Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Siyasət / “ABŞ Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həllində maraqlıdır” – Dövlət katibi

“ABŞ Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həllində maraqlıdır” – Dövlət katibi

Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə xarici işlər naziri Elmar Məmmədyarov və ABŞ-ın dövlət katibi Reks U. Tillerson arasında təbrik məktubu mübadiləsi həyata keçirilib.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, Elmar Məmmədyarov ABŞ-ın dövlət katibinə ünvanladığı məktubunda ötən 25 il ərzində ölkələrimiz arasında əlaqələrin xüsusilə siyasi, iqtisadi və təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığımızın inkişafı ilə xarakterizə olunan strateji tərəfdaşlığa çevrildiyini vurğulayıb.
Nazir hazırda Azərbaycanın Avropanın enerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsinə töhfə verməklə ABŞ ilə enerji məsələləri üzrə yaxından əməkdaşlıq etdiyini bildirib. Bununla yanaşı, iki ölkənin terrorizmə qarşı mübarizə və kütləvi qırğın silahlarının yayılmaması üzrə uğurlu əməkdaşlıq etdiyini qeyd edərək, Azərbaycanın ABŞ-ın Əfqanıstandakı əməliyyatlarına dəstək verən ilk ölkələrdən biri olduğunu qeyd edib.
Elmar Məmmədyarov Azərbaycanın Ermənsitan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ABŞ-ın ədalətli vasitəçiliyinə etibar etdiyini və münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında sülh yolu ilə nizamlanmalı olduğunu bildirib.
ABŞ-ın dövlət katibi Reks U. Tillerson Elmar Məmmədyarova ünvanladığı məktubunda ölkəsinin xüsusilə enerji sahəsində Azərbaycanla yaxından əməkdaşlıq etdiyini deyib. O, ABŞ-ın Azərbaycanın öz iqtisadiyyatının şaxələndirilməsi, iqtisadi imkanlarının artırılması istiqamətində səylərinə dəstək verdiyini bildirib.
Dövlət katibi Azərbaycanın 9/11 hadisələrindən sonra ABŞ-a dəstək verən ilk ölkələrdən biri olduğunu vurğulayıb. O həmçinin ABŞ-ın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həllində maraqlı olduğunu qeyd edib.
Reks U. Tillerson dostluq və əməkdaşlığın 25 illiyi münasibətilə Amerika xalqı adından Azərbaycan xalqına təbriklərini çatdırıb.
mia.az

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın