Ana səhifə / Siyasət / ABŞ-dan məmurlarla “Azercell” arasında korrupsiya sövdələşməsi ittihamı

ABŞ-dan məmurlarla “Azercell” arasında korrupsiya sövdələşməsi ittihamı

Aparıcı Qərb KİV-ləri, o cümlədən “Financial Times”, “Bloomberg” və digərləri aparıcı milli mobil rabitə operatoru olan “Azercell” şirkətini və onun ən nəhəng səhmdarı olan İsveç şirkəti TeliaSoneranı Azərbaycan məmurları ilə korrupsiya sazişlərində ittiham edib.

Xatırladaq ki, virtualaz.org saytı artıq bir müddətdir ki, “Azercell”in keçmiş rəhbərlərinin korrupsiya əməlləri və qeyri-şəffaf fəaliyyəti, habelə şirkətin Azərbaycan ərazisindəki çoxsaylı maxinasiyaları barədə araşdırma yazıları dərc edir.

“Azercell” və TeliaSonera bu dəfə aparıcı Qərb KİV-ləri tərəfindən ittiham olunur. Birja treyderi Karson Blok tərəfindən təsis edilmiş “Muddy Waters” təhqiqat firmasının hesabatı yayılandan sonra İsveçin telekommunikasiya nəhəngi olan TeliaSoneranın səhmləri kəskin şəkildə ucuzlaşıb. Həmin hesabatda İsveç şirkətinin Avrasiya bazarındakı fəaliyyətinin şəffaflıq dərəcəsi şübhə altına alınıb.

Nüfuzlu “Bloomberg” agentliyi bildirir ki, “Muddy Waters” TeliaSoneranı şirkətin Avrasiya qruplarının fəaliyyətindəki mümkün korrupsiya barədə informasiyaları gizlətməkdə ittiham edib. “Muddy Waters” analitiklərinin hesablamalarına görə, Avrasiya və Nepalda həyata keçirilən əməliyyatlar zamanı 17 milyard İsveç kronundan artıq (2 milyard dollar) məbləğdə rüşvət verilib.

“The Financial Times” xəbər verir ki, bu hesabat açıqlanandan sonra TeliaSoneranın səhmləri ən son məlumatlara görə, təxminən 8 faiz ucuzlaşıb. Bu isə şirkətin son 3 illik fəaliyyəti tarixində onun səhmlərində baş verən ən böyük ucuzlaşmadır.

Nüfuzlu Qərb KİV-ləri yazır ki, ABŞ, Niderland və İsveç hökumətləri TeliaSoneranın Özbəkistandakı biznes fəaliyyətini artıq araşdırmağa başlayıb. BU araşdırmalar şirkətin Direktorlar Şurasında artıq bəzi yerdəyişmələrə, habelə şirkətin əsas Avropa bazarından kənardakı bütün əməliyyatlarını satmaq barədə qərar verməsinə gətirib çıxarıb.

TeliaSonera şirkəti isə öz növbəsində bəyan edib ki, o, “Muddy Waters”in hesabatında gəlinən nəticələri qəbul etmir. TeliaSoneradan bildirilib ki, onlar “İsveç, ABŞ və Niderlandda davam edən araşdırma ilə əvvəlki kimi tam şəkildə əməkdaşlıq edirlər”.

Bununla belə “Muddy Waters” bildirir ki, TeliaSonera Özbəkistanda hər halda rüşvət verib. Rüşvətin məbləği isə 3,1 milyard İsveç kronu (376,5 milyon dollar) təşkil edib.

“Özü də Özbəkistan aysberqin hələ görünən hissəsidir” – “Muddy Waters”in hesabatında belə deyilir.

“Muddy Waters”in analitikləri daha sonra bildiriblər: “Biz hesab edirik ki, TeliaSonera Avrasiya və Nepaldakı fəaliyyəti boyunca 17 milyard İsveç kronundan artıq rüşvət verib. Bundan əlavə TeliaSonera şirkəti potensial olaraq Azərbaycandakı problemli tərəfdaşına əlavə olaraq 7,6 milyard kron (923 milyon dollar) ödəməyə borclu idi”.

“Muddy Waters” TeliaSoneranın Direktorlar Şurasına məktub yazıb. Məktubda göstərilir ki, şirkətin maliyyə hesabatı “ictimaiyyətə əhəmiyyətli dərəcədə ciddi təhriflərlə təqdim olunur, gizlədilən puların məbləği 20 milyard krona (2,4 milyard dollar) çata bilər”.

Hesabatda o da xatırladılır ki, TeliaSonera şirkəti Avrasiyanın bir çox ölkələrindəki biznesini satsa da Azərbaycandakı potensial korrupsioner tərəfdaşlarına “Azercell” vasitəsilə dividentlər ödəməkdə davam edir.

“Muddy Waters” mütəxəssislərinin qiymətləndirməsinə görə, TeliaSonera Azərbaycanda “şübhəli kontragentlərin xeyrinə” 9,1 milyard kron (1,1 milyard dollar) ödəniş edib.

TeliaSonera isə öz növbəsində bunları bəyan edib: “Hesabatlılığa gəlincə bizim şirkət nə qədər mümkündürsə o qədər də açıq və şəffaf fəaliyyət göstərir. TeliaSonera ABŞ hakimiyyətindən bu günə qədər hər hansı irad eşitməyib. Əgər belə bir iddia və ittiham irəli sürülsə, o zaman maliyyə hesabatı təqdim etməkdən danışmaq olar”.

Xatırladaq ki, səhmlərinin 37 faizi İsveç hökumətinə məxsus olan TeliaSonera Özbəkistan, Qazaxıstan, Tacikistan, Azərbaycan, Moldova, Gürcüstan və Nepalda şirkətlərə nəzarət edir.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın