Ana səhifə / Siyasət / 9 iyun – Beynəlxalq Akkreditasiya Günüdür

9 iyun – Beynəlxalq Akkreditasiya Günüdür

Bu ilin devizi- Akkreditasiya, ictimai siyasəti dəstəkləmək üçün əsas vasitədir
Akkreditasiya səlahiyyətli orqan vasitəsi ilə konkret işləri yerinə yetirmək üçün uyğunluğun qiymətləndirilməsi orqanlarının səlahiyyətlərinin rəsmi tanınması prosedurudur. Uyğunluğun qiymətləndirilməsi orqanlarının akkreditasiyası onların həyata keçirdikləri uyğunluğun qiymətləndirilməsi fəaliyyətlərinin yerinə yetirilməsinə səriştəli olduqlarına dair zəmanətin formalaşdırılması və uyğunluğun qiymətləndirilməsi nəticələrinin yerli və beynəlxalq səviyyədə tanınmasının təmin edilməsi üçün vacib bir mexanizmdir. Akkreditasiya daxili bazarın təhlükəli məhsullardan qorunmasında, ticarətdə texniki maneələrin aradan qaldırılmasında və sahibkarlığın inkişaf etdirilməsində mühüm rol oynayır. Digər tərəfdən uyğunluğun qiymətləndirilməsi orqanlarının akkreditasiyası həmin orqanların reputasiyasını artırır və regionda etimadın yaradılması prosesini dəstəkləyə bilər.
9 iyun Beynəlxalq Akkreditasiya Günü Beynəlxalq Akkreditasiya Forumu (İAF) və Laboratoriyaların Beynəlxalq Akkreditasiya üzrə Əməkdaşlıq (İLAC) təşkilatlarının adı ilə bağlıdır. 2007-ci ilin oktyabr ayında Avstraliyanın Sidney şəhərində İLAC və İAF-in Baş Assambleyasında qəbul olunmuş qətnamədə hər ilin iyunun 9-da Beynəlxalq Akkreditasiya Günü kimi qeyd olunması qərara alınmışdır. Bu günün əsas məqsədi akkreditasiyanın vacibliyini və bu fəaliyyətlə məşğul olan işçilərin məsuliyyətini ictimayyətə çatdırmaq idi.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan davamlı inkişafa söykənən siyasi və iqtisadi kurs hazırda cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Son illər ölkədə siyasi, iqtisadi, sosial sahələrdə əldə olunmuş uğurlar Azərbaycanın bütün sahələrdə dünyaya inteqrasiya prosesini sürətləndirmişdir. Bu sahələr arasında akkreditasiyanın Azərbaycan üçün yeni təcrübə olmasına baxmayaraq, bu sahənin inkişafı günbəgün artmaqdadır.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2012-ci il tarixli 604 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti yaradılmışdır. Dövlət Akkreditasiya Xidməti akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, sınaq və kalibrlənmə laboratoriyalarının və uyğunluğun qiymətləndirilməsi orqanlarının akkreditasiyasının və bu sahədə dövlət siyasətinin həyata keçirilməsini təmin edən icra hakimiyyəti orqanıdır.
Dövlət Akkreditasiya Xidməti Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən sınaq və kalibrləmə laboratoriyalarının, keyfiyyəti idarəetmə sistemlərinin tətbiqi və sertifikatlaşdırılması ilə məşğul olan orqanların, məhsulların, personalların və inspeksiya xidmətlərini göstərən uyğunluğun qiymətləndirilməsi orqanlarının akkreditasiya edilməsi ilə bağlı işləri həyata keçirir. Azərbaycanın milli akkreditasiya sistemini təşkil edən Dövlət Akkreditasiya Xidməti elə yarandığı ildən etibarən öz fəaliyyətində yüksək nəticələr və təcrübə əldə etmişdir. 2012-ci ildə Xidmət Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq (İnternational Laboratory Accreditation Cooperation – İLAC) təşkilatına müşahidəçi üzv kimi qəbul edilmişdir. İLAC-a üzv olmaqla Dövlət Akkreditasiya Xidməti beynəlxalq təşkilat tərəfindən akkreditasiya sahəsində yeni standart və qaydaların hazırlanmasında iştirak, qəbul edilmiş
akkreditasiya üzrə normativ sənədlərin əldə edilməsi və bu istiqamətdə təcrübə mübadiləsində iştirak imkanları qazanmışdır. Eyni zamanda ticarətdə texniki manelərin aradan qaldırılmasına, elmi-texniki məlumatların və texnologiyaların mübadiləsinə geniş imkanlar yaranmışdır. İLAC-a üzvlüyün ən böyük üstünlüyü isə Dövlət Akkreditasiya Xidmətinin akkreditasiya fəaliyyətinin beynəlxalq səviyyədə tanınmasının təmin edilməsi olmuşdur. Bu ölkəmizin akkreditasiya sahəsində inkişafına böyük təkan vermişdir.
30 may 2014 cü ildə “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi də bu sahədə atılmış ən uğurlu addımlardan biridir. Bu qanun Avropanın və beynəlxalq akkreditasiya təşkilatlarının beynəlxalq səviyyədə razılaşdırılmış standartlarına və müşaiətedici rəhbər sənədlərinə əsasən sınaq, kalibrləmə, sertifikatlaşdırma (məhsullar, idarəetmə sistemləri və personal) və inspeksiya xidmətlərini göstərən uyğunluğun qiymətləndirilməsi orqanlarının qiymətləndirilməsini tənzimləyir. Qanunun məqsədi Azərbaycan Respublikasındakı akkreditasiya olunmuş uyğunluğun qiymətləndirilməsi orqanları tərəfindən müvafiq sertifikatları vermək, sınaq və inspeksiya hesabatlarının qarşılıqlı tanınmasını təmin etmək, akkreditasiya vasitəsilə mümkün dərəcədə ticarətdə texniki maneələri azaltmaq və ya aradan qaldırmaq və Azərbaycan Respublikasının akkreditasiya sistemini Avropa və beynəlxalq akkreditasiya sisteminə uyğunlaşdırmaqdan ibarətdir.
Dövlət Akkreditasiya Xidməti Avropa Əməkdaşlığı Təşkilatına (EA-European cooperation for Accreditation) assosiativ üzv olunması istiqamatində işlər aparılır.
Milli Akkreditasiya Sisteminin tələblərinə uyğun olaraq hal-hazırda dövlət reyestrində ümumilikdə 209 akkreditasiya olunmuş sınaq və kalibrləmə laboratoriyası və 43 sertifikatlaşdırma orqanı qeydiyyata alınmışdır.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın