılmadıqlarını, heç bir zərər çəkmədiklərini dedilər.

Vəkil O.Kazımov vəsatətində A.Abdullayevin həbsdə saxlanılmasını əsassız hesab etdiyini bildirdi: “Bu məhkəmə prosesi kimlərinsə sifarişi üzərində qurulmamalıdır”.

Lakin vəkilin bu vəsatəti təmin olunmadı.

Abdulla Abdullayevin özünün vəsatətə münasibəti isə belə oldu: “Bu işin özünün başlanması bütövlükdə əsassızdır. Hər şey aprelin 12-də – eyni gündə baş verib. Eyni gündə Sahibkarlığa Milli Kömək Fondundan prokurorluğa məktub göndərilib, məktub guya həmin gün də ünvanına çatıb, dərhal istintaqa göndərilib, müstəntiq təyin olunub, cinayət işi başlanıb, ittiham irəli sürülüb. Halbuku bu, 15-20 günlük prosesdir. Biz həmişə eşidirk, deyirlər ki, ədalət yaxşı şeydir. Amma mən bu ədaləti görmürəm. Ədaləti elə günə salmısınız ki, bu ölkədə ədalət qalmayıb. Bu haqda danışanda yəqin prezidentə də yanlış məlumat verirlər. 14 aydır heç nədən oturmuşam içəridə. Heç olmasa cəzamı tez versinlər, çıxıb gedim işimin dalınca…”

Məhkəmə zərərçəkənlərin prosesə məcburi qaydada gətirilməsi barədə qərar qəbul etdi. Bununla da proses sabaha – mayın 5-dək təxirə salındı.

Qeyd edək ki, Abdulla Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.

Təqsirləndirilən şəxslərdən yalnız A.Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.

A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin zamanında yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

İstintaq müəyyən edib ki, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib.

İstintaqın gəldiyi qənaətə görə, vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməklə həmin vəsaiti faktiki rəhbəri olduğu “A.M.A.Y” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərcləyib. Özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün ciddi əsaslar olduğundan A.Abdullayevə Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın