Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Aftafanı belə sındırarıq, şirin quyruğunu belə əzərik deməklə, özümüzə təsəlli verməklə…”

“Aftafanı belə sındırarıq, şirin quyruğunu belə əzərik deməklə, özümüzə təsəlli verməklə…”

İranla bağlı cəmiyyətimizdə baş qaldıran çılğın və duyğusal reaksiyalar anlaşılandır. Bunlar bir neçə gün ərzində başqa mövzularla əvəz olunacaq və unudulacaq. Daha qalıcı və sistemli işlər görülməlidir. Bölgədə İran səbəbsiz fəallaşmayıb. Burada ABŞ və Fransanın maraqlarına uyğun davranışlar sezilsə də, başlıca olaraq Rusiya ilə razılaşdırılmış fəaliyyətdən söhbət gedir. Bu gün İran bütün təzyiqlərə baxmayaraq Rusiyaya Ukrayna cəbhəsində savaşmaq üçün özünün dronlarını verir və hansı məntiqlə bölgəmizdə Rusiya ilə toqquşacaq siyasət izləməlidir ki?

İranın üzərimizdəki bu təzyiqi bizim daha çox hazırda çətin durumda olan Rusiya ilə hesablaşmağa yönəltməyi nəzərdə tutur. Bu halda Rusiya cəbhəsində olmağımız yarlığı ilə Qərblə münasibətlərimizin tamamilə korlanmasına nail ola biləcəklərini düşünürlər. Bu əslində Qərbi də razı salan bir davranışdır, çünki Qafanda konsulluq açılması məsələsinə nə ABŞ-dan, nə də Fransadan bir mənfi reaksiya gəlmədi. Az qala ATƏT-in missiyası ilə İranın missiyası tarixdə ilk dəfə olaraq Ermənistan üzərindən birlikdə çalışacaqlar. Türkiyə prezidentinin Zəngilana gəlişi hamısının gözünə baş barmağını birlikdə basmaq demək idi.

İran artıq ya Rusiyanın, ya da Qərbin əlində zincirinin radiusundan uzaq məsafəyə adlayacaq imkanlara sahib deyil. Ona görə də biz soyuqqanlı şəkildə ardarda daxildə və xaricdə vacib addımları atmalıyıq. Birinci növbədə dərhal İsraildə səfirliyimizi açmalıyıq. Türkiyə-Azərbaycan-İsrail hərbi əməkdaşlıq blokunun yaranmasına səy göstərməliyik. Şuşada Türkiyə konsulluğunu dərhal açmalıyıq. Günaz Tv-nin ABŞ-dakı bürosunun və radio şəbəkəsinin türk və fars dillərində yayımını təmin etmək üçün Naxçıvanda və Lənkərənda bürolarını açmalıyıq və İranın “Səhər” kanalına alternativ olaraq işlək vəziyyətə gətirməliyik.

Azərbaycanda yayğın olan İran xurafat və cəhalət pandemiyasının qarşısını almaq üçün silsilə tədbirlər görməliyik. İrannın dini tezislərini təbliğ edənlər terrorizm təbliğatçıları kimi qanunvericilikdə tanınmalıdır. Xüms adı ilə İrana, İraqa pul vəsaiti göndərən hər bir Azərbaycan vətəndaşı terrorçuluq fəaliyyətini dəstəkləyən şəxslər kimi ittiham olunmalıdır. Bizim bir çox qaraqışqırıqçı turanşikləri, bütövşikləri bir kənara qoyub İranı dərindən təhlil edə biləcək kadrlardan ibarət strateji mətkəz qurulmalıdır. Xaricdəki ciddiliyi ilə seçilən fəal azərbaycanlı cəmiyyətlərini dəstəkləmək və diaspora fəaliyyətimizdə bu istiqəməti gücləndirmək vacibdir. Ümumiyyətlə, Azərbaycanın bütövləşməsi, birləşməsi kimi məsələləri hazırda gözə soxmağa gərək yox, bütün qurumlarımız əsasən İranda insan haqlarının pozulması ilə bağlı, milli azadlıqların olmaması, dini terrorizmin tüğyan etməsi ilə bağlı hesabatlarını artırmalıdır və beynəlxaq qurumların menyularını doldurmalıdırlar. İranın təbliğatına xidmət edən dini xarakterli bütün ziyarətlər qadağan olunmalıdır. Məscidlərimiz, təhsil olcaqlarımız, dövlət qurumlarımız İrançı zehniyyətin daşıyıcısı olan ünsürlərdən təmizlənməlidir. Şəhid ailələrinə, imkansız şəxslərə, avam insanlara məqsədli şəkildə yardım edərək İran şəbəkəsinə qoşan şəxs və qruplara qarşı sərt mövqe sərgilənməlidir.

Yoxsa aftafanı belə sındırarıq, şirin quyruğunu belə əzərik deməklə, özümüzə təsəlli verməklə işi oldu-bitdiyə gətirməyək. Ölkə prezidenti istiqaməti verdi, açıqca söylədi ki, dünyadakı azərbaycanlı gücünü hərəkətə gətirməliyik… Uzaqdakıları hələ bir yana qoyuram, yaxınımızda həyasız iki düşmənlə üz-üzüəyik. İkisi də üzərimizə bir yerdə bozarırlar. Ləngimədən bəndi-bərəni bərkitməliyik və qabaqlayıcı tədbirlər görməliyik. Qalanını Mehmetciklə Məmmədcik dəmir yumruqla onsuz da çözəcəklər. Zəngəzur dəhlizini deyirəm. Aşotciklə Mehdicik hələ ki, təsəlli üçün qoy Arazı biz az da lilləndirsinlər…

Fazil Mustafa, 
Milli Məclisin deputatı

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …