Ana səhifə / Siyasət / Akif Nağı: “Milli Şuranın bizimlə mitinq yarışına girməsi yaxşı hal deyil”

Akif Nağı: “Milli Şuranın bizimlə mitinq yarışına girməsi yaxşı hal deyil”

“İstefa və sair tələbləri bağırmaqla Qarabağ tələbini arxa plana keçirmək istəyirlər”

Qarabağ Komitəsinin (QK) fevralın 16-na təyin etdiyi növbəti mitinqə icazə verilib-verilməyəcəyi müzakirə mövzularından biridir.

Bundan öncə komitənin iki mitinq müraciətinə mənfi cavab verildiyi halda, Milli Şuranın 19 yanvar mitinqinə icazə verildi. Bu icazədən sonra QK ümidləndi, 16 fevrala mitinq təyin etdi. Lakin həmin ərəfədə maraqlı gedişat oldu: Milli Şuranın da 26 yanvar aksiyasına icazə verilmədi. Bütün bunlar QK-nın mitinqinə icazə verilib-verilməyəcəyi yönündə müəmmaları artırır.

Bu arada məlumat yayılıb ki, MŞ fevralın ilk 10 günlüyündə kütləvi aksiya keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə növbəti dəfə müraciət edəcək. Bu belə iddialara da yol açıb ki, MŞ özünü favoritə çevirmək üçün QK ilə mitinq bəhsinə girib. Bundan əlavə, yeni yaradılan Azərbaycan Xalq Hərəkatının da bu komitənin fəaliyyətini kölgədə qoyduğu yönündə də fikirlərə rast gəlirik.

Gedən müzakirələri, yaranan sualları Qarabağ Komitəsinin təsisçilərindən olan QAT sədri Akif Nağı ilə dəyərləndirdik. Akif bəy “Yeni Müsavat”a gileyli danışdı: “Biz ötən ilin may ayından ”Qarabağa azadlıq” tələbinin daha sərt şəkildə gündəmə gətirilməsi üçün təşəbbüs etdik, cəmiyyətdən ciddi reaksiya gəldi. Qarabağ Komitəsinin, yeni Qarabağ hərəkatının yaranması prosesi başladı. Bəzi qüvvələr bu prosesə adekvat yanaşma göstərmədilər. Dəstək vermək əvəzinə, özlərinin qrup maraqlarını qabartmağa başladılar. Bu gün də həmin xoşagəlməz tendensiyalar davam etdirilir, sanki bizimlə mitinq yarışına giriblər. Cəmiyyətdə Qarabağ tələbinin qabarmasından narahat olan qüvvələr mövcuddur. Hakimiyyətin içərisində bəzi qrupların da narahatlığı var. Eyni zamanda Rusiya, Qərbdə müəyyən mərkəzlər istəyirlər ki, Azərbaycan cəmiyyətində Qarabağ tələbi söndürülsün, heç kəs Qarabağdan danışmasın və ya ancaq sülhdən danışsınlar. Son dövrlərdə “xalqları sülhə hazırlayın” tapşırığı da həmin mərkəzlərdən gəlir. Biz isə hesab edirik ki, xalqımızı təslimçi sülhə yox, Vətən müharibəsinə hazırlamaq lazımdır. Bəziləri mitinq və digər fəallaşma nümayiş etdirməklə, guya istefa və sair tələbləri bağırmaqla Qarabağ tələbini arxa plana keçirmək istəyirlər. Biz öz yolumuzla getməyə israrlıyıq, bu yolda mitinqlərin keçirilməsi də vacib təsir imkanlarındandır. Diqqəti yayındırmağa ehtiyac yoxdur. Hər kəs Qarabağın azadlığı naminə öz məsuliyyətini dərk etməlidir. Qarabağ işğaldan azad olunana qədər hər bir siyasi və ictimai qüvvə hakimiyyət davası yox, Qarabağ davası aparmalıdır. Qarabağ azad olunandan sonra hər kəs özünün siyasi mübarizəsini davam etdirə bilər. Biz hakimiyyətə təzyiq və dəstək xəttini aparırıq. Hakimiyyətə təzyiq edirik ki, Qarabağın azadlığı üçün müharibəni başlasın, başlayandan sonra isə bütün istiqamətlərdə hakimiyyətə dəstək verəcəyik”.

QAT sədri mitinq müraciətinə də toxundu: “Bu həftənin 3-cü günü Qarabağ Komitəsinin iclasında mitinqlə bağlı müraciət üçün qərar veriləcək. Mitinqə hazırlıq işlərinə başlamışıq, komitə üzvləri təbliğat işlərini aparırlar. Milli Şuranın bizimlə mitinq yarışına girməsi yaxşı hal deyil. Amma davam edəcəklərsə, olsun, onlara nəsə demək fikrimiz yoxdur. Milli Şuranın 26 yanvar mitinqinə icazə verilməməsinin bizə heç bir aidiyyəti yoxdur. Onların bəzilərinin hərəkətləri ona yönəlib ki, ümumiyyətlə, heç kəsə mitinq üçün icazə verilməsin. Onlar bununla hakimiyyətin əlinə bəhanə verirlər. Mitinqə icazə verilmədiyi halda hansı addımların atılacağı yönündə mən öz adımdan danışa bilərəm, amma fikrimi deyib komitəni fakt qarşısında qoymaq, qəbul ediləcək qərara təsir etmək istəmirəm. Komitə üzvləri mitinq üçün rəsmi müraciət edəcəyik, sonra isə icazə verilmədiyi hal üçün kollegial qərar qəbul olunacaqdır”.

A.Nağı QK-nın fəaliyyətinin yeni yaradılan xalq hərəkatının kölgəsində qaldığı yönündə səslənən fikirlərə də münasibət bildirdi: “Qarabağ Komitəsi ilə yeni yaranmış Xalq Hərəkatı arasında qarşıdurma görüntüsü yaratmaq istəyənləri təqdir etmirəm. Hər iki qurumda təmsil olunan adamlar çoxdur. Hərəkatın fəaliyyətinə uğurlar arzulayıram, amma uğur qazanacaqlarına o qədər də inanmıram. Bunu əsaslandırmaq üçün kifayət qədər arqumentim var, amma indi səsləndirmək istəmirəm. Zaman hər şeyi göstərəcək. Bir daha təkrar edirəm ki, bu gün bütün partiya, hərəkat, hər bir vətəndaşın əsas fəaliyyəti Qarabağın işğaldan azad olunmasına yönəlməlidir. Təbii ki, insan haqları, demokratiya, ədalətli cəmiyyət məsələlərini də tam arxa plana keçirməyi təklif etmirəm. Amma hər şeydən öndə Qarabağ məsələsi olmalıdır. Bu günlərdə sosial şəbəkələrdə bir neçə müxalif yönlü şəxs yazmışdı ki, bizə, yəni onların liderlərinə Qarabağ yox, hakimiyyət gərəkdir. Biz isə deyirik ki, bizə hakimiyyət yox, Qarabağ lazımdır. Rusiyanın tarixində müsbət rol oynamış və bir çoxlarının fikrinə görə Rusiya üçün ən düzgün inkişaf yolunu göstərmiş Stolıpin ona qarşı davamlı sui-qəsdlər törədən psevdo inqilabçılara müraciət edərək deyirdi: ”Sizə böyük sarsıntılar lazımdı, bizə isə Böyük Rusiya”. Rusiya onun dediyi yolla getsəydi, indi dünyanın ən güclü və mütərəqqi dövləti olardı. Onun sözlərini bir qədər dəyişib demək istəyirəm, ağalar, bəylər, cənablar, sizlər taleyin bizə qismət elədiyi bu ölkəni xarabalığa çevirib, bayquş hökmranlığı sürmək istəyirsiniz, bizlər isə Qarabağı azad edib çiçəklənən güclü Azərbaycan qurmaq istəyirik”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …