Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Abutalıbovun “üstü bəzək” biznesinə “STOP” qərarı: Sakinlərsə, narahatdır – REPORTAJ, FOTOLAR

Abutalıbovun “üstü bəzək” biznesinə “STOP” qərarı: Sakinlərsə, narahatdır – REPORTAJ, FOTOLAR

Paytaxt sakinləri: “Əhmədlidəki yanğını gördük. Bizim də başımıza eyni hadisə gələ bilər”

Aprel ayının əvvəllərində Xətai rayonu, Nobel prospekti, Məhəmməd Hadi küçəsində çoxmərtəbəli yaşayış binasında dəhşətli yanğın hadisəsi baş verdi. Yanğın nəticəsində yüzdən çox mənzil yanaraq, yararsız hala düşdü.
Yanğının belə geniş yayılmasına səbəb isə binaların bəzədilməsi üçün istifadə edilən penoplast materialı idi. Bununla da köhnə binaların görünən hissəsinin bəzədilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən binalara vurulan penoplast üzlüklərin nə qədər təhlükəli olması mövzusu bir daha gündəmə gəldi.
Ömrünü başa vurmuş və ya başa vurmaq üzrə olan binaların, yeni tikili formasına salınması üçün aparılan işlərlə bağlı dəfələrlə yazılar yazmışdıq. Və hər yazımızda bu materialın yanmaya meyilli olduğunu bildirmişdik.
Baş verən hadisə və bunun mətbuatda geniş şəkildə işıqlandırılması öz təsirini göstərdi. Belə ki, ilk olaraq, binaların bəzədilməsi zamanı istifadə edilən taxta konstruksiyalar dəmirlər ilə əvəz edildi. Amma görünən budur ki, bu da kifayət etməyib.
Çünki məlumatlara görə, məlum yanğın hadisəsi hakimiyyətin yüksək dairələrində ciddi narahatlıq doğurub. Xüsusilə də “Bakı-2015″in Təşkilat Komitəsindən Hacıbala Abutalıbova sərt xəbərdarlıq edilib.
Bakı merinin özünü sığortalama üçün günahı bina sakinlərinin üzərinə qoymaq istədiyi, amma onun dediklərinin qəbul edilmədiyi söylənilir. Yarışların Təşkilat Komitəsinin narahatlığı başadüşüləndir. Çünki paytaxt Bakı Avropa Oyunları səbəbindən dünyanın diqqətindədir. Bu tipli ajiotaj yaradacaq hadisələr ciddi problemlər və suallar yarada bilər. Və buna görə də, H.Abutalıbovun “üstü bəzək” biznesi ilə bağlı “STOP” qərarı verilib.
Amma bəzi yerlərdə binaların fasadının bəzədilməsi hələ də davam edir. Onlardan biri də Mətbuat prospekti və ona bitişik olan küçələrdir. Məlumatı dəqiqləşdirmək üçün adıçəkilən ünvanda olduq. Həqiqətən də binaların fasadlarında təmir işləri davam edirdi.
Amma burada vəziyyət bir az fərqlidir. Öyrəndik ki, Bakıdakı binaların bəzədilmə işləri BŞİH tərəfindən müxtəlif şirkətlərə həvalə edilib. Hər bir şirkət də onlara düşən ərazidəki binaların görünən hissəsini penoplast tərkibli materiallarla bəzəyir. Xırda təmir işləri aparır.
Burada aparılan işləri “Qlobal Konstrakşn – Global Construction” şirkəti öz üzərinə götürüb. Prospekt boyu və ona bitişik olan küçələrdəki binaların fasad örtüyünün dəyişdirilməsi demək olar ki, tamamlanıb.
Hazırda həmin şirkət Ayna Sultanova küçəsindəki binada işləri yekunlaşdırmaq üzrədir. Digər binaların fasad örtüyü Avropa Oyunlarından sonra dəyişdiriləcək. Bu haqda konkret tapşırıqlar da verilib.
Bina sakinləri bu örtüyün təhlükəli olduğunu və belə bir “partlamamış mina”nın öz binalarına yerləşdirilməsini istəmirlər: “Əhmədlidəki yanğını gördük. Bizim də başımıza eyni hadisə gələ bilər. İstəmirik. Dayandırsınlar. Qorxuruq, ailəmizin həyatını düşünürük. Pəncərəmizin qarşısına daha bir pəncərə vurublar. Kənardan pis görünür”.
Şəhərin bir çox yerlərində işlərin dayandırıldığı halda, burada isə prosesin davam etdirilməsinə səbəbi kimi, şirkət əməkdaşı onların fərqli materialdan istifadə etməsini və daha keyfiyyətli işləmələrini göstərdi: “Biz digərlərindən fərqli olaraq, yanmağa meyilli materialdan istifadə etmirik. Binaların fasadlarında istifadə etdiyimiz material xarici görünüşcə digərlərinə bənzəsə də, eyni deyil. Belə ki, bizim şirkətin öz zavodu var. Biz həmin zavodda poliuretan üzlüklər istehsal edirik. Və onun tərkibinə yanmayan xüsusi maddələr əlavə edirik. Bu da bizim istifadə etdiyimiz materialları daha keyfiyyətli və təhlükəsiz edir.
Bundan əlavə biz təmir zamanı bina ilə örtüyün arasındakı hissənin boş qalmaması üçün hər mərtəbədə “daş yunu” adlanan materialdan da istifadə edirik. Bu material yanmır və hava keçirmir. Gələcəkdə ola biləcək hər hansı bir yanğının genişlənməsinin qarşısını alır və vurduğumuz örtüyün ömrünü daha da uzadır. Tərkibində şüşə materialı olduğu üçün yanmır. Günəş şüasının təsirinə məruz qalmır və yığılma prosesi baş vermir. Zaman keçdikcə ovulmur, çürümür, korroziyaya uğramır və paslanmır. Asan kəsilir və istifadə olunur. Fiziki xüsusiyyətlərini zaman keçdikcə itirmir.
Əlavə olaraq, biz binalardakı pəncərələrin qarşısına möhkəm metaldan hazırlanmış öz pəncərələrimizi də vururuq. Bu, dizayn baxımından vacibdir. Pəncərələri qoyarkən belə, təhlükəsizliyi unutmuruq. Pəncərənin dörd bir yanını xüsusi metal örtüklə qapadırıq ki, arakəsmədə boşluq olmasın, sakinlərdən kimsə balkonda, pəncərədə siqaret çəkərkən hər hansı bir hadisə baş verməsin.
Biz həm də binaların ilk mərtəbəsində aqlaydan istifadə edirik. Poliuretan materialının bir çox üstünlükləri var. Yüngüldür, qısa müddət ərzində divara vurmaq mümkündür. Düşünün ki, divarları təbii daşla (aqlayla) örtmüşük. Nə vaxtsa onlardan biri qopub, yerə düşərsə, piyadalar üçün böyük təhlükə olar. Təbii daşın quraşdırılması zamanı zərərli toz maddələri ayrıldığı halda, poliuretan örtüyü quraşdırılarkən toz maddələri yaranmır və insanın səhhətinə, eləcə də, ətraf mühitə dəyə biləcək ziyan aradan qaldırılmış olur. Material korlanmır, bakteriyaların və göbələklərin yaranmasına şərait yaratmır, həşəratların təsirinə davamlıdır”.
Söhbətimiz zamanı şirkətin mühəndisi ilə də qarşılaşdıq. O da gördükləri işlərin yüksək keyfiyyətlə aparıldığını dedi: “Bizim istifadə etdiyim materiallar yanmır. Sakinlərin narahatçılığını anlayırıq. Amma onları əmin edirik ki, bizim istifadə etdiyimiz poliuretan üzlüklər yanmır. Pəncərələr məsələsi isə problemli bir şey deyil. Bizim qoyduğumuz pəncərələr yüksək keyfiyyətlidir. İstəsələr, özlərinin ağ rəngli, plastik pəncərələrini çıxarda bilərlər.
Bəzi şəxslər bu materialdan istehsal etmək istəyirlər. Amma qaydalara düzgün riayət etmirlər. Ona görə də, insanlar arasında bütün şirkətlər haqqında eyni fikir formalaşır. Hətta mən mətbuatda oxudum ki, penoplast zibildən hazırlanır. Onu yazanlar gəlsinlər, zibildən bir dənəsini hazırlasınlar. Edə bilməzlər. Çünki elə şey mümkün deyil. Biz öz gördüyümüz işə tam əminik. Bütün sertifikatlarımız var. İstifadə etdiyimiz hər bir material yoxlamadan uğurla keçib”.
Şirkət əməkdaşlarının dediklərini təbii ki, araşdırdıq. İlk olaraq, təmirdə istifadə etdikləri poliuretan materialını alışqanla yandırmağa çalışdıq. Eyni prosesi Nobel prospektindəki yanan binaya vurulan materialla da etmişdik. Aradakı fərq – burada yandırmağa çalışdığımız material daha gec alışdı və tez söndü. Qoxusu isə eynidir. Nəfəskəsici bir iyə malikdir.
“Daş yunu” deyilən materialı da spiral alışqanla yandırmağa çalışdıq. Bu zaman materialda qaraltı yarandı, amma yanmadı. Kənardan tez yanan bir görüntü versə də, “daş yunu” yanmır. Bakıda görülən bütün işlər bu binalardakı kimi aparılmır. Qısa müddət ərzində tamamlansın deyə, bəzəmə işləri zamanı təhlükəsizlik tədbirləri unudulur.
Bəzi binaları bu kimi şirkətlər bəzəyir. Bəzilərini bəzəyənlər haqda isə heç bir məlumat yoxdur. Onların istifadə etdikləri penoplastın tərkibi, davamlılığı, dözümlüyü, alova qarşı reaksiyası, harada istehsal edilməsi məlum deyil. Bu da binaların görünən hissəsinin fasad örtüyünün bəzədilməsi işlərinə qoyulan “STOP” qərarının nə qədər doğru olduğunu göstərir.
Bəzi məlumatlarda deyilir ki, Avropa Oyunlarından sonra bəzəmə işləri davam etməyəcək. Əgər işlər davam etdirilərsə, həmin layihə Hacıbala Abutalıbova həvalə edilməyəcək.












Həmçinin oxuyun

“G7” ölkələrindən Bakı və Yerevana çağırış

“G7” ölkələri Bakı və Yerevanı davamlı sülhə nail olmağa çağırıb. Qurum bölgədə gərginliyin yolverilməz olduğunu …

Bir cavab yazın