Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Ağstafada bir ailəni necə evsiz qoyublar – ŞİKAYƏT

Ağstafada bir ailəni necə evsiz qoyublar – ŞİKAYƏT

“Uşaqların məktəbli geyiminə, dəftər-kitabınadək hər şey külə döndü. Evdən çöp də götürə bilmədik. Çox imkansızıq, iki ilə yaxındır ki, nə icra hakimiyyəti, nə bələdiyyə evimizin təmirinə kömək etmir”. Ötən il martın 25-də Ağstafanın Vurğun qəsəbəsinin sakini Araz Qulubəylinin evi yanıb. Hadisə naqillərdəki qısaqapanmadan qaynaqlanıb. Qəfil yanğın göz açmağa imkan vermədiyindən, ailə üzvləri sənədlərini, ev əşyalarını xilas edə bilməyiblər. Araz Qulubəylinin həyat yoldaşı deyir, 2 ilə yaxındır, evə yığışa bilmirlər:

“Quruca canımızı götürüb qaçdıq… Üzümüzə gələn martda 2 il olacaq ki, onun-bunun qapısında qalırıq. Övladlarımın geyimi olmadığından, məktəbə göndərə bilmirəm. Deməyim odur ki, evi əvvəlki vəziyyətinə gətirməyə imkanımız yoxdur. Döymədiyimiz qapı qalmayıb. Deyirlər, alışmışdı, vaxtında söndürəydiniz, sanki ələ salırlar bizi…”.

Ev sahibəsi deyir, xeyli müddət icra hakimiyyətinə gedib-gəlib, sonra prezidentə, Heydər Əliyev Fonduna yazıb kömək istəyib. Bunların nəticəsi olaraq, nəhayət, hadisədən təxminən 8 ay sonra Ağstafa rayon İcra Hakimiyyətinə çağrılıblar. Qurum işçiləri ailəyə 100 ədəd şifer, 2 kub taxta söz verib. Ancaq ailə başçısı qurum işçilərinin vədini yadlarına salmaq üçün icra hakimiyyətinə gedəndə bildiriblər ki, tikinti materialları başqasına verilib.

Ağstafa rayon İcra Hakimiyyətindən bildirilib ki, əməkdaşlar yanan evə baxış keçirərək, ailəyə yardım təklif ediblər. Ancaq Qulubəylilər təklif olunan tikinti materiallarının yetərli olmadığını deyərək yardımdan boyun qaçırıblar: “İcra hakimiyyətlərinə belə məsələlərdə yardımlar üçün büdcə nəzərdə tutulmur. Sadəcə, vəziyyətlərinin ağır olduğunu bildiyimizdən, təklif etdik, onlar da imtina etdilər. Yenə kənd bələdiyyəsinə yaxınlaşsınlar, bələdiyyə fondundan tikinti materialları verilsin”.

Hüquqşünas Vaqif Alıyev deyir, əgər qısaqapanmaya səbəb cərəyan olubsa, dəyən zərəri, birmənalı, “Azərişıq” qarşılamalıdır: “Ekspertiza rəyində qısaqapanmanın cərəyan yüksəkliyindən, yaxud elektrik dirəyinin, elektrik naqillərinin istismar müddətinin başa vurması üzündən baş verdiyi öz əksini tapıbsa, abonent “Azərişıq”ı məhkəməyə verə, dəymiş zərəri tələb edə bilər”.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …

Bir cavab yazın