Ana səhifə / Siyasət / “ABŞ-Azərbaycan münasibətləri gələcəkdə daha da dərinləşəcək” – Corc Kent

“ABŞ-Azərbaycan münasibətləri gələcəkdə daha da dərinləşəcək” – Corc Kent

Mayın 28-də Vaşinqtonda Respublika Günü münasibətilə ABŞ dövlət rəsmilərinin iştirakı ilə rəsmi tədbir keçirilib.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən APA-ya verilən məlumata görə, Vaşinqtonun tarixi mərkəzində yerləşən ABŞ-Azərbaycan Ticarət Palatasından (USACC) Azərbaycan və ABŞ-ın dövlət bayraqları asılıb.

Tədbirdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, ABŞ-Azərbaycan Ticarət Palatasının idarə heyətinin sədri Rza Vəziri, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent, ABŞ Müdafiə katibinin Rusiya, Ukrayna və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Laura Kuper, Vaşinqton şəhər merinin protokol və beynəlxalq məsələlər ofisinin rəhbəri Patrisia Elvud, ABŞ Dövlət Departamentinin və Müdafiə Departamentinin nümayəndələri, ABŞ şirkətlərinin və təşkilatlarının rəsmiləri, Türkiyənin ABŞ-dakı Səfirliyinin hərbi attaşesi və hərbi attaşelik aparatının nümayəndələri, səfirliyin əməkdaşları və mətbuat nümayəndələri iştirak edib.

Tədbirin əvvəlində öncə iki dövlətin bayrağının asılma mərasimi olub. Sonra USACC-ın icraçı direktoru Natiq Baxışov qonaqları salamlayaraq tədbiri açıq elan etmək üçün sözü USACC idarə heyətinin sədri Rza Vəziriyə verib. Rza Vəziri 28 May – Respublika Gününün Azərbaycan üçün tarixi önəmindən danışdı, tədbirdə iştirak edən qonaqlara minnətdarlığını bildirib.

Daha sonra səfir Elin Süleymanov 28 May – Respublika Gününün Vaşinqtonda hər il minə yaxın qonağın iştirakı ilə təntənəli şəkildə qeyd olunduğunu, ancaq koronavirus pandemiyası səbəbindən son iki ildə belə bir tədbirin təşkilinin mümkün olmadığını qeyd edib. Vaşinqtonda ötən ilin mart ayından etibarən ilk dəfədir qonaqların qatıldığı və virtual olmayan belə bir tədbirin keçirildiyini və bunun məhz Respublika Gününə təsadüf etdiyini xüsusilə vurğulayıb. Bu xüsusda, əlamətdar günün qeyd edilməsinə imkan yaratdığına görə USACC-yə minnətdarlığını bildirib. Vaşinqtonda Azərbaycan bayrağının ucaldılmasının əhəmiyyətindən bəhs edən səfir şəhər meri tərəfindən 28 may tarixinin Vaşinqtonda Azərbaycan Milli Günü elan edildiyini diqqətə çatdıraraq, bu səbəblə tədbirdə iştirak edən şəhər Meriyasının rəsmisinə təşəkkür edib.

Səfir E.Süleymanov müsəlman şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin 23 ay müddətində əldə etdiyi nailiyyətlərdən, 1991-ci ildə müstəqillikdən sonra 20-ci əsrin əvvəlində təməli qoyulmuş Respublika ənənələrinin inkişaf etdirilməsindən bəhs edib, müstəqil Azərbaycan Respublikasının Prezident İlham Əliyevin rəhbərliyi altında hazırda regionun aparıcı dövlətinə çevrildiyini xüsusi vurğulayıb.

E.Süleymanov Azərbaycanın müstəqilliyi dövründə ABŞ-ın ölkəmizə verdiyi dəstəyin əhəmiyyətli olduğunu, bunun hər iki ölkənin milli marağında olduğunu qeyd edib. Səfir bununla yanaşı, müstəqilliyimizin möhkəmlənməsində verilmiş dəstəyə görə Türkiyə Cümhuriyyətinə öz minnətdarlığını bildirib. Türkiyənin hər üç Cənubi Qafqaz dövlətləri ilə birgə sərhədə malik olduğunu və vacib geosiyasi aktor qismində rolunu diqqətə çatdırıb.

Səfir son 30 ildə ilk dəfədir ki, müstəqilliyin işğal altında olan torpaqlarımızın azad olunması şəraitində qeyd edildiyini, işğal faktorunun aradan qalxması ilə bölgəmizdə fundamental əməkdaşlıq, Ermənistanla xoş qonşuluq münasibətləri üçün olduqca əlverişli imkan yarandığını bildirib.

Dövlət katibinin köməkçisinin müavini Corc Kent Azərbaycan xalqını əlamətdar gün münasibətilə təbrik edib. Respublika Günü tədbirinin ötən il pandemiya başlayandan sonra onun qatıldığı ilk virtual olmayan rəsmi tədbir kimi əhəmiyyətini vurğulayıb və buna görə təşəkkürünü bildirib.

Son 30 ildə ABŞ-ın Azərbaycanın uğurlu, tərəqqi edən, təhlükəsiz və suveren dövlət olması üçün davamlı olaraq dəstək verdiyini bildirib. O, ABŞ-Azərbaycan münasibətlərinin gələcəkdə daha da dərinləşəcəyinə əminliyini ifadə edib.

Corc Kent rnerji təhlükəsizliyi sahəsində son 30 ildə həyata keçirilmiş əməkdaşlıqdan məmnunluğunu diqqətə çatdırıb və Xəzər dənizi hövzəsinin enerji resurslarının Avropaya çatdırılmasına əhəmiyyətli rol oynayan Cənub Qaz Dəhlizi və digər kəmərlərin təhlükəsizliyin təməllərindən olduğunu bildirib. Azərbaycanla Türkmənistan arasında Xəzər Dənizində “Dostluq” yatağı üzrə razılaşmanın vacibliyindən bəhs edib. Azərbaycanın təhlükəsizlik, terrorçuluq əleyhinə mübarizə və Əfqanıstanda verdiyi dəstəyə görə ABŞ-ın minnətdar olduğunu vurğulayıb.

Bölgədə ötən ilki müharibədən sonra yaranmış vəziyyətdən danışan Corc Kent, regional əməkdaşlığın formalaşmasına, sülh və tərəqqi yaranmasında ABŞ-ın həm ikitərəfli əsasda, həm də Minsk Qrupu həmsədri kimi daim dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırıb.

Daha sonra çıxış edən ABŞ Müdafiə katibinin köməkçisinin müavini Laura Kuper Respublika Günü və müstəqilliyimizin 30 illiyi münasibətilə öz səmimi təbriklərini çatdırıb. Müstəqil, suveren və demokratik cəmiyyətlərin ən yaxşı şəkildə tərəqqi etməyi və böyüməyi bacaran cəmiyyətlər olduğunu qeyd edib. Azərbaycanın müstəqilliyi boyu ölkələrimizin vacib strateji məsələlər üzrə əməkdaşlıq etdiyini, enerji təhlükəsizliyi, terrorçuluq əleyhinə mübarizə sahəsində münasibətləri vurğulayıb. Son 20 ildə Azərbaycanın Əfqanıstanda sarsılmaz dəstəyinə görə təşəkkür edib.

Bu il eyni zamanda, Oklahoma ilə Azərbaycan arasında Ştat Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlığın 18-ci ilinin qeyd olunduğunu diqqətə çatdıran Laura Kuper, bu əməkdaşlıqdan məmnunluğunu bildirib.

ABŞ rəsmiləri və qonaqlar Respublika Günü tədbirinin pandemiyadan sonra onların qatıldıqları ilk rəsmi toplantı kimi əhəmiyyətini dəfələrlə vurğulayıblar.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …