Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / ABŞ-la tarixi müttəfiqləri arasında “İran çatı”

ABŞ-la tarixi müttəfiqləri arasında “İran çatı”

“ABŞ Avropaya öz siyasətini diktə edə bilməz”. Bu sözləri Avropa İttifaqının (Aİ) xarici məsələlər üzrə komissarı Federika Mogerini deyib.

Aİ rəsmisi qurumun Vaşinqtona İranla ticarət siyasətini müəyyən etməyə imkan verməyəcəyini qeyd edib: “Biz, 28 üzv dövlətin ittifaqı olaraq dünya birliyinin qalan hissəsi ilə bir yerdə İranla imzalanan və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik tərəfindən verilən 13 hesabat üzrə böyük həcmdə yerinə yetirildiyi təsdiq edilən sazişi qoruyub saxlamaq üzərinə çalışırıq”.

Avropa İttifaqının təmsilçisinin sözlərinə görə, bu işin içində İranla qanuni yolla çalışmaq istəyən şirkətlərə təminat verilməsi məsələsi də var: “Biz avropalılar, bizimlə hətta yaxın və müttəfiq olsa belə, xarici bir ölkənin başqa bir dövlətlə qanuni ticarəti barədə qərar qəbul etməsi ilə razılaşa bilmərik. Bu, suverenliyin əsas elementini təşkil edir və belə bir mövqe həm Avropa, həm də digər dünya ölkələri tərəfindən paylaşılır”.

Beləliklə, Vaşinqtonun İrana qarşı tətbiq etdiyi sanksiya ilk fiaskosunu yaşadı. Avropa İttifaqı-ABŞ qarşıdurması Tehranın xeyrinə işləməyə başlayıb. Buna rəğmən, ABŞ-ın sanksiyaları İrana ciddi təsir göstərə biləcək. Lakin bu sanksiyaların nəticəsində İran iqtisadi və siyasi baxımdan tamamilə çökə bilməz.

Əlbəttə ki, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar neftin qiymətinə də təsir göstərəcək. Azərbaycan da neft ölkəsi olduğu üçün bu sanksiyalar ölkəmizə ciddi mənada mənfi təsir göstərə bilməz. Çünki ən azı neftin qiyməti sabit qalacaq, yaxud bahalaşacaq.

Netf bazarına nəzarət suni şəkildə həyata keçiriləcək, bu baxımdan sanksiyaların bölgəyə ciddi təsir göstərəcəyi qənaətində deyiləm. Bir daha vurğulayım ki, Tehran ilə danışıqlarda onu daha ciddi güzəştlərə vadar etmək üçün bu sanksiyalardan bir taktika kimi istifadə ediləcək.

ABŞ-İran münasibətləri gərginləşməyə doğru gedəcək, lakin bunu münasibətlərin sonu kimi dəyərləndirmək də düzgün deyil. Məsələ ondadır ki, Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-la Avropa qitəsi arasında qarşıdurma açıq müstəviyə keçib. Artıq aparıcı Avropa ölkələri, məsələn Almaniya daha müstəqil siyasət yeritməyə başlayıb.

Bu baxımdan da onlar ABŞ-ın istəyinə boyun əymək firkində deyillər. İran ABŞ-la Avropa ölkələri arasında olan qarşıdurmadan istifadə edərək öz neftini Türkiyə və Avropa ölkələrinə sata bilər. Odur ki, ABŞ sanksiyalarının o dərəcədə ciddi təsir göstərəcəyi ehtimalı azdır.

Avropa ilə ABŞ arasında qarşıdurma Türkiyə, Azərbaycan, İran, Çin kimi ölkələrə sərf edir. İranın Türkiyə və Çinə, o cümlədən Avropa ölkələrinə öz neftini çıxarmaq şansı var. Artıq ABŞ-ın dediyi qanun kimi qəbul edilmir. Buna görə də sanksiyaların uzadılması məhz ABŞ-ın istəyi, iradəsi və hikkəsi ilə həyata keçirilir.

Yəqin ki, İran indi ikitərəfli əlaqələrə üstünlük verəcək. Əgər İran öz enerji daşıyıcılarını dünyaya istədiyi şəkildə sata bilməyəcəksə, o zaman digər dövlətlərin Hörmüz boğazından keçən və Qərbə gedən neft və qazın daşımasına əngəl yarada bilər. Hörmüz boğazının bağlanması o qədər də asan məsələ deyil. Hesab edirəm ki, belə bir addım atılarsa, onda bu, təkcə ABŞ-ı deyil, eyni zamanda neft satan bütün ölkələri İranın əleyhinə qaldıra bilər.

Əslində, bu, İran üçün arzuolunan hal deyil. Çünki bildiyiniz kimi, ABŞ onsuz da Yaxın Şərqdə bir “Ərəb NATO-su” yaratmaq istəyir. Və bu “Ərəb NATO-su” İrana qarşı durmaq, ona savaş açmaq və çökdürmək üçün hədəflənib. Məhz elə bu səbəbdən də Hörmüz boğazının İran tərəfindən bağlanması ABŞ-ın xeyrinə işləyə bilər.

Bütün bunlara baxmmayaraq, siyasi araşdırmaçılar belə hesab edirlər ki, ABŞ və onun müttəfiqləri ilə İran arasında hərbi qarşıdurma riski böyük deyil. Tərəflər arasında açıq savaşın başlanması real görünmür. Belə bir müharibə bir ölkə ərazisində deyil, bir neçə ölkə ərazisində baş verə və bu da öz növbəsində, böyük fəsadlarla nəticələnə bilər. Dünya isə belə bir savaşa hazır deyil…

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …