Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Almaniyada mühacir müsavatçılara cinayət işinin əsl motivi və “Azərbaycan hakimiyyətinin casusları”…

Almaniyada mühacir müsavatçılara cinayət işinin əsl motivi və “Azərbaycan hakimiyyətinin casusları”…

Müsavat Partiyası, sözün əsl mənasında, çalxalanır. Düzdür, bəzi partiya funksionerlərindən bununla bağlı ünvanladığımız suala yayındırıcı cavablar almışıq. Onlar baş verənləri guya partiyadaxili demokratiyanın təzahürü kimi qələmə verməyə çalışırlar. Amma ortada olan faktlar və onların təbirincə desək, “partiyadaxili demokratiya”dan doğan müzakirələr tamamilə başqa mənzərəni canlandırmış olur. İş burasındadır ki, artıq bu müzakirələr partiyadaxili kuluarların və Müsavata aid olan qapalı “Facebook” qruplarının da sərhədini aşıb, sosial şəbəkələrdə hamının görə biləcəyi virtual məkanlarda aparılır.

Müsavatın funksionerlərindən olan Yadigar Sadıqlı ilə Arif Hacılının müavini Səxavət Soltanlı arasındakı söz atışması, əslində, bir sıra qaranlıq faktların da üstünə işıq salmış oldu. İlk anda bir-birinə atmacalar atan funksionerlərin paylaşımları altında gedən diskussiyalar sonradan əsl savaş meydanını xatırlatmağa başladı. Partiya rəhbərliyinin üzərinə hücuma keçən müsavatçılar Arif Hacılı və onun yaxın ətrafını “mühacir biznesində” günahlandırmağa başladılar. Ortaya yalnız sözlər yox, fotolar, saxta vəsiqələrin surətləri, kimin Avropaya hansı saxta yolla getdiyinə dair təkzibedilməz dəlillər qoyuldu.

Qeyd edək ki, Müsavat Partiyasının adının saxta mühacir biznesində hallanmasna dair müzakirələr bir müddət əvvəl başlayıb. Bu mövzuya ilk toxunanlardan biri hazırda Avropada yaşayan keçmiş müsavatçı, jurnalist Elbəyi Həsənli olub. O bir müddət əvvəl Avropada Müsavat adı ilə kimlərin hansı oyunlardan çıxdığını konkret adlarla yazmışdı. Həmin vaxt Müsavat rəhbərliyi onu satqınlıqda ittiham edib, mövzudan yayınmışdı. Bundan sonra Yadigar Sadıqlı ilə Arif Hacılı qrupu arasında müzakirə qızışdı. Əvvəlcə başqanın Avropa səfərində 72 vəsiqənin hər birinin 500 avroya satılması aşkar edildi. Buna cavab olaraq Hacılı tərəfindən Sadıqlının partiyanın Salyan təşkilatının sədri kimi göstərildiyi xasiyyətnamə dövriyyəyə buraxıldı. Bundan sonra münasibətlər daha da kəskinləşdi. 

Müsavat Partiyası başqanının sabiq müşaviri, başqanlığa keçmiş namizəd Səxavət Əlisoy bildirib ki, əvvəllər dəhlizlərdə mühacir statusu ilə bağlı ciddi söhbətlər gəzirdi: “Mən o vaxtlar Müsavatın dəhlizlərində arayış verilməsi ilə bağlı müzakirələr getdiyini eşitmişdim. Əvvəllər düşünürdüm ki, partiyanın qeyri-fəal üzvlərini mühacirətə göndərmək istəyirlər”.

Səxavət Əlisoy bu yaxınlarda Avropaya səfəri zamanı mühacirət məsələsi haqqında kiçik araşdırma apardığını da söyləyib: “Avropada olarkən mənə məlum oldu ki, bəzi mühacirlər heç Müsavat Partiyasının üzvü deyillər. Amma sənədlər Müsavat Partiyasından verilib və onlar bu partiyanın biletini gəzdirirlər. Deməli, burada heç də primitiv bir arayışdan söhbət getmir”.

Səxavət Əlisoy Avropadakı bəzi mühacirlərin Müsavat Partiyası başqanı Arif Hacılıya pul verdiyini də vurğulayıb: “Sosial şəbəkələrdə “Mühacir Müsavat” qrupu var. O qrupda olan tanışlarımızdan biri mənə bu gün dedi ki, iyun ayının 15-17-də Arif Hacılı Strasburqa mühacirlərdən pul almağa gələcək. Bundan başqa, siyasi mühacir və Arif Hacılının Avropadakı maliyyə məsələlərini kurasiya edən Eldəniz Yusibov status yazdı ki, başqan səfər edəcək. O, qrup üzvlərinə xatırladıb ki, Arif Hacılı ilə keçirəcəkləri görüşə gələn mühacirlər özləri ilə ianələr gətirsinlər. Lakin o bu səhvini anlayaraq ikinci status yazdı və ianələr məsələsinə toxunmadı. Yəni özləri də etiraf edirlər ki, Arif Hacılıya pul verirlər. Öz başqanlarının cibinə pul qoymağı sistemləşdiriblər. Hətta zaman-zaman Azərbaycana pul da göndərirlər və o vəsait Arif Hacılıya çatır”.

Ardınca partiyanın fəal üzvlərindən olan Taleh Xasməmmədov bizim qəzetə verdiyi müsahibədə  bildirdi ki, mühacir biznesi ilə bağlı sosial şəbəkələrdə statuslar yazdığına görə özünün iştirakı olmadan məsələsini müzakirə edib, şəxsini partiya sıralarından xaric ediblər. Xasməmmədov bizə verdiyi müsahibədə bildirirdi ki, ortada ciddi ittihamlar və konkret sübutların olmasına baxmayaraq, Müsavat rəhbərliyi mövzudan yayınır. Partiyadan çıxarılan üzv deyirdi ki, əslində, Müsavatın özü şəffaflığını sübut etmək üçün bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Çox maraqlıdır ki, partiya belə müraciəti etməkdə maraqlı deyil. Bu yöndə araşdırma aparmaq istəyən jurnalistlərə isə açıqlama belə vermək istəmirlər. Hər halda, Müsavatın istəyi olmasa belə, bu yöndə araşdırmalar aparmaq üçün hüquq-mühafizə orqanlarının əlində ciddi əsaslar var. Çünki qanunvericilik və yaranmış vəziyyət buna imkan verir. Prosessual Məcəllədə bildirilir ki, KİV-də işıq üzü görmüş zəruri faktlar cinayət işinin başlanması üçün əsas ola bilər. Bunu təsadüfən xatırlatmırıq. Çünki artıq bir neçə fakt var ki, Almaniyaya saxta sənədlə gedən “müsavatçılar”la bağlı cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri aparılır. Almaniyada belə addımlar atılırsa, bizim hüquq-mühafizə orqanları niyə hərəkətə keçmirlər? Avropa ölkələrində saxta müsavatçı kimi ifşa olunan və deportasiya gözləyənlər canlarını ictimai qınaqdan qurtarmaq üçün maraqlı arqumentlər irəli sürürlər. Onlar iddia edirlər ki, guya həqiqi  müxalifətçilərdirlər, sadəcə, mühacirətə getdikləri ölkələr onları hakimiyyətin agentləri zənn etdiyi üçün burada yaşamağa izn vermir. Hər halda, bu tip fikirlər diqqəti məsələnin əsl mahiyyətindən yayındırmağa hesablanıb. Məqsəd saxta mühacir biznesi ilə bağlı detalları ört-basdır etməkdir. Ancaq əldə etdiyimiz məlumata görə, bütün Avropa ölkələrində bu yöndə ciddi iş aparılır. Yaxın zamanda ölkəni saxta yollarla tərk edib bəzi ölkələrdə siyasi sığınacaq almağa cəhd edən minlərlə şəxsin ölkəyə deportasiya olunacağı gözlənir. Təbii ki, ölkəyə daxil olanda onlarla müəyyən filtrasiya işləri aparılacaq. Aydındır ki, həmin vaxt saxta mühacir biznesinə aparan yollara elə saxta vəsiqələr verən şəxslərin ifadələri əsasında gedib çıxılacaq…

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …