Ana səhifə / Siyasət / AKP dağılacaqmı?

AKP dağılacaqmı?

Türkiyədəki bələdiyyə seçkilərində yaranan mənzərə, demək olar ki, dünya mediasının əsas maraq göstərdiyi mövzular sırasındadır. Seçkinin nəticələri ilə yanaşı, seçkidən sonra nələrin baş verə biləcəyi də geniş təhlil edilir. Əsasən də hakim partiya ətrafında ciddi proseslərin baş verə biləcəyi proqnozlaşdırılır. Təhlillər göstərir ki, vəziyyət AKP-nin xeyrinə olmayan tərzdə dəyişə bilər.

Türkiyə mediasında bildirilir ki, Ankara, İstanbul, İzmir və digər iri şəhərlərdə müxalifət partiyalarının bələdiyyə seçkilərində uğur əldə etməsi Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlunu da hərəkətə keçirib. Onun aktiv siyasətə qayıdacağı istisna olunmur. Hətta bildirilir ki, seçkilərin nəticəsi AKP-dən qopmalar və yeni siyasi partiyanın yaranmasına da yol aça bilər. Qeyd edilir ki, yeni qurulacaq partiyada Davudoğlu ilə yanaşı, keçmiş xarici işlər nazirləri Ali Babacan, Bülənd Arınc, Abdulla Gül, Mehmet Şimşək, keçmiş daxili işlər naziri Bəşir Atalay, keçmiş idman naziri Suat Kılıç və digər sabiq dövlət rəsmiləri də yer alacaq.

Seçkilərdən sonra AKP-dən baş verə biləcək “yarpaq tökümünü” real saymaq olarmı?

Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, İstanbuldakı nəticələr tanınmasa, CHP namizədinin qalib kimi əli sıxılmasa, bu, cəmiyyətdə böyük narazılıqla qarşılanacaq: “Eyni zamanda, cəmiyyətin dalğalanmasına, xalqın  böyük hissəsinin AKP-yə qarşı çıxmasına səbəb olacaq. Saxta yolla İstanbulu ələ keçirməyə çalışsalar, seçkilərin nəticəsi heç beynəlxalq aləmdə də tanınmayacaq. Bununla da Türkiyəyə qarşı dünya güclərinin böyük hücumu başlayacaq. Artıq iqtisadi təzyiqlər var. İnflyasiya durmadan artır, lirə dəyərini itirir. Ərdoğan köhnə sevdasından əl çəkməyəcəyi təqdirdə ölkəni düşünən adamlar addım atmağa məcbur qalacaqlar. Vəziyyət belə davam etsə, yəni Ərdoğanın aşırı Rusiya sevdası Türkiyənin NATO-dan çıxarılması ilə nəticələnə bilər. Bu çox böyük itki ola bilər, eyni zamanda, Türkiyə üçün misli görünməmiş qorxulu nəticələrə gətirib çıxarar. Bu səbəbdən də vaxtilə AKP-nin görkəmli simaları olmuş Əhməd Davudoğlu kimi adamlar artıq fəallaşmağa başlayıblar. Bir sıra görkəmli simaların aktivləşdiyi hiss edilir. Onların hamısının keçmişi AKP ilə bağlıdır və cəmiyyət arasında böyük nüfuza sahibdirlər. Ə.Davudoğlu çevik və peşəkar diplomatdır. Sabiq baş naziri Qərb dairələri və ABŞ da ciddi dəstəkləyir. AKP-dən qopmalar onun partiya yaratmasından sonraya təsadüf edəcək. Yəqin ki, yeni yaranan partiyanın sədri də o olacaq.  Sonra vaxtilə AKP-dən istefa vermiş bir çox tanınmış sima ona birləşəcək və nəticədə onlar da hakim partiyada olan tərəfdarlarını yeni partiyaya dəvət edəcəklər. Hesab edirəm ki, AKP-nin zəifləməsinə ən bariz sübut son seçkilər oldu”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …