Ana səhifə / Siyasət / “ABŞ kimi fövqəl dövlət Azərbaycanın regiondakı önəminin fərqindədir” – Təbriz Musayev

“ABŞ kimi fövqəl dövlət Azərbaycanın regiondakı önəminin fərqindədir” – Təbriz Musayev

Məlum olduğu kimi, Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Prezidenti və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə Amerika xalqı adından təbrik edən Bayden məktubda bir sıra məqamlara toxunub. O cümlədən, təbrik məktubunda belə bir məqam var: “İndi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır. Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır”.

Bax bu, bölgə dövlətləri içərisində Birləşmiş Ştatların siyasətində Azərbaycanın xüsusi önəm daşıdığı və Prezident İlham Əliyevin siyasətinə verdiyi xüsusi önəmin ifadəsi kimi qəbul oluna bilərmi?

Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, təbrik məktubunda çoxsaylı məqamların yer alması Azərbaycanın nə qədər önəmli çəkiyə malik olduğunun göstəricisidir: “Sevindirici haldır ki, ABŞ kimi fövqəl dövlət Azərbaycanın regiondakı önəminin fərqindədir. Fərqində olmaqla yanaşı, buna xüsusi dəyər verir. Məktubda bir sıra məqamların öz əksini tapması buna əyani sübutdur. Çünki bütün bunlar ölkəmizə, Prezidentə, onun apardığı siyasətə olan diqqətin göstəricisidir. Bu, Azərbaycanın regiondakı nüfuzunun göstəricisidir. Birləşmiş Ştatların Azərbaycan-Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinin bütün Qafqaza, Transxəzər regionunun inkişafına imkan verəcəyi qənaətində olması çox önəmli məqamdır. Bu o deməkdir ki, Azərbaycanın sülh təşəbbüsləri dəstəklənir, iqtisadi, nəqliyyat və digər məsələlərlə bağlı Prezidentin ortaya qoyduğu mövqe rəğbətlə qarşılanır. Bununla ABŞ hazırkı mürəkkəb dövrdə Azərbaycanın müstəqilliyinə və suverenliyinə öz dəstəyini ifadə edir. Vaşinqton Azərbaycanın regionda həlledici faktor olduğunu qəbul edir. Regionun inkişafında Azərbaycanın oynadığı rola dəyər verir. Bütün bunlar əlbəttə ki, cənab İlham Əliyevin qətiyyətli liderliyi, həmçinin, siyasi-diplomatik arenadakı şəxsi nüfuzu ilə izah edilə bilər. Baydenin müraciətində Azərbaycana verilən böyük dəyərin əsasında Prezidentin uğurlu siyasəti dayanır”.

İAT sədri hesab edir ki, Azərbaycanın ABŞ üçün önəmi getdikcə daha da artır. (Bakı-Xəbər)

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …