Ana səhifə / Siyasət / “85 faizi azərbaycanlı olan Marneuli kimi rayonda icra başçısı, müavini, bələdiyyə başçısı və müavinləri vəzifəsində bir nəfər də olsun azərbaycanlı işləmir”

“85 faizi azərbaycanlı olan Marneuli kimi rayonda icra başçısı, müavini, bələdiyyə başçısı və müavinləri vəzifəsində bir nəfər də olsun azərbaycanlı işləmir”

Azərbaycanlıların daha çox yaşadığı ölkələrdən biri də qonşu Gürcüstandır. Tarixi Azərbaycan torpaqları sayılan, bu gün isə Gürcüstanın tərkibində olan ayrı-ayrı regionlarda hazırda yüz minlərlə azərbaycanlı yaşayır. Statistik göstəricilər də sübut edir ki, azərbaycanlılar Gürcüstandakı milli azlıqlar arasında say çoxluğuna görə birinci yeri tutur.

Gürcüstanda yaşayan soydaşlarımız, əsasən, Kvemo-Kartli, Şida-Kartli və Kaxet bölgələrində məskunlaşıblar. Onlar yığcam halda Marneuli, Bolnisi, Dmanisi, Qardabani rayonlarında yaşayırlar. Gürcüstanda azərbaycanlıların ən sıx məskunlaşdığı rayonlar arasında birinci yerdə Marneuli durur. Həmin torpaqlar Azərbaycanın tarixi torpaqları olsa da, orada yaşayan azərbaycanlıların problemləri bitib-tükənmək bilmir. Soydaşlarımız aqrar, təhsil, mədəniyyət-incəsənət, din və s. sahələrdə problemlərlə üzləşirlər.

Qafqaz məsələləri üzrə araşdırmaçı Kamran Ramazanlı Sputnik Azərbaycan-a müsahibəsində Gürcüstanda yaşayan soydaşlarımızın hazırda üzləşdiyi problemlərlə bağlı danışıb.

— Gürcüstanlı soydaşlarımızın aqrar, təhsil, mədəniyyət, dövlət idarəçiliyində təmsilçilik, din problemləri, KİV-in vəziyyəti və s. sahələrdə problemləri mövcuddur. Soydaşlarımızın əsas problemlərindən biri təhsil problemidir. Sovetlər dönəmindən sonra Gürcüstanda 183 Azərbaycan dilli məktəb var idi. Hazırda bu məktəblərin sayı 120-ə qədər azalıb. Azərbaycanlıların kompakt yaşadığı 4 rayondan biri Bolnisi rayonudur. Bolnisidə əvvəllər 10050 şagird var idi. Hazırda 2850 şagird qalıb. Əvvəllər 43 məktəb var idisə, indi 18 məktəb qalıb. Bu məktəblərdə 2500-ə yaxın müəllim var idi. İndi isə onların sayı 406-ya enib. Bu müəllimlərin 80 faizi isə təqaüdçü və ya təqaüd yaşına yaxın olan müəllimlərdir. Hazırda pedaqoji kadrların vəziyyəti məktəblərdə çox acınacaqlıdır. Azərbaycan dili və ədəbiyyatı müəllimləri ilə bağlı vəziyyət, xüsusilə gərgindir. Bəzi məktəblərdə dərs deyən Azərbaycan dili və ədəbiyyat müəllimləri çox yaşlıdır. Bəzi məktəblərdə isə bu fənləri başqa fənn müəllimləri tədris edir.

— Bu fənni tədris edəcək gənclər hansı səbəbdən yoxdur?

— Sovet dönəmində Puşkin adına Pedaqoji İnstitut var idi. Onun nəzdində Azərbaycan dili və ədəbiyyatı fakültəsi fəaliyyət göstərirdi. Bu məktəb bağlandıqdan sonra kadrların sayı azalmağa başladı. Gürcüstanda tədris ili 12 illikdir. Ümumiyyətlə, humanitar fənlər üzrə abituriyentlər gəlib imtahan verə bilmirlər. Çünki tədris proqramlarında çox böyük fərqlər var. Bu baxımdan, yeni nəsil ora gedə bilmir, pedaqoji kadrlar hazırlanmır. Soydaşlarımız orada aborigendirlər. Öz tarixi torpaqlarında yaşayırlar. Həm də Gürcüstanın tam bərabər hüquqlu vətəndaşları olduqları üçün Gürcüstan dövləti bu problemi həll etməlidir. Amma Azərbaycan Respublikası da təhsil probleminin həll edilməsi üçün pedaqoji kadrların hazırlanmasında yardım etməlidir. Ya mövcud universitetlərin birində Azərbaycan dili və ədəbiyyatı fakültəsi, ya da Azərbaycan ali məktəblərindən birinin Gürcüstanda filialı açılmalıdır. Burada təhsil gürcü və Azərbaycan dillərində ola bilər. Amma təəssüflər olsun ki, bu problem həllini tapmır. Bu məsələdə də məsuliyyət Gürcüstan dövlətinin üzərinə düşür.

— Soydaşlarımızın Gürcüstanda dövlət idarələrində təmsilçiliyi hansı səviyyədədir?

— Kvemo-Kartli quberniyasının rəsmi statistikasına əsasən, burada yaşayan əhalinin 54 faizi azərbaycanlılardır. Həmişə olduğu kimi, yalnız quberniyada müavin səviyyəsində bir nəfər azərbaycanlı təmsil olunur. Gürcüstanda bələdiyyələr əsas üstün səlahiyyətə malikdir. Marneuli rayonunda hazırda 35 bələdiyyə üzvü fəaliyyət göstərir. Onlardan 15 nəfəri azərbaycanlıdır. Ancaq həmin rayon əhalisinin 85 faizi azərbaycanlıdır. Qardabani rayonunun 36 bələdiyyə üzvündən 15-i azərbaycanlıdır. Bolnisi rayonunda 28 bələdiyyə üzvündən 12-si, Dmanisi rayonunda 26 bələdiyyə üzvündən 11-i azərbaycanlıdır. Bu ərazidə bələdiyyələrdə milli azlıqların çalışması statistikasına nəzər salsaq, Marneulidə bu rəqəm 37,39 faizdir. Bolnisi rayonunda 12,64, Qardabanidə 11,63 faiz, Dmanisidə 26,53 faiz milli azlıq nümayəndələri çalışır. Marneulidə icra başçısı azərbaycanlı idi, digər yerlərdə bələdiyyə başçısı, müavinlər arasında azərbaycanlı yox idi. O icra başçısı da müəyyən səbəblərdən həbs edildi. Hazırda əhalisinin 85 faizi azərbaycanlı olan Marneuli kimi rayonda icra başçısı, müavini, bələdiyyə başçısı və müavinləri vəzifəsində bir nəfər də olsun azərbaycanlı işləmir.

Hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, Gürcüstanda soydaşlarımıza münasibət heç vaxt köklü surətdə dəyişməyib. Hansısa rəhbərliyin vaxtında müsbət məqamlara rast gəlinir, amma münasibətdə köklü dəyişiklik baş vermir.

— Bəs ermənilərə qarşı münasibət necədir?

— Ermənilərin çox yaşadığı Axalkalaki rayonunda 38 bələdiyyə üzvündən 31-i ermənidir. Bu da həm bizim bölgədəki, həm də ermənilər yaşayan bölgədəki vəziyyəti aydın göstərir.

— Soydaşlarımızın aqrar sahədə qarşılaşdıqları nə kimi problemlər var?

— 1990-cı ildən bu günə qədər bu sahə ilə bağlı bir neçə qərar qəbul edilib. Gürcüstan parlamentinin 22 mart 1996-cı ildə kənd təsərrüfatı təyinatlı torpaq haqqında qərarı soydaşlarımız üçün xüsusi problem yaratdı. Qərarın 7-ci bəndində deyilir ki, sərhədyanı, sahilyanı zonalarda torpaqlardan istifadə rejimi xüsusi qərarla müəyyən olunur. Bu qərara əsasən, 21 kilometrlik məsafədə özəlləşmə aparıla bilməz. Bu da o deməkdir ki, bu qərarla Marneuli rayonundakı əhali torpaqsız qaldı. Və bu torpaqlar Gürcüstan patriarxlığına, Müdafiə Nazirliyinə və s. cəmiyyətlərə verildi. Əhali arasında torpaqlar 3 kateqoriyaya bölündü. Kənd adamları üçün 0,15 ha, fermer təsərrüfatları üçün 0,13 ha, şəhər əhalisi üçün 0,16 ha nəzərdə tutuldu.

— Bildiyimə görə, Gürcüstanda Azərbaycana məxsus yer adlarının dəyişdirilməsi problemi də var…

— Yer adlarının dəyişilməsi 1947-ci ildən başlanılıb. Borçalının da adı kiçildilərək bir rayona verilmişdi. 1947-ci ildə rayonun adı dəyişdirilib Marneuli oldu. 1989-1992-ci illərdə ad dəyişmə pik nöqtəyə çatdı. Bolnisi rayonunda 33 rayonun adı dəyişdirildi. Məsələn, Arxlı Naxuqiri, Qoçulu Çapala oldu və s.

Son zamanlar bu sahədə tarixi şəxslərlə bağlı ad dəyişməyə əl atmaq istəyirlər. Bilirsiniz ki, Nəriman Nərimanov Tiflisdə anadan olub. O, Gürcüstan üçün, Marneuli rayonu üçün çox əhəmiyyətli şəxsiyyət olub. Hazırda burada Nəriman Nərimanov adına mədəniyyət evi, park var. Hamı mədəniyyət evini Nəriman Nərimanov adına mədəniyyət evi kimi tanıyır. Marneuli gəncləri Marneuli İcra Hakimiyyətinin icra başçısının əvəzedicisinə mədəniyyət evində Ramazan bayramının keçirilməsi ilə bağlı məktub ünvanlayıb. O isə cavabında bildirib ki, nə Nəriman Nərimanovu tanıyır, nə də bu adamın adına mədəniyyət evinin olduğunu bilir.

— Bizim üçün çox maraqlıdır, Nəriman Nərimanovu tanımayan adam 85 faizi azərbaycanlı olan bir rayonda necə başçı ola bilər?

— Təəssüflər olsun ki, bu günə qədər icra başçısı vəzifəsində rayonu tanımayan, azərbaycanlıların mədəniyyətini, incəsənətini bilməyən insanlar olub.

— Bildiyimizə görə, yaxın günlərdə Gürcüstanda yaşayan azərbaycanlıların problemləri ilə bağlı forumun keçirilməsi də nəzərdə tutulub…

— Forumun keçirilməsi payız ayları üçün nəzərdə tutulub. Forumun işçi qrupu var və burada 5 nəfər: 4-ü Gürcüstanda fəaliyyət göstərən ictimai fəal, bir nəfər də mən Azərbaycandan iştirak edəcəyik. Forumda 4 məruzə olacaq: Gürcüstan Azərbaycan münasibətləri haqında, həmçinin təhsil, bölgəyə investisiya cəlb edilməsi, mədəniyyət-incəsənət, KİV və QHT-lərin vəziyyəti ilə bağlı məruzələr olacaq. Azərbaycandan da QHT-lər, Gürcüstan və Azərbaycanın aidiyyatı strukturları dəvət olunacaq. Onların iştirakı ilə problemlər müzakirə ediləcək. Forum çərçivəsində Koordinasiya mərkəzinin yaradılması da nəzərdə tutulub. Bu mərkəz problemlərin qeydə alınması və aidiyyatı qurumlara çatdırılması rolunu oynayacaq.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …