Ana səhifə / Siyasət / Aktyorlar direktorun işdən çıxarılmasını bayram edir

Aktyorlar direktorun işdən çıxarılmasını bayram edir

Nurəddin Mehdixanlı: “Yaşadıqlarımızı pis yuxu kimi unutmağa çalışacağıq”; Bəsti Cəfərova: “Gedənin dalınca danışıb, asıb-kəsməzlər”

Uzun müddətdir adı daha çox qalmaqallarda hallanan Akademik Milli Dram Teatrının rəhbəri nəhayət ki, vəzifəsindən azad edilib. Belə ki, bir neçə il teatrın direktoru vəzifəsində çalışan İsrafil İsrafilovun müqaviləsinin müddəti yanvarın 5-də başa çatıb və onun müqaviləsinin müddəti uzadılmayıb. Əvəzində isə yanvarın 6-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə bu vəzifəyə Azərpaşa Nemət təyin olunub. O, həmçinin teatrın bədii rəhbəri kimi də fəaliyyət göstərəcək. Teatrın direktor müavini isə Natiq Güləhmədov təyin olunub. 
Qeyd edək ki, Azərpaşa Nemət ötən ilin sentyabr ayından teatrın bədii-rəhbəri olmaqla yanaşı, baş rejissoru vəzifəsini də yerinə yetirirdi.
***
Əslində Akademik Milli Dram Teatrında rəhbər dəyişikliyi olacağı bir çoxları üçün gözlənilən idi. Səbəb isə aktyor kollektivinin əksər üzvlərinin uzun müddət idi ki, sabiq direktor İsrafil İsrafilovdan narazı olması idi. Zaman-zaman bu narazılıqlar ciddi qalmaqalların da yaranmasına gətirib çıxarırdı. Kollektivdə ikiləşmə prosesinin mövcudluğu hiss olunurdu, bir tərəfdə İsrafilov tərəfdarı, digər tərəfdə isə ondan narazı aktyorların bir-biriləri ilə hətta yumruq davasına da qalxdılar.
Ölkənin ana teatrı hesab olunan AMDT-nin bu cür xoşagəlməz vəziyyəti ilə barışmayan xalq artistləri və bir neçə tanınmış aktyor ötən ilin sentyabrında, yeni mövsümün açılışına bir neçə gün qalmış ölkə prezidentinə müraciət etdilər. 
Müraciətdə direktor İsrafil İsrafilov haqda sərt tənqidi fikirlər səslənmiş,  aktyorlar kollektiv daxilində baş verən parçalanma, konflikt və qalmaqalların əsas səbəbkarının İsrafil İsrafilov olduğunu dəfələrlə qeyd etmişdilər. Müraciətə imza atanlar arasında xalq artistləri Ramiz Məlik, Rafael Dadaşov, Nurəddin Mehdixanlı, İlham Əsgərov, Firəngiz Mütəllimova, Zemfira Məmmədova, Rafiq Əzimov, əməkdar artistlər Sənubər İskəndərova, Mehriban Xanlarova da var idi.
Müraciətin ardınca Azərpaşa Nemət teatra bədii-rəhbər və baş rejissor təyin olundu. Bir çox teatrşünaslar da qeyd etdilər ki, onun gəlişi teatrdakı xoşagəlməz olayların səngiməsinə səbəb oldu.
***
Xalq artisti Nurəddin Mehdixanlı “Yeni Müsavat”a açıqlama verərək teatrda rəhbər dəyişikliyinin aktyorlar tərəfindən bayram edildiyini deyib: “Mədəniyyət və Turizm Nazirliyi teatrımıza çox böyük bayram yaşatdı. Teatrın bütün kollektivi ilə birgə böyük tamaşaçı zalında tədbir keçirildi. Tədbirdə Azərbaycan rejissor məktəbinin ustadlarından biri olan,  hamımızın çox sevdiyi Azərpaşa Nemət rəsmən bədii rəhbər və direktor təyin olundu. Və bundan başqa 30 ildən artıq bizim kollektivlə işləmiş, sonradan isə  müəyyən səbəblərə görə teatrdan uzaqlaşdırılan Natiq Güləhmədov da direktor sərəncamçısı təyin edildi. Bu təyinat kollektiv tərəfindən  böyük alqışlarla qarşılandı. Çünki hər kəsin ürəyindən idi, onların hər ikisini kollektiv çox gözəl tanıyır. Birinin yaradıcılıq, digərinin isə təşkilatçılıq bacarığına bələdik. Beləliklə, teatrda dörd ildə baş verməyən bir bayram yaşanır, bütün sənət adamları, gənc, yaşlı hər kəs sevinir. Çünki onlar artıq yaradıcı insanlarla yaradıcılıq işləri ilə məşğul olacaq. O cür xoşagəlməz qalmaqal, dedi-qodu olayları artıq arxada qalacaq”.
Xalq artisti teatrın həyatında baş verən, ötən xoşagəlməz hadisələri “pis yuxu” adlandırıb: “Yaşadıqlarımızı pis yuxu kimi unutmağa çalışacağıq. Yaradıcılıqdan bir qədər uzaqlaşmış,  yaradıcılıqdan daha çox başqa problemlərlə qarşılaşmış sənət adamlarımızın beş ilini heç kimsə qaytara bilməyəcək.  Biz itirdiklərimizi itirdik, təki teatrımız itirməsin. Məhz bu gün AMDT qazandı. Ona görə də nazirliyimizin bütün işçilərinə, bu işdə əməyi keçən hər kəsə təşəkkür edirik. Nəhayət, haqq yerini buldu…”
Nurəddin Mehdixanlı mətbuat işçilərinə də öz təşəkkürünü bildirib: “Ötən hadisələrdə yanımızda  olan, bizim sözümüzü, fikrimizi cəmiyyətə çatdıran insanlara, yəni siz mətbuat işçilərinə də  təşəkkür edirəm. Olanlar mətbuatda çox ciddi şəkildə müzakirə edildi”.
Xalq artisti Bəsti Cəfərova isə açıqlamasında İsrafil İsrafilovun vəzifəsindən kənarlaşdırılmasına sevinən aktyorlar sırasında olmadığını deyib: “Mənim ona çox böyük hörmətim var. Beş ili çox böyük hörmət və izzətlə bir yerdə işlədik. Gedənin dalınca danışıb, asıb-kəsməzlər. İsrafil İsrafilovun bizim teatrda çox gözəl işləri oldu, onları da qeyd etmək lazımdır. Mən çox şadam ki, ötən beş ildə özümə İsrafilov kimi dost qazandım. Ona yeni təyin olunacağı vəzifəsində uğurlar arzulayıram”.
Bəs görəsən, teatrdakı vəzifəsindən uzaqlaşdırılan İsrafil İsrafilov bundan sonra harda və hansı vəzifədə çalışacaq? Suala cavab tapmaq üçün sabiq direktor və teatrın mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, telefon zəgnlərimiz cavabsız qaldı. Teatrın aktyor kollektivi isə bu barədə məlumatsız olduqlarını bildirdi.  Ölke.az isə xəbər verir ki, teatrın aktyorları bildirib ki, İsrafilov direktor vəzifəsindən çıxdığını biləndən sonra iki gün ərzində özünə məxsus əşyaları yığaraq kollektivlə sağollaşmadan teatrı tərk edib.
 
Aktyorlar bildiriblər ki, İsrafilov “Azdrama”nın həyətindən dörd ədəd dekorativ şam ağacını fəhlələrə çıxartdıraraq bağında əkdirib: “Bu adamın hər şey edəcəyini gözləyirdik. Heç gedəndə kollektivlə sağollaşmadı da. Ancaq həyətdəki dekorativ şam ağaclarını fəhlələrə çıxartdırıb bağında əkdirməyi sözün əsl mənasında rəzalətdir. Yəni bu adam bağına dörd ədəd ağac ala bilmir? Yoxsa teatrdan heyfini tam ala bilmədiyinə görə belə edir? O, teatrdan başqa şeylər də aparıb. Ancaq hələlik bunu deməklə kifayətlənirik. Görün beş il yarım ərzində ölkənin ana teatrına kim rəhbərlik edib”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın