Ana səhifə / Siyasət / Abdullah Gül müxalifətin “sürpriz namizədi” olur?

Abdullah Gül müxalifətin “sürpriz namizədi” olur?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərin 14 may tarixində keçiriləcəyini açıqlayıb.

Yəni seçkilərin keçirilməsinə 4 aydan bir qədər çox zaman qalıb. Buna baxmayaraq, müxalifət koalisiyası olan “Millət İttifaqı” hələ də namizədinin kim olacağını açıqlamayıb. Bu barədə müxtəlif versiyalar irəli sürülsə də, “altılı masa”nın vahid bir namizəd məsələsində fikir birliyi əldə edə bilmədiyi deyilir.

İndiyə kimi namizədliklə bağlı bir çox ad ön plana çıxıb. Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu, İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu, Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş, İYİ Partiya sədri Meral Akşener, Demokratiya və Sıçrayış Partiyasının (DEVA) sədri Əli Babacan namizədliyə ən yaxın isimlər olaraq diqqət çəkir. 

Adıçəkilənlərdən sadəcə Meral Akşener prezidentliyə iddialı olmadığını rəsmən elan edərək, baş nazirlik hədəfini açıqladı. Digər şəxslər isə söylənilənləri təkzib etməyiblər. Tam əksinə, Əli Babacan namizədliyə iddialı olduğunu və rahat seçiləcəyini bildirdi. Kamal Kılıçdaroğlu isə rəsmən açıqlamasa da, getdiyi yerlərdə “13-cü Prezident” şüarları ilə qarşılandı və “Dəstəyinizi hiss etmək istəyirəm. Mənimləmisiniz?” kimi çıxışları ilə diqqətləri üzərinə çəkdi. Əkrəm İmamoğlu da bu barədə danışmadı, hətta Kılıçdaroğlunun namizədliyini dəstəkləyən açıqlamalar verdi, amma hərəkətləri ilə potensial namizəd olduğunu göstərdi. Mansur Yavaş isə öncə namizədliklə bağlı ünvanlanan sualda “topu “altılı masa”ya atdı” və buna hazır olduğunu dedi. Lakin sonradan Kılıçdaroğlunun namizədliyini dəstəkləyən fikirlər söylədi.

Buna baxmayaraq, istər İmamoğlu, istərsə də Yavaşın Kılıçdaroğlunun istədiyi tipdə bir prezident fiquru olmadığı düşünülür. Çünki o, iqtidara gələcəyi təqdirə ölkəni parlament üsul-idarəsinə keçirəcəyini açıqlayıb. Bu isə təbii ki, qısa bir zamanda olacaq bir şey deyil. Əksinə çətin və uzun bir prosesdir. Bunun üçün isə keçid dönəmi və bu dönəmi keçirəcək bir prezident lazımdır. Hətta Kılıçdaroğlu bu barədə açıqlama verərək, keçid dönəmini problemsiz aparacaq və eqosuz bir prezident istədiyini deyib. Yəni onun xəyalındakı prezidentin bir az geri planda qalmalı olduğu düşünülür. 

Bu məqamda yeni bir namizəd gündəmə gəlir. Bu isə sabiq prezident Abdullah Güldür. Bir çox ekspertlər Gülü Kılıçdaroğlunun prezidentlik xəyalı üçün ideal namizəd adlandırırlar. 

Belə ki, Abdullah Gül Əkrəm İmamoğlu və Mansur Yavaş qədər yüksək reytinqə və rəğbətə sahib biri deyil. Üstəlik, o, çox göz önündə görünmür, nadir hallarda açıqlamalar verir və ya paylaşım edir. Əslində o, Prezidentliyi dönəmində də geri planda qalırdı.

Bəzi ekspertlərin fikrincə, keçid dönəmində ölkəyə rəhəbərlik edəcək namizəd çox populyar və sevilən biri olarsa, prezident üsul-idarəsindən çıxmaq çətin ola bilər. Kılıçdaroğlunun açıqlamalarında da belə bir narahatlığının olduğunu görmək mümkündür. Onun tam olaraq istədiyi, geri planda qalan, qərarları “altılı masa” ilə birlikdə alan və parlament üsul-idarəsinə keçməyə təhdid yaratmayacaq birinin olmasıdır. Çünki bunlar baş verməyəcəyi təqdirdə Türkiyədə yeni bir böhran qaçınılmaz olacaq. Nəzərə alaq ki, ötən günlərdə Gələcək Partiyasının sədri Əhməd Davudoğlu “Əgər seçilən prezident tələblərimizə uyğun qərarlar qəbul etməsə, böhran yaranar”,- dedi. Onun çox səs-küyə səbəb olan açıqlamalarına Kamal Kılıçdaroğlu şəxsən dəstək verərək, prezidentin masanın qərarlarını qəbul etməyəcəyi təqdirdə, böhran yaranacağını bildirdi.

Siyasi kulislərdə də Kamal Kılıçdaroğlunun uzun müddətdir Abdullah Gülün prezidentliyə namizəd olmasını istədiyi iddia olunur. Hətta bu iddia zaman-zaman tanınmış jurnalistlər tərəfindən media da səsləndirilir. Son olaraq ötən həftə bir daha Gülün namizədliyi gündəmə gəldi. Üstəlik, bu məlumat CHP-yə yaxınlığı ilə bilinən “Halk TV”-də yayımlandı. Xəbərdə “altılı masa”dakı 4 partiyanın Abdullah Gülün namizədliyini dəstəklədiyi və bu məsələnin gündəmə gələcəyi bildirildi. Bu iddia qısa zaman ərzində siyasi gündəmin əsas müzakirə mövzularından biri oldu. Əlbəttə ki, bu da əbəs yerə deyildi. Çünki daha öncə də dəfələrlə Gülün namizədlik iddiası gündəmə gələrkən, onun “altılı masa” ilə daim təmasda olduğu ehtimalları səsləndirildi. 

Lakin “altılı masa”dan da bu iddialara cavab gecikmədi. 4 partiyanın adı keçməsinə baxmayaraq, masadakı 5 partiya Abdullah Gülün namizədliyinin gündəmə gəlmədiyini bildirirək, iddiaları əsassız adlandırdı. Amma burada bir nüans diqqət çəkdi. İYİ Partiya, DEVA Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Səadət Partiyası eyni gündə ard-arda açıqlamalar versə də, CHP-dən səs çıxmadı. Bu isə Kamal Kılıçdaroğlunun Abdullah Gülün namizədliyini dəstəklədiyi iddialarını gücləndirdi.

Araşdırmaçılar masadakı bəzi partiya üzvlərinin Abdullah Güllə daim görüşlər keçirdiyi və onun da nəbz yoxlamaq istədiyini bildirirdilər. Demək olar ki, hər seçki dönəmində onun adı namizədlik üçün hallanır. Xüsusilə son seçkidə Gülün yenidən namizəd olacağı ciddi şəkildə səsləndirilsə də, Ərdoğanın qarşısına çıxmaq istəmədi. O dönəm Gülə yaxın mənbələr onun “Uduzacağım seçkiyə girmək istəmirəm” dediyini söylədi. İndi isə inflyasiya və digər sosial amillər fonunda son illərin ən güclü müxalifətinin olduğunu görmək mümkündür. Üstəlik bu dəfə Ərdoğanı məğlub etmək üçün 6 partiyanın koalisiya qurduğu, milyonlarla gəncin ilk dəfə səs verəcəyi kimi məqamlar da xüsusi vurğulanır. Bütün bu səbəblərə görə Abdullah Gülün bəlkə də son dəfə şansını yoxlaya biləcəyi ehtimalları güclənir. O, özü də bu məsələdə istəkli görünür. Çünki aylardır adı namizədlikdə hallanmasına və ciddi şəkildə müzakirəsinin getməsinə baxmayaraq, hər hansı təkzib verməyib. Bir müddət öncə isə jurnalist Can Ataklının “Namizəd “altılı masa”dan çıxmayacaq” fikri ilə, məhz Abdullah Gülə işarə etdiyi gündəmi zəbt edib.

Nəzərə alaq ki, Gülün siyasi karyerası olduqca zəngindir. Abdullah Gül Türkiyənin Baş naziri, Baş nazirin müavini, Prezident və xarici işlər naziri, habelə 5 dönəm millət vəkili olub. Onun ixtisasca iqtisadçı olması da indiki vəziyyətdə avantaj olaraq göstərilir. Bütün bunların onu namizədliyi üçün əsas alındığı da qeyd olunur. Hətta ötən illərdə Abdullah Gülün təkrar hakimiyyətə gələ bilmək üçün yeni partiya quracağı və ya Səadət Partiyasına qatılacağı kimi iddialar da səsləndirilirdi. 

Bəs partiyaların Abdullah Gülün namizədliyi məsələsində mövqeyi necədir?

Yuxarıda sadaladığımız səbəblərə görə onun CHP tərəfindən dəstəklədiyi görünür. İYİ Partiya sədri Meral Akşenerin mövqeyi də müsbətə doğrudur. Akşenerin Kılıçdaroğlunun namizədliyini dəstəkləmədiyi və hətta “Millət İttifaqı”nın indiyə kimi namizədini seçə bilməməsinin qarşısındakı ən böyük əngəlin də bu olduğu iddia olunur. Bu səbəbdən də hazırda sürpriz bir ehtimal gündəmə gəlib. Belə ki, Akşenerin İmamoğlu və Yavaşın namizəd olmayacağı təqdirdə, Kılıçdaroğlunun əvəzinə Abdullah Gülün namizədliyini dəstəkləyəcəyi önə sürülür. 

DEVA Partiyasının sədri Əli Babacan və Səadət Partiyasının lideri Təməl Karamollaoğlunun da mövqeyi diqqət çəkir. Ötən ilin sonunda Babacan ilə Gülün görüşməsi və DEVA sədrinin bunu açıqlaması gündəmi zəbt etmişdi. Ona yaxın mənbələr də Babacanın Gülü düşündüyünü önə sürmüşdü. Həmçinin, Karamollaoğlunun da bu məsələyə müsbət yanaşdığını hər fürsətdə verdiyi açıqlamalardan görmək mümkündür.

Demokrat Partiyasının sədri Gültəkin Uysal isə Abdullah Gül isminə tam qarşı olduğu və onun “altılı masa”nın müəyyən etdiyi prezidentlik kriteriyalarına uyğun olmadığını düşünür. Gülün AKP komandasından olmasının da bu qərara təsir etdiyi iddia olunur. 

Əhməd Davudoğlunun da Abdullah Gülün namizədliyinə qarşı olduğunu unutmaq olmaz. Xatırladaq ki, 2018-ci ildə də Gülün adı namizədlik üçün ön plana çıxmışdı. Davudoğlu illər sonra bu barədə açıqlama verərkən, o dönəm Abdullah Gülün namizədliyinin gündəmə gəldiyini, amma qəbul etmədiyini açıqlamışdı.

Seçkinin taleyini müəyyən edəcək əsas qüvvələrdən biri olaraq göstərilən Xalqların Demokratik Partiyası (HDP) ilə Abdullah Gülün də hər fürsətdə bir-birlərinə dəstək verməsini gözardı etmək olmaz. Yəni HDP-nin də Gülün namizədliyini dəstəkləyəcəyi aşikardır.

Hər seçkidə olduğu kimi Abdullah Gülün adı yenə də namizdəlik üçün hallanır. Xüsusilə seçkilərin vaxtı yaxınlaşdıqca Gülün adının daha çox səslənməsi diqqətlərdən yayınmır. Lakin müxalifətin tam dəstəyini ala bilməməsi və Rəcəb Tayyib Ərdoğanı məğlub edəcək bir rəqib təəssüratı bağışlamaması onun qarşısındakı ən böyük əngəl kimi dəyərləndirilir. Ekspertlərin fikrincə, çox cüzi də olsa, Abdullah Gülün prezidentliyə namizədlik üçün şansı var. Buna baxmayaraq, qalib gəlmə ehtimalının da az olduğu vurğulanır.

Cebhe.info

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …