Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / ABŞ Qarabağa qanunsuz getmiş bir dələduza görə Azərbaycanla münasibətləri korlayacaqmı…

ABŞ Qarabağa qanunsuz getmiş bir dələduza görə Azərbaycanla münasibətləri korlayacaqmı…

“ABŞ öz vətəndaşı barədə müvafiq ölçü götürməli və onun Azərbaycan qanunları çərçivəsində cəzalandırılmasına şərait yaratmalıdır”

Samir Adıgözəlli: “Əks təqdirdə bu hadisə iki ölkə arasında münasibətlərin korlanmasına səbəb ola bilər”

Amerika Birləşmiş Ştatlarının Dan Bilzeryan adlı vətəndaşının Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri, bu səfər əsnasında odlu silahlardan istifadə etməsi və digər qanunazidd əməlləri ilə əlaqədar ABŞ Səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinə ünvanlanan notası təqdim olunub.
Bu barədə Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. Məlumata görə, görüş əsnasında Dan Bilzeryan adlı birisinin Azərbaycan Respublikasının “Dövlət sərhədi haqqında” Qanunu və Miqrasiya Məcəlləsini pozaraq, müvafiq sənədlər təqdim etmədən və ölkəmizin müvafiq qurumları tərəfindən müəyyən edilməyən sərhəd-keçid məntəqələrindən kənar, Ermənistan ərazisindən Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etdiyi, Xankəndi şəhəri və işğal olunmuş digər ərazilərdə olarkən qondarma rejimi təşviq etdiyi, qanunsuz yolla odlu silahlar əldə etdiyi və nümayişkarcasına və təxribatçı məqsədlərlə bu silahlardan Azərbaycan Silahlı Qüvvələrinin mövqeyinə atəş açdığı diqqətə çatdırılıb. Həmçinin, ABŞ vətəndaşı olan bu şəxsin kameralar qarşısında tərbiyəsiz və nadan açıqlamalarının Azərbaycan xalqının ləyaqətinə və mənəvi dəyərlərinə toxunduğu diqqətə çatdırılıb və onun bu kimi əməllərinin Azərbaycan və ABŞ arasında olan dostluq əlaqələrinin ruhuna zidd olduğu diqqətə çatdırılıb.

Onun bu kimi qanunsuz əməlləri ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən cinayət işinin açıldığı və məsuliyyətə cəlb edilməsi üçün zəruri tədbirlərin görüldüyü vurğulanıb.
Azərbaycan tərəfdən ABŞ hökumətinin D.Bilzeryan adlı birisinin qanunsuz əməlləri ilə əlaqədar ölkəmizin narahatlığını ciddi surətdə nəzərə alacağı, öz vətəndaşlarını Azərbaycan Respublikasının mili qanunları, suverenliyi və ərazi bütövlüyünün, habelə beynəlxalq hüququn norma və prinsiplərinin pozulması hallarından çəkindirmək üçün zəruri tədbirlər görəcəyinin gözlənildiyi qeyd olunub.
Olduqca ciddi olan bu məsələdə ABŞ hansı mövqeni ortaya qoymalıdır?
Dünya Azərbaycanlıları Konqresi icra aparatının rəhbəri Samir Adıgözəlli qəzetimizə açıqlamasında bildirdi ki, qondarama rejimin işğal altında saxladığı əraziyə Azərbaycanın icazəsi olmadan səfərlərin edilməsinə dair çox məlumatlara rast gəlinir: “Bilirsiniz ki, aşkar olunan həmin faktların hər biri ilə bağlı Azərbaycan müvafiq tədbirlər həyata keçirir. Hətta tanınmış bir blogerin xarici ölkələrdən birində həbs olunaraq Azərbaycan qanunları qarşısında mühakimə olunduğu da məlumdur. Xarici İşlər Nazirliyi tərəfindən “qara siyahı” deyilən sənəd hazırlanıb. Bu istiqamətdə qanunlara riayət etməyənlərin adı ora salınır. Hətta bəzi ölkələr işğal altındakı əraziyə səfər edən rəsmilərlə bağlı deyirdilər ki, onlar mərkəzi hakimiyyəti deyil, yerli özünüidarəetmə qurumlarını təmsil edirlər. Bu istiqamətdə də xeyli səylər görüldü və nəticədə həmin səfərlərin də sayı azaldı. Hətta bəzi sənət adamları orada gedib konsert verdiklərinə görə onların əfv olunması ilə bağlı müraciət etdilər. Yəni bu istiqamətdə müsbət irəliləyişin şahidi olurduq. Belə bir zamanda erməni saytları erməni əsilli Amerika vətəndaşı Den Bilzeryanın Ermənistana dönərək bu ölkənin vətəndaşlığını alması ətrafında əməlli-başlı şou yaradıblar.

Onların yazdığına görə, guya artıq Ermənistanda demokratik quruluşun bərqərar olması bu ölkəyə investisiya cəlbində ciddi dönüş yaradıb və milyonçu iş adamı D.Bilzeryan da məhz bu səbəbdən ölkəsinə sərmayə yatırmaq, dövlətinə dəstək olmaq məqsədilə bura qayıdaraq tələm-tələsik vətəndaşlıq alıb. Araşdırdıqda məlum olur ki, bu adam ailəlikcə dələduzdur. Ən maraqlısı isə budur ki, harın adam silahla Azərbaycanın mövqelərinə belə atəş açmaqdan çəkinməyib. Bu baxımdan da hesab edirəm ki, ABŞ öz vətəndaşı barədə müvafiq ölçü götürməli və onun Azərbaycan qanunları çərçivəsində cəzalandırılmasına şərait yaratmalıdır. Əks təqdirdə bu hadisə iki ölkə arasında münasibətlərin korlanmasına səbəb ola bilər”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …