Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Adıma görə başımdan da keçərəm” – Deputat Hacı Madər

“Adıma görə başımdan da keçərəm” – Deputat Hacı Madər

Madər Musayev “Azərbaycan” qəzetinə müsahibəsində parlamentdə niyə danışmaması haqda nələr dedi?

“Deyirlər ki, parlament tribunasında çox danışmıram. Hesab edirəm ki, çox danışmaq heç zaman bəyənilməyib”.  “Yeni Müsavat” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Madər Musayev “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

Onun müsahibəsindən bir neçə maraqlı sitatı oxuculara təqdim edirik.  “30 ildir Milli Məclisdəyəm, bura ilə bağlı o qədər xatirələrim var ki… Yaxşı tərəfini də, pis tərəfini də, satqınını da, etibarlısını da görmüşəm. Amma mənə qarşı hamı yaxşı olub, ağsaqqal, hacı kimi hörmət ediblər. Parlamentə öyrəşmişəm. Görürsən ki, dalbadal iclas olanda adam bir az yorulur, amma olmayanda da darıxır… 6 dəfə bir dairədən seçilmək, bu, bilirsiniz də, necə çətindir. Bu, mənim üçün böyük hörmətdir, bunu heç vaxt yaddan çıxarmaram. Mənim eyni ərazidən deputat seçilməyim insanlarla həqiqət üzərində qurulan münasibətimdir. Hər halda, 6 dəfə eyni dairədən təkrar seçilmişəmsə, demək, insanların mənə etimadı, inamı var.

Deputatın üzərinə hansı vəzifələr düşür, deputat nə edə bilər – bunu yaxşı bilirəm. Və hamısının da öhdəsindən gəlməyə çalışmışam. Həm də çalışıram ki, artıqlaması ilə edim…

Hələ ilk dəfə məsciddə mənim namizədliyimi irəli sürən zaman dedim ki, mən gedərəm, amma sonra deyəcəksiniz ki, qayıt dala, mən utanaram kənddə, eldə, obada. O zaman Sabit Bağırovla ikinci tura qaldıq, mənə daha çox səs verdilər və artıq 30 ildir Milli Məclisdəyəm. O da asan deyil ki, bu 30 ildə adını qoruyub saxlayasan…

Qədim türklərdə belə bir məsəl var. Deyir, nəyim var keçərəm, təki başım salamat olsun. Amma adıma görə başımdan da keçərəm. İnsan adı üçün yaşamalıdır”.

Məlumdur ki, Hacı Madər 30 illik fəaliyyəti dövründə parlamentdə danışmayan deputlar sıyahısında bəlkə də birincidir. Müsahibəsində o bu məsələyə də toxunub.

O bildirib ki, lazım olan yerdə yaxşı və məntiqli danışmaq vacibdir: “İndi mən danışmıram, o demək deyil ki, danışanlar düz etmirlər. Məsələn, danışanlar içərisində elələri var ki, danışır, həqiqətən adamın xoşuna gəlir. Bəzən də boş yerə danışırlar, tutaq ki, parlamentdə 3-cü oxunuşda danışmaq lazım deyil ey, amma onda da danışırlar. Həvəskardırlar danışmağa…

Gərək sözün də çəkisini biləsən. Mən görsəm ki, zərurət var, sözümü deməliyəm, o zaman deyəcəm. O da maraqlıdır ki, 125 deputatın 20-30-u mənim kimi çoxdanışan deyil, amma həmişə deyirlər ki, Madər danışmır. Mən danışmıramsa və bu, əgər pisdirsə, 6 dəfə məni seçməsinlər də…

 Mən də sabahdan başlasam danışmağa, maraqlıdır ki, o zaman nə deyəcəklər…”

“Yeni Müsavat” bildirir ki,  Madər Musayev Milli Məclisin bitərəf üzvüdür, həqiqətən də eyni dairədən 6  dəfə təkrar seçilən yeganə deputatdır.

1947-ci ildə Bakı şəhərində anadan olub. Moskva Kooperativ İnstitutu Bakı filialının sənaye əmtəəşünaslığı və ticarətin təşkili fakültəsini bitirib. 1964-cü ildən Bakı şəhərində satıcı şagirdi, kiçik satıcı, baş satıcı, 1971-ci ildən mağaza müdiri, 1976-cı ildən universamda baş satıcı işləyib. 1986-1995-ci illərdə “Bahar” ticarət mərkəzinin müdiri vəzifəsində çalışıb.

On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Azərbaycan-Gürcüstan, Azərbaycan-İran, Azərbaycan-Səudiyyə Ərəbistanı, Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

“Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …