Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / ABŞ kəşfiyyatının ilk qadın direktoru dünyaya nə vəd edir?

ABŞ kəşfiyyatının ilk qadın direktoru dünyaya nə vəd edir?

Martın 13-də ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonu vəzifədən azad edib. Onun yerinə isə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (ingiliscədə CİA – K.R.) rəhbəri Mayk Pompeonu dövlət katibi təyin edib. Trampın başqa bir əmri ilə CİA rəhbərinin müavini Cina Haspel Pompeonun yerinə təyin olunub.

ABŞ hazırda dünyanın ən qüdrətli dövləti ünvanını özündə saxlayır və təsadüfi deyil ki, bu ölkənin baş kəşfiyyat orqanı olan CİA-nın dünyanın bir çox ölkələrində fəaliyyətləri var və ABŞ gücünü təmsil edən əsas qurumlardan biri də məhz kəşfiyyat idarəsidir. Bu səbəbdən də təyinat diqqətləri cəlb edib, digər tərəfdən CİA direktoru postuna ilk dəfə bir qadının təyin olunması kimi yenilik var.

CİA-nın yeni direktoru necə deyərlər, işinin peşəkarıdır. Cina Haspel ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində 34 ildir xidmət edir. 1956-cı ildə dünyaya gələn Cina Haspel 1984-cü ildə CİA-da xidmətə başlayan C.Haspel ötən il fevralın 3-də Mayk Pompeonun müavini vəzifəsinə təyin olunub. Mayk Pompeo Haspel haqqında “nümunə olacaq bir kəşfiyyatçı” ifadəsini işlədib. Baxmayaraq ki, ötən il Senatdakı demokrat senatorlar Haspelin təyinatına etiraz etmişdilər. söhbət yeni kəşfiyyat direktorunun adının işgəncələrdə hallanması ilə bağlı məlumatlardan gedir.

Məsələ burasındadır ki, CİA-nın yeni direktoru 2002-ci ildə təşkilatın “qara dəlik” adı ilə tanınan Taylandda yyerləşən “Pişik gözü” adlı həbsxanasında xidmət edib. Bu həbsxana isə əsl “işgəncə maşını” kimi tanınıb, burada su ilə boğma üsulu ilə şübhəlilərdən ifadə alınıb. ABŞ Senatının Kəşfiyyat Komitəsi hesabatlarında Haspelin rəhbərlik etdiyi həbsxanada şübhəli şəxslərdən qanunla qadağan olunmuş üsullarla işgəncələr həyata keçirilib. Bundan başqa açıqlanan CİA sənədlərinə görə, əl-Qaidə üzvü Əbu Zübeydə adlı terrorçu həbsxanada olduğu zaman bir ay ərzində 83 dəfə işgəncəyə məruz qalıb, yatmasına imkan verilməyib, başı divara vurulub, sol gözünü itirib. Ancaq bütün bunlara baxmayaraq Əbu Zübeydənin ciddi bir kəşfiyyat məlumatına sahib olduğu təsdiqini tapmayıb. Eyni zamanda Haspelin həbsxanadakı bir çox qeydlərin və sənədlərin məhv etdirdiyi bildirilir. Hətta Avropa Konstitusiya və İnsan Haqları Mərkəzi Haspeli işgəncələrdə ittiham edib. O da məlum olub ki, CİA-nın yeni direktorunun “metodologiyası” daha sonra başqa həbsxanalarda da istifadə olunub.

Yeni dəyişikliyin nə qədər davam edəcəyi məlum deyil. Məsələ ondadır ki, ötən ilin yanvarından bu yana Trampın komandasından 14 şəxs uzaqlaşdırılıb. İlk qadın kəşfiyyat direktorunun da postunda nə qədər qalacağı məlum deyil. Ancaq yeni təyinatlar rəsmiləşdikdən sonra aydındır ki, əsas diqqətlər ABŞ-ın və bütün dünyanın marağında olan Yaxın Şərqə çevriləcək. Üstəlik son dəyişiklikdən belə aydın olur ki, ABŞ xarici siyasəti və kəşfiyyatı bundan sonra təxminən “eyni ağızdan” danışacaq.

Məsələ ondadır ki, Pompeo və Haspel keçmiş həmkar və yaxın tərəfdaş kimi birgə fəaliyyət göstərəcəklər. Məlum olduğu kimi, Pompeo ABŞ-ın indiki hakimiyyətində sərt xəttin nümayəndəsi kimi tanınır. Trampın Tillersonu azad etməsi səbəblərindən biri də – bunu açıq ifadə edib – onun İranla bağlı sərt qərarların tərəfdarı olmaması imiş. Pompeo isə əksinə, bu mövzuda Trampla daha yaxın həmfikirdir. Bu isə onu deməyə əsas verir ki, Trampın sərt xəttinə mane olan şəxslər azalır.

Gina Haspel ile ilgili görsel sonucu

Xarici siyasət idarəsinə kəşfiyyatçının gətirilməsi və üstəlik kəşfiyyat idarəsinə isə sərt metodları, işgəncələri ilə “məşhurlaşmış” birinin gətirilməsi Trampın bundan sonrakı addımlarının təxmini istiqamətini müəyyən edir. ABŞ xarici siyasəti daha kəskin qərarlara imza atacaq. Yeri gəlmişkən, Tillerson martın 19-da Türkiyə xarici işlər naziri ilə Menbicin taleyini müzakirə edəcəkdi. Hətta Ankarada Vaşinqtonla anlaşma ilə bağlı ümid işartıları vardı. Ancaq Türkiyənin hazırkı hakimiyyətinə qarşı sərt mövqeyi ilə tanınan və kəşfiyyata rəhbərlik etdiyi zaman Türkiyə ilə bağlı sərt addımlar atan Pompeonun güzəştə gedəcəyi inandırıcı görünmür.

Gina Haspel ile ilgili görsel sonucu

Beləliklə, qarşıdakı dövrdə ABŞ xarici siyasəti və kəşfiyyatının “bir səs çıxaracağı” və bu “səsin” heç də yumşaq olmayacağını indidən demək mümkündür. Nəzərə alsaq ki, indi Suriyada proseslər həlledici mərhələyə qədəm qoyub, o zaman yeni kadr dəyişikliyinin ilkin təsirlərini daha tez bir zamanda hiss edəcəyik.

Yeri gəlmişkən, ötən il ABŞ prezidenti CİA-nın İran şöbəsinə “Ayətullah Mayk” ləqəbli Mayk deAndreanı təyin edib və bu təyinatdan sonra təcrübəli Yaxın Şərq kəşfiyyatçısının fəaliyyəti hiss olunmağa başladı.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …