Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / 36 il öncə “gurultu” ilə məzara gedən Brejnev haqqında ən maraqlı 36 fakt

36 il öncə “gurultu” ilə məzara gedən Brejnev haqqında ən maraqlı 36 fakt

36 il öncə, 1982-ci ilin noyabrın 10-da 18 il SSRİ-yə rəhbərlik edən Leonid İliç Brejnev 76 yaşında vəfat edib. Hakimiyyətə “sakit” saray çevrilişi ilə gələn Brejnev həm də “gurultulu” gedişi (onun tabutu məzara sallanarkən gurultu qopub) ilə yadda qalıb. Bəlkə də baş katib bu “gurultu” ilə qoyub getdiyi durğunluqdan sonra gələn fırtınalar haqqında xəbərdarlıq edirmiş.
Siyasi fəaliyyəti birmənalı qiymətləndirilməyən Brejnevin həyatı maraqlı faktlarla zəngindir.

1. Leonid İliç Brejnevin hakimiyyət illəri SSRİ tarixinə “durğunluq dövrü” kimi yazılıb.

2. Baş katibin müharibə illərindəki fəaliyyəti hakimiyyətdə olduğu dövrdə süni şəkildə şişirdilib. Hətta bu haqda film və serial da çəkilib. 1942-ci ildə komandirinin Brejnev haqqında yazdığı xasiyyətnamədə bu fikirlər öz əksini tapıb: “Leonid Brejnev “qara” işlərdə fəallıq göstərsə də, o heç bir hərbi biliyə və hərbi potensiala malik deyil…”

3. Brejnevin nitqindiki problemlər onun müharibədə yaralanması ilə əsaslandırılsa da, digər faktlar bunu təkzib edir. Brejnev müharibə illərində bir dəfə də olsun yaralanmayıb.

4. 9 fevral 1961-ci ildə Brejnev “İL-18” təyyarəsi ilə Qvineya Respublikasına rəsmi səfər edərkən Əlcəzairdən 130 kilometr şərqdə 8250 metr yüksəklikdə uçduğu təyyarənin əhatəsində iki qırıcı peyda olub. Onlar baş katibin təyyarəsinə iki dəfə atəş açıblar. Brejnevin pilotu Buqayev böyük peşəkarlıqla təyyarəni və “sahib”ini xilas etməyə nail olub.

5. Brejnev SSRİ-nin mövcudluğu dövründə 5 dəfə qəhrəman adını alan yeganə rəhbər olub. O, bir dəfə Sovet İttifaqı Qəhrəmanı, dörd dəfə isə Sosialist Əməyi Qəhrəmanı “Qızıl ulduz”u ilə təltif edilib.

6. 1991-ci ildə Brejnev dünyanın ən çox mükafat alan adamı kimi Ginnesin Rekordlar kitabına düşüb. Baş katibin mükafatlarının dəqiq sayını müəyyənləşdirmək Brejnevin həyatı və siyasi fəaliyyətini araşdıranlar üçün əməlli-başlı müşkülə çevrilib. Təltiflərin sayının müxtəlif rəqəmlərlə əks olunması bunu bir daha sübut edir. Mükafatların sayı 114-dən başlayaraq 200-ə qədər göstərilir.

7. Leonid İliçin təltiflərlə bağlı fikirləri də olduqca maraqlı olub və o, növbəti təltilərin birindən sonra deyib: “Yoldaşlar, qulağıma hərdən belə sözlər çatır ki, guya mən dövlət təltiflərini çox sevirəm və onlardan heç vaxt imtina etmirəm. Xeyr, heç də belə deyil. Mən bu yaxınlarda Mavritaniya dövlətinin ən ali mükafatı olan buruna taxılan qızıl həlqədən imtina etmişəm…”

8. Baş katibin sevdiyi filmlər sırasında “Baharın on yeddi anı” xüsusi yer tutub. Film Brejnevi çox təsirləndirib. Hətta o, bu filmə baxan zaman tibb bacısı onun yanına ürək dərmanı da qoyub. Dəfələrlə bu filmə baxdıqdan sonra Breynev göstəriş verib ki, polkovnik İsayevi (Ştirlitsi) mükafatlandırmaq üçün tapmaq lazımdır. Yaxın ətrafından kimsə Leonid İliçə deyib ki, İsayev ucqar bir kənddə yaşayır. “KQB”-nin Ştirlits axtarışı nəticəsiz qalıb. “Naəlac” qalan Brejnev Ştirlisin əvəzinə onun rolunu oynayan Vyaçeslav Tixonovu ordenlə təltif edib.

9. Leonid İliçin əsas şakərlərindən biri də ov etmək olub. Ömrünün son illərində, ov silahını güçlə qaldırdığı vaxtlarda ondan xəbərsiz çöl heyvanlarını tutub baş katibin qarşısına buraxırlırmış ki, rəhbər ov zövqündən məhrum olmasın. Bir qayda olaraq Brejnev ov zamanı əldə olunan qəniməti Kreml məmurları arasında bölüşdürüb. Bu bölgüdə o həmişə Suslovun payını artıq edib. Bunun səbəbini zarafatla da olsa soruşanda o, bölgünün ədalətli olduğunu deyərək elə özü də zarafatla cavab veririb: “Suslov bizdə ideologiya səhəsinə cavabdehdir. Mağazalarda ət yoxdur. Buna xalq dözəcək. Amma ideologiyamız zəif olsa xalq bununla barışmayacaq…”

10. Breynev “Spartak” futbol klubuna və eyni adlı xokkey komandasına azarkeşlik edib. Azarkeşliyi o qədər güclü olub ki, gərgin keçən oyunların səhərisi günü Siyasi Büronun iclası keçirilibsə, “qoca” azarkeşıər mühüm siyasi məsələlərin müzakirəsindən əvvəl matç haqqında fikir mübadiləsi aparıblar.

11. Partiyanın Moskvada keçirilən 19-cu qurltayında fasilə zamanı səliqəli, bir az kök görünüşlü, yanaqları qırmızı Brejnev təsadüfən İosif Stalinin gözünə sataşıb. Stalinin gülümsəyərək həmin dövrdə Moldaviyanın katibi olan Brejnevi belə adlandırıb: “Necə də yaraşıqlı moldavandır…”

12. Brejnevin ən çox sevdiyi içki “Zubrovka” arağı olub. Şəxsi həkimi spirtli işkilərin qəbulunu Leonid İliç üçün məhdudlaşdırsa da, baş katib öz kardioloqunu şam yeməyində “Zubrovka” arağına qonaq edərək xəbərdarlıq da edib: “Hələ ki, bu ölkənin sahibi mənəm və bütün göstərişləri də mən verirəm. İndi isə qədəhi qaldırın, sağlamlığımızın şərəfinə…”

13. Brejnevin tütün məmulatlarından asılılığı olub. Bu isə onun səhhəti üçün ciddi problemlər yaradıb. Həkimlər ona siqaret çəkməyi qadağan edəndə Leonid İliç baş mühafizəçisini siqaret çəkməyə və çəkdiyi siqaretin tüstüsünü onun üzünə piləməyə məçbur edib.

14. Leonid İliç hədsiz dərəcədə avtomobil və sürət həvəskarı olub. Mühafizəçilər ən gərgin və narahat anları baş katib sükan arxasına keçdiyi vaxtlar yaşanıb.

15. Brejnev həm də öpüşləri ilə “tarix”ə düşüb. Bir dəfə sağ yanaqdan, bir dəfə sol yanaqdan, üçüncü dəfə isə qaçılması mümkün olmayan dodaqlardan. Bu cür öpüş qeyri-rəsmi adını da alıb: “Brejnev öpüşü”. Hətta deyilənə görə, Marqaret Tetçerin SSRİ-yə səfərinin ləngiməsinin səbəblərindən biri də xanım siyasətçinin bu öpüşlərdən yayınmaq istəməsi üzündən olub.

16. Baş katib stolüstü oyunlardan domino oynamağı çox sevib.

17. Leonid İliç ilk dəfə olaraq 1970-ci ilin dekabrın 31-də televiziya vasitəsi ilə xalqı Yeni il münasibətilə təbrik edib. Məhz bu hadisədən sonra dövlət başçılarının bayram münasibətilə efir təbrikləri ənənəyə çevrilib.

18. Brejnevin ən çox sevdiyi müğənnilərdən biri Müslüm Maqomayev olub. Baş katib xüsusilə “Bella Çao” mahnısından sonra emosiyalarını gizlətməyi bacarmayıb, Müslüm Maqomayevi elə ürəklə aşqışlayıb ki, hətta ətrafında olanlar ona təəccüblə baxıblar.

19. Brejnev öz hakimiyyəti illərində “yazıçı” olmağı ilə də ad qazanıb. “Müəllif”i olduğu “Kiçik torpaq”, “Dirçəliş”, “Xam torpaq” kitabları az qala hər bir sovet vətəndaşının stolüstü kitabına çevrilib. Hər biri ayrılıqda 15 milyon tirajla çıxan bu kitablara görə Brejnev 180 min rubl qonorar alıb. Əslində isə “Kiçik torpaq” kitabını “İzvestiya” qəzetində çalışan publisist Arkadi Saxnin yazıb, “Dirçəliş” tanınmış jurnalist Anatoli Aqronovskinin qələmindən çıxıb, “Xam torpaq” isə “Pravda” qəzetinin aparıcı müxbiri Aleksandr Murzinin məhsulu olub. Kitabların hazırlanmasına ümumi rəhbərlik SİTA-nın baş direktoru Leonid Zamyatin və onun birinci müavini Vitali İqnatenkoya həvalə olunub. Əsl müəlliflər 1 rubl da olsun qonorara sahib olmayıblar. Brejnev onları yalnız dövlət təltifləri ilə mükafatlandırıb.

20. Brejnevin ən çox sevdiyi yemək soyuq kotlet olub. Buna görə də kotlet bişirildikdən sonra soyuducunun yuxarı gözündə saxlanılıb. Ümumiyyətlə, Leonid İliçin çənə və protez problemini bilən aşpazlar adətən baş katibin rahatlığı üçün yumşaq yeməklər hazırlayıblar.

21. Həkimin göstərişi ilə Brejnevə günorta yeməyində müxtəlif tərəvəzlərdən şorbalar hazırlanıb. O, bu şorbalardan etika naminə imtina etməyib. Ancaq mühafizəçilərin birinin söylədiyinə görə, baş katib kabinetinin arxasındakı istirahət otağında nahar edəndə həmin şorbalardan bir-iki qaşıq yedikdən sonra tualetə boşaldıb.

22. Baş katib şəkil çəkdirməyə böyük həvəs göstərib. Qeyd edək ki, Brejnevin şəxsi fotoqrafı milliyətcə erməni olan Vladimir Musaelyan olub.

23. Leonid İliç bütün yaş dövrlərində qadınlara qarşı marağını gizlədə bilməyib.

24. Ukraynada doğulan Leonid İliç öz hakimiyyəti illərində Kremldə güclü “Ukrayna klanı” yaradıb.

25. Lavrenti Beriyanın həbs edilməsi prosesində Brejnev də iştirak edib.

26. Brejnevin Moskvaya, mərkəzi aparata gətirilməsində Nikita Xruşovun böyük rolu olub.

27. Nikita Xruşovun devrilməsində, məlum saray şevrilişində Brejnev əsas fiqurlardan biri olub.

28. Brejnev Siyasi Büro üzvləri arasında süni siyasi intiriqa yaratmaqla qruplaşmaların qarşısına sədd çəkməyi ustalıqla bacarıb.

29. Leonid Iliç Siyasi Büro üzvləri arasında Konstantin Çernenkoya daha çox etibar edib. Brejnev ona “Kostya” deyə müraciət edib.

30. Brejnev Kreml məmurları arasında ən çox Mixail Suslovun işini qiymətləndirib. Baş katib istənilən bir sənədə imza atmaz qabaq əvvəlcə Suslovun rəyinin olmasını vacib və mütləq sayıb.

31. Leonid İliçin DTK sədrinin 1-ci müavini Semyon Sviqunla yaxın dostluq münasibəti olub. Bəzi mənbələrdə onların qohum olduqları söylənilsə də, nə Brejnevlə Sviqunun, nə həyat yoldaşlarının heç bir qohumluq əlaqəsi olmayıb. Yaxın dost olmalarına baxmayaraq Sviqunun müəmmalı ölümündən sonra Brejnev rəsmi nekroloqa imza atmayıb.

32. Baş katib Andropovla xoş münasibətlər nümayiş etdirsə də gələcəkdə onun partiya rəhbərliyinə gəlməsini arzulamayıb.

33. Brejnev 1976-cı ildə kliniki ölüm keçirib. Onun həyatı xilas olsa da, səhhətindəki problemlər daha ciddi şəkildə özünü biruzə verməyə başlayıb.

34. Brejnevin hakimiyyətinin son illərində ölkə iqtisadiyyatı “çıxılmaz vəziyyət”ə düşüb. Sovet vətəndaşları ərzaq qıtlığından əziyyət çəkib.

35. Breynev 1982-ci ilin noyabrın 10-da vəfat etsə də, bu haqda yalnız iki sonra ictimaiyyətə məlumat verilib.

36. Leonid İliç Brejnev Moskvada, Kreml divarlarının qarşısında dəfn olunub.

SSRİ rəhbərlərinin dövləti idarə etmələri ilə bağlı yarızarafat, yarıgerçək belə bir fikir var:

Vladimir İliç Lenin dövləti xalqla birlikdə idarə etməyi məqbul saydı.

İosif Stalin öz hakimiyyəti dövründə sübut etdi ki, dövləti təkbaşına da idarə etmək olar.

Nikita Xruşov dövlətin başçısız idarə olunmasının mümkünlüyünü sübuta yetirdi.

Leonid İliç Brejnev isə tam fərqli bir yanaşma sərgilədi, dövləti istədiyin kimi də idarə etmək olar…

(Musavat.com)

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …