Ana səhifə / Siyasət / Akif Çovdarov gerçəkdənmi 40 gün ac qalıb? – İnanan yoxdur…

Akif Çovdarov gerçəkdənmi 40 gün ac qalıb? – İnanan yoxdur…

Hazırda məhkəməsi davam edən ləğv edilmiş MTN-in generalı Akif Çovdarovun 40 günlük aclıq aksiyası keçirməsi (artıq dayandırıb) müzakirə mövzusudur. Çünki bu günə qədərki ictimai-siyasi xarakterli aclıq aksiyalarından ən uzunömürlüsü sayılırdı; onun 40 gün davam etməsi inandırıcı görünmədi.

Öncə aclığın insan orqanizmində yaratdığı problemlər və ümumi proses barədə məlumat verək.

Aclığa başlayanda öncə orqanizm qlükoza anbarından istifadə edir və bu, 24 saat ərzində tükənir. Ardınca yağ anbarı enerji qaynağı olaraq istifadə olunur. Son olaraq proteinlər yardıma gəlir. Adətən proteinlər enerji qaynağı olaraq istifadə edilmir, amma uzun müddət davam edən aclıqdan sonra buna da ehtiyac duyulur. 72 saat sonra enerji üçün sadəcə yağ və proteinlərdən istifadə edilir. Lazımi miqdarda su qəbul edilməyəndə insan bir neçə gün ərzində həyatını itirir, lazımi miqdarda maye alan şəxslər isə aclığı davam etdirə bilirlər.
Aclıq müddəti ilk 24 saat, 24-72 saat və sonrası olaraq bir neçə dönəmə ayrılır. İlk həftə adətən insan çəkisinin 5-10 faizini itirir, sonrakı dönəmlərdə bu rəqəm 35-50 faizə qədər çatır. İnsanın daha öncədən ürəklə bağlı problemi olmasa da, uzun müddət davam edən aclıq nəticəsində xəstələr müxtəlif səbəblərlə dünyasını dəyişə də bilir.

Azərbaycanın ictimai tarixində isə istər media nümayəndələrinin, istərsə siyasilərin keçirdiyi aksiyalar yaddaqalan olub. Media kapitanları 1998-ci ilin sonunda geniş bir spektri əhatə edən aksiya ilə mətbuat tarixində iz qoyub. 2006-cı ildə “Azadlıq” qəzetinin yerləşdiyi binadan çıxarılmasına etiraz olaraq keçirilən aksiya isə bu qəzetin baş redaktoru Qənimət Zahidin koma vəziyyətinə düşməsi nəticəsində yekunlaşıb. 2008-ci ildə də mediaya təzyiqlərə etiraz əlaməti olaraq, jurnalist və redaktorlar aclıq aksiyası keçiriblər. Sadaladıqlarımız ümumi aksiyaların fonunda sadəcə bir neçəsidir. Siyahı isə yetərincə uzundur.

Biz bu yazıda həm də türmə zamanı aclıq aksiyası keçirənlər barədə yazacağıq. Daha doğrusu, onlar bizə məhbusların bu aksiyanı keçirmə şərtlərindən, nəzarətdən danışacaqlar.

15-16 oktyabr hadisələri zamanı həbs edilmiş AXP sədri Pənah Hüseyn ümumən A.Çovdarovun aclıq etməsinə, bu aksiyanın uzunmüddətli olmasına münasibət bildirmək istəmədi. O, öz təcrübəsindən çıxış edərək, məhbusların aclıq aksiyaları barədə danışdı.

Dedi ki, ümumən məhbusun aclıq etmək hüququ beynəlxalq hüquq normalarında yer alıb: “Məhbuslar haqqında BMT-nin qəbul etdiyi presedentlər var. Eyni zamanda cəzaçəkmə müəssisəsi rəhbərliyinin də yerli qanunvericiliyə görə, hüququ var ki, ölüm təhlükəsi yaranarsa, bu halda məhbusun zorla yedizdirilməsini tətbiq etsin. Təcridxana rəhbərliyi bu aclığın tez dayandırılmasında maraqlı olur. Məsələn, biz aksiya keçirdiyimiz zaman bir neçə dəfə təcridxana işçiləri tərəfindən kamerada axtarış aparılıb, şəkər və bu kimi aclığa dözməyə imkan verən maddə, preparatların olub-olmaması xüsusilə yoxlanılıb. Yanımıza gətirilən sovqatlar verilməyib. Aclıq edən məhbuslar etməyənlərdən təcrid olunub. Aclıq rəsmiləşdikdən sonra təcridxana bunu qeydə alıbsa, Qırmızı Xaç Təşkilatının nümayəndələri aclıq edən məhbuslara baş çəkirdi”.

P.Hüseyn dedi ki, ümumiyyətlə, aclığın müxtəlif formaları var. Müsahibimizin sözlərinə görə, bu, məhbus tərəfindən yazılmış ərizədə göstərilir: “Məsələn, bizim aksiyamız qidadan imtina idi. Sudan imtina deyildi. Bəziləri su ilə bərabər suda həll olunmuş bəzi maddələri qəbul edirlər. Bunun forması ərizədə göstərilməli və buna təcridxana rəhbərliyi tərəfindən nəzarət olunmalıdır”.

NİDA Gənclər Hərəkatının üzvü Rəşadət Axundov da məhbəsdə aclıq aksiyası keçirənlərdən olub. Müsahibimiz xatırlatdı ki, 21 gün boyunca aksiya keçirib: “Yalnız su qəbul edirdik. 4-5 gündən bir Qırmızı Xaçın həkiminin məsləhəti ilə suya çox cüzi duz və ya şəkər də əlavə edirdik. Cəmi bir-iki dəfə oldu bu müddət ərzində. Oxuduğum qədər 60-80 gün də aclıq edənlər olub. Ancaq bizi həmin həkim müayinə edib vəziyyəti qiymətləndirəndə 40 gün sonra komaya düşəcəyimizi dedi. Bunu da əlavə edim ki, cavan olsaq da bizdə 8 nəfərdən 5 nəfəri aclıq müddətində həm də siqaret çəkməyi davam etdirirdik. Yəqin ki, bu da bizə daha tez təsir göstərməsində əlavə bir faktor idi. Ancaq Akif Çovdarov məsələsinə gəldikdə, yuxarıda dediklərimə baxmayaraq konkret olaraq o qədər xəstəliklərdən və orqan yoxluğundan əziyyət çəkən, üstəlik, yaşlı bir adamın 40 gün aclığa davam gətirməsi inandırıcı gəlmir. Bu təcrübəni yaşamış adam kimi bunu rahat deyə bilərəm”.(musavat.com)

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın