Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / 44 günlük yuxusuz gecələri yerdən-yerə vuracaq qədər insafa sahib deyiləm…

44 günlük yuxusuz gecələri yerdən-yerə vuracaq qədər insafa sahib deyiləm…

Bəzi yanaşmaları qəbul etmək, həqiqətən, çətindir. Hökumətimizdəki problemlər barədə tənqidi qeydlərim az olmayıb və çox təəssüflər ki, dərinləşən problemlərin qarşısına çəkilən sədlər hələlik zəifdir və onlar getdikcə daha mürəkkəb şəkil alaraq insanları ciddi narahat edir. Bəzən də elə haqsız, qərəzli münasibətlərlə rastlaşırsan ki, biganə qala bilmirsən. Onlardan birini sizinlə bölüşmək istərdim.


 Məsələn, 44 günlük müharibədə kim məğlub oldu, Azərbaycan, yoxsa Ermənistan?! Sualı təsadüfi olaraq bu cür qoymadım. Bəzi təqdimatlarda son zamanlar uduzan tərəf kimi Azərbaycanın, xüsusilə, prezident İlham Əliyevin göstərilməsi adamda qəribə hisslər doğurur. Bütün dünya, bizi istəyən və istəməyən ölkələr, hətta Ermənistanı müdafiə edən tərəfdaş dövlətlərin özləri etiraf edirlr ki, savaşın qalibi Azərbaycandır. Bəs o zaman içimizdəki hikkə və etirazların səbəbi nədir!?  Əgər İlham Əliyevin hakimiyyətdən getməsi üçün bu dərəcədə fəryad qoparırıqsa, bu işi xalqdan başqa görə biləcək ikinci qüvvənin olmadığı faktoru ilə də razılaşmalıyıq. Xalq buyursun, qalxsın ayağa və prezident də bunu görüb hakimiyyətilə xüdahafizləşərək çəkilib bir kənarda dursun… Xalq isə nəinki yerindən tərpəşir, hətta Şuşanı, Füzulini, Ağdamı, Cəbrayılı Qubadlını, Laçını, Kəlbəcəri, Zəngilanı 30 illik əsarətdən xilas edən, Azərbaycan əsgərinə döyüş əmrini verən və savaşı udan Ali Baş Komandanı müdafiə etmək əzmini, səyini, dəstəyini getdikcə artırır.

Xalq bilir öz işini, onu aldatmaq mümkün deyil. Etiraf edirəm ki, mənim özüm də  daxilən narazılıq edirdim ki, heç olmazsa, bir-iki kəndi belə qaytara bilmirik. Günün birində isə səhər yuxudan oyanıb, tamam başqa bir mənzərənin şahidi oluruq. Azərbaycan əsgərinin işğal altında  olan vətən torpaqlarını azad etmək üçün silaha sarıldığı xəbərini eşidirik. İndi budur, 100-lərlə kəndimiz, 8 rayon və şəhərimiz erməni faşitlərinin işğalından azad edilib. Bu böyük və çətin işin öhdəsindən gələn, Azərbaycan xalqını və ordunu vahid komandanlıq altında birləşdirməyi bacaran şəxsin kimliyini dilə gətirməyə  çətinlik çəkiriksə, bu, başqa məsələ… Çəkməyin. Ancaq gəlin vətən naminə sərf edilən böyük əməyi heç olmazsa hər addımbaşı itirməyək!!!


   Hər kəsi sağlam müqayisələr aparmaqla həqiqəti üzə çıxarmağa səsləyirəm. Gerçək həqiqətlərdən birini hazırkı hakimiyyəti baltalayanların diqqətinə çatdırmağı vacib sayıram. 44 günlük müharibədə neçə Azərbaycan əsgəri fərarilik etdi? Oldumu belə bir şey?! Kimsə bircə fakt deyə bilərmi?!  Ancaq düşmən əlinə keçməmək üçün silahı ilə öz həyatına qıyan neçə-neçə igid əsgərimiz oldu və bu gün hər birimiz onlarla fəxr edirik. Bu qəhrəmanlıqlar təsadüfi yaranmır. Əsgər
görəndə ki, onun arxasında xalqın mütəşəkkilliyi, Ali Baş Komandanın böyük əzmi, dönməzliyi, yüksək cəsarəti dayanıb, torpaq və vətən uğrunda canını fəda etməyə hər an, hər dəqiqə hazır olur. Müzəffər Ordumuz bu mənada öz  Komandanına inandı və müharibənin ilk günündən sonunadək onun əmr və göstərişlərini rəşadətlə yerinə yetirdi. 


   Ancaq müharibənin qızğın vaxtlarında düşmən ordusunda nələr baş verirdi? Kütləvi özbaşınalıqlar, fərarilik halları erməni ordusunu bürümüşdü. Hətta vəziyyət o həddə qədər gəlib çatdı ki, düşmənin hərbi briqadalarından biri tam tərkibdə silahı yerə qoyaraq döyüşdən imtina etdi. Ermənistan rəhbərliyi ölkəni hansı təhlükənin gözlədiyini dərk edərək çıxış yolunu müharibəni təcili dayandırmaqda gördü. Artıq fərarilik bütünlüklə silahlı qüvvələrin nizam-intizamını, döyüş qabilyyətini alt-üst etmişdi. Sonda Azərbaycan prezidenti qarşısında Ermənistan
hökumətinin başçısı Nikol Paşinyanın kapitulyasiya aktına imza atması ilə müharibəyə SOÇİ NİDASI qoyuldu. Təkcə bu faktın özü kifayət edir ki, qaliblə məğlubu müəyyən edə biləsən.


    Ermənistanda vətəndaş itaətsizliyi qapının ağzını kəsdirib. Anidən hər şey baş verə bilər. Müharibədən sonrakı Ermənistanla müharibədən sonrakı Azərbaycanın ədalətli müqayisəsi kimin bu müharibədən qalib çıxdığını aşkar ortaya qoyur. Müharibə bir ildir ki, bitib. Erməni faşistləri işğal etdikləri ərazilərimizdə nümunə üçün salamat bir bina, mülki obyekt qoymayıb. Əlinə keçən nə varsa, hər şeyi vəhşicəsinə dağıdıb, alt-üst edib. Azərbaycan dövlətinin isə azad edilmiş kənd və rayonlarımızda apardığı genişmiqyaslı quruculuq işləri yəqin ki, tənqidçilərə nəsə bir söz demiş olar.
 Beləliklə, ermənilər özləri xalq olaraq tarixin heç bir dönəmində bu cür biabırçı məğlubiyyətlə rastlaşmadıqlarını vurğulayırlarsa, o zaman içimizdəkilərə axı nə düşüb ki, Azərbaycanı məğlub qismində göstərirlər!? Doğrudan, ədalətsizlikdir!!!  Hakimiyyətə belə gəlmirlər. Yaxud dövlət başçısını bu yolla devirib, stulunda oturmurlar. Bu yolun ağır nəticələrini dərk etməmək yalnız xəyalpərvər siyasətçilərin düşüncəsinə xas olan əlamətdir. Ona görə də 30 il ərzində hakimiyyət dəyişikliyi üçün atılmış addımlar nəticə etibarı ilə sıfrın ətrafında fırlanmaqda davam edir. Hakimiyyətin mənbəyi xalqdır. Dəyişiklik etmək istəyən və özünü güclü siyasi qüvvə hesab edən müxalifət hər şeydən əvvəl xalqı hazır vəziyyətə gətirməlidir. Xalqı inandırmalıdır. İkincisi, hakimiyyətin daxilindən hansısa dəstəyi olmalıdır. Üçüncüsü, maliyyə cəhətdən müəyyən imkanlara malik olmalıdır. Dördüncüsü, beynəlxalq dəstəyi əldə etməlidir. Digər metodlarla hakimiyyətin dəyişdirilməsinə göstərilən hər hansı cəhdin bəri başdan təhlükəli  olduğunu qəbul etmək lazımdır.  Reallıqla arzu və istəyi qarışıq salmaq olmaz!!!Siyasət reallıqla hesablaşmağı sevər.


   Azərbaycan hökumətinin fəaliyyətindəki nöqsanlarla bağlı fikirlərimi vaxtaşırı olmasa da qeyd etmişəm. Bu gün xalqın ən yaralı yeri rus “sülhməramlıları” ilə bağlıdır. Bu hərbi təhdidin birinci gündən əleyhinə olmuşam, indi də mövqeyimdə qalıram. “Təcili cıxmalıdır, getməlidir” demək asandır.  Axı başqa necə maneçilik etmək olardı ki,  dünyada çox təhlükəli və işğalçı dövlət kimi tanınan Rusiyanın marağı təmin edilməsin? Fikrimcə, Azərbaycan  bu məsələyə xoşluqla yox, məcburi getdi.


   Məncə, bölgədə cərəyan edən hərbi-siyasi prosesləri sadəcə anlamaq lazımdır. Problem təkcə Rusiya ilə qurtarmır. İran dövlətinin ermənipərəst mövqeyi indi daha təhlükəli xarakter almaqdadır. Dövlət, ordu və dini rəhbərlik tərəfindən aşkar şəkildə ölkəmiz və prezident  İlham Əliyev açıqca təhdid edilir.
Belə bir vəziyyətdə xalqı çaşdırıcı bəyanat və açıqlamalarla yükləmək əvəzinə Azərbaycan dövlətinin yanında olmaq bu gün xüsusən vacibdir. Bu, mənim düşüncəmdir və bu mövqedən geri durmağı ağlıma belə gətirmirəm. Hakimiyyət əgər məni yenidən məngənə arasına salarsa, müharibədən qalibiyyətlə çıxan əsgərimizin, Ali Baş Komandanımızın 44 gündə çəkdikləri ağrıları, onların yuxusuz gecələrini yerdən-yerə vuracaq qədər insafa malik deyiləm…
 
Eldar Sabiroğlu

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …