– Bu gün ad gününüzdür, 50 illik yubileyinizdir. Bu münasibətlə sizi təbrik edirik, ümid edirik ki, istədiyiniz, arzuladığınız həyatı yaşayırsınız. Ad günlərinizi necə və kimlərlə keçirməyi sevirsiniz? Ailə üzvlərinizlə “bir hovur” oturacaqsınızmı?

– Diqqətinizə və təbriklərinizə görə təşəkkür edirəm. Ad günlərimi həmişə dar çərçivədə, ailə üzvləri ilə birgə qeyd emişəm. Hərdən çox yaxın ailə dostları da bu tədbirlərdə olub. Bu dəfə də eyni adətlə ailədaxili və bir neçə mənə yaxın insanın iştirakı ilə qeyd edəcəyik.

– Doğum gününüzdə hansısa bir hədiyyə olubmu ki, sizə özəl olsun? Kimdən almısınız həmin hədiyyəni?

– Ümumiyyətlə, verilən hədiyyələrin hamısını özəl hesab edirəm. Belə də yanaşılmalıdır. Amma olub ki, verilən hədiyyə yaxşı mənada məni çox təəcübləndirib.

– Asudə vaxtlarınızı necə dəyərləndirirsiniz?

– Asudə vaxt anlayışını heç vaxt qəbul etməmişəm. İşdən-gücdən kənar vaxt da hansısa işə sərf olunun vaxtdır. Yəni istirahət, ailə və dostlar ilə vaxt keçirmək də özü özlüyündə bir işdir. Sadəcə fərqli mühüt olduğu üçün daha çox rahatlıq keçirirsən. Ona görə də çalışıram ki, dostlarla görüşməyə, uşaqlara birgə olmağa vaxtı daha çox ayırım . Xüsusən də oğluma. Çünki o, elə yaşdadır ki, tez-tez harasa getməyi , gəzməyi çox istəyir. İmkan düşdükcə istədiyini edirəm. Açığı uşaqlıqdan hobbi sözünə yanaşmam da fərqli olub. Birisi marka yığardı, digəri ölkələrin əskinaslarını, başqası quş saxlayardı və s. buna hobbi deyərdilər. Mən hesab edirəm ki, hər bir insanın müxtəlif zamanlarda fərqli maraqları olur. Çox az adamda eyni maraq sona qədər qalır və davam edir. Müvəqqəti məşğuliyyəti isə hobbi adlandıra bilmirəm. Odur ki, hər hansı hobbim olduğunu deməyə çətinlik çəkirəm. Amma maraqlandığım və aludəsi olduğum xeyli sahə var.

– Bildiyimiz qədəri ilə iki övladınız var, onlar haqda nə danışa bilərsiniz?

– Qızım bu il Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsini bitirdi və təhsilini davam elətdirməyə hazırlaşır, oğlum isə hələ məktəblidir və 7-ci sinifdə oxuyur.

– Beynəlxalq tədbirlərdə tez-tez iştirak edirsiniz. Bu tədbirlərdə başınıza gələn ən maraqlı hadisə nə olub?

– Beynəlxalq tədbirlərdə adətən çox hadisə olur. Amma tədbirə gedərkən başıma gələn bir hadisəni danışa bilərəm. Bir neçə il öncə ABŞ-da keçirilən konfransa dəvət almışdım. Mayami aeroprtunda pasport nəzarətindən keçən zaman nəzarətçi harasa zəng elədi və iki polis gəldi. Məni labirintli yollarla böyük bir otağa gətirdilər, heç nə izah etmədən gözləməyi bildirdilər. 10-15 dəqiqədən bir kimisə az qala sürüyə-sürüyə gətirirdilər oraya. İnsafən mənə münasibət elə deyildi. Açığı mənə təəcüblü gəlmişdi. Çünki dəfələrlə ABŞ-da olmuşam belə bir hadisə ilə rastlaşmamışdım. Elə yerdir ki, telefonlar da işləmir. Yani təşkilatçılarla əlaqə yarada bilmirəm. Təxminən 7 saatda qədər orada qalandan sonra bir zabit gəlib üzr istəyərək pasportumu qaytardı və anlaşılmazlıq olduğunu dedi. Soruşdum ki, harada olub anlaşılmazlıq? Dedi ki, mənim familiyamla axtarışda olan hansısa terrorçunun familiyası uyğun gəldiyi üçün kompüter xüsusi siqnal verib. Onlar da Vaşinqtondan cavab almayınca bizi buraxa bilməyiblər. Oradan çıxandan sonra indiyək bu hadisə hər yadıma düşəndə gülürəm.

– Siyasətdən kənar kimlərlə yaxın dostluğunuz var, kimlərlə səmərəli vaxt keçirirsiniz?

– İnanıram ki, hər bir insanın barmaqla sayla biləcək sayda dostu ola bilər. Çox zaman yaxın yoldaşları, qarşılıqlı-xoş münasibət olan insanları da dost kimi qəbul edirlər. Əslində dost anlayışı bir az fərqlidir. İndiyə qədər dostlarımla münasibətlərimdə siyasi mənsubiyyətim heç vaxt rol oynamayıb. Yəni siyasi fəaliyyətim onları mənimlə dostluq etməkdən çəkindirməyib. Hətta onların içində başqa siyasi partiyanın nümayəndələri də var. Amma heç vaxt görüşlərimizdə siyasi baxışlarımız müzakirə mövzusu olmayıb. Adlarını burada çəkmək istəməzdim. Amma deyə bilərəm ki, onlarla tez-tez bir yerdə oluruq. İlin fəsillərinə uyğun da səmərəli zaman keçiririk.

– Kitab oxuyursunuzmu? Kimləri oxuyursunuz?

– Vaxtilə istər bizim yazıçılarımızı, istərsə də dünya klassiklərinin əsərlərini çox oxumuşam. Əksəriyyəti tarixi roman olub. Olub ki, 300-400 səhifəlik kitabı bir günə oxumuşam. Kitabxanamda 1000-dən artıq kitab var. Amma son 10-15 ildə demək olar ki, insanı özünə cəlb edəcək bir əsər görməmişəm. Ola bilər ki, bu zövqlə bağlıdır. Amma reallıqdır.

– Hamının “dilini” anlayırsınız?

– Hamının dilini anlamağı çox istərdim. Amma bu, mümkünsüz istəkdir. Odur ki, hamının dilini anlamağa çalışıram.

– Musiqi zövqünüzdən danışmağınızı istərdik…

– Hesab edirəm ki, normal musiqi zövqüm var. Ən azından bugünkü zövqsüzlüyün hökm sürdüyü bir zamanda bunu qoruya bilmişəmsə, böyük işdir. Milli musiqimizdə yalnız peşəkar bəstəkarların yazdığı əsərlərə qulaq asıram. Eyni zamanda klassik musiqi də məni özünə həmişə çəkib.

AzNews.az