Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / 20 Yanvar: Moskva iki mənada xatırlanır

20 Yanvar: Moskva iki mənada xatırlanır

20 yanvar bizimçün 19 yanvarla 21 yanvarı bir-birinə bağlayan adi bir təqvim günü deyil. Gün var günə, ömür var ömrə sığmır. Təsadüfi deyil ki, böyük qırğız yazıçısı Çingiz Aytmatov öz möhtəşəm əsərlərindən birini – insanlığın (sadə adamların timsalında təzahür edən) ali kədərini ifadə edən məşhur romanını məhz “Əsrə bərabər gün” adlandırmışdı. Heç təsadüfi deyil ki, Azərbaycan bayatılarından dilimizə, yaddaşımıza hopan dördlüklərdən biri də günə sığmayan  günü anladır:

Aşıq minaya dəyər,

Qurban minaya dəyər,

İl var bir günə dəyməz,

Gün var min aya dəyər.

Günlər günə, ömürlər ömrə calanırsa, ömür qoyub gedənlər geriyə baxdıqda, uğrunda can fəda etdikləri işin etibarlı əllərdə olduğunu gördükdə, ruhları çiçəklənir. Hələ-hələ cavan həyat yoldaşı İlhamın həlak olmasını qəbullanmayıb, öz əziz canına qıymış vəfalı Fərizəni düşünün…

Bu gün Azərbaycan müs­təqil respublikadır, dövlətimiz öz ayaqları üzərində məğrur durur, üçrəngli müqəddəs bay­rağımız göylərin üzünə yaraşıq verir. Şəhidlər Xiyabanı hər gün, hər gün ziyarət edilir. – Xalqımız, ölkəmizin qonaqları şəhidlərin mərmər məzarı üzərinə tər güllər düzür, adlarını zikr edir, ruhlarına şadlıq diləyir. Özü də bu həm xəlqi səviyyədə, həm də, dövlət səviyyəsində həyata keçirilir. Şəhidlər Xiyabanı ziyarəti dövlət protokolumuzun şərəfli səhifəsni təşkil edir.

İlham-Fərizə sevgisi dastanlaşıb, Ülvi Bünyadzadə “And”ı dillər əzbərinə çevrilib, İlqarın, Larisanın çox erkən nakam qalan həyatı kitablara mövzu olub, bütün şəhidlərimiz adbad dillərdən düşmür, xatirələri əziz tutulur.

Bəs, azadlıq uğrunda şəhid olan insanlara ünvanladğımız “ruhu şad olsun!” nidası sözlükdən, şüarçılıq ovqatından necə çıxıb, dərinlik və üfüq qazanır? – Əlbəttə, yuxarıda da vurğuladığmız kimi, ilk növbədə, mübarizə predmetinin, ideyanın bugünkü mövcud durumuna uyğun şəkildə. – Fizika dili ilə desək, infraqırmızı, ultrabənövşəyi dalğaları, yalnız xüsusi cihazlar, avadanlıqlar vasitəsi ilə “tutualan” “iz”lə bəlli etmək mümkün oldğu kimi, ruh da, onun şadlığı da da, “iz” ilə bəlli olur… – Ancaq bu “iz” cihaz, avadanlıq üzərindən müəyyən edilən “iz” olmayıb, insan üzü, insan ürəyi, insan əməli ilə… təzahür edir, təcalla edir, şəkillənir.

***

Qardaş Türkiyənin (hələ sağlığında) əfsanələşmiş şairi Abdurrahman Karakoç məşhur  “İncinməsin” rədifli şeirində yazırdı:

Kölgəsində otur amma
Yarpaq səndən incinməsin.
Təmizlən də gir məzara,
Torpaq səndən incinməsin.

Yollar uzun, yollar incə,
Yol qısalır eşq gəlincə…
Yat qurban ol İsmailcə,
Bıçaq səndən incinməsin.

“Burdayam” de, ararlarsa,
Doğru söylə – sorarlarsa;
Tabutuna sararlarsa,
Bayraq səndən incinməsin.

El köçsün köçdüyün vaxtı,
Yol yansın keçdiyin vaxtı;
Suyundan içdiyin vaxtı,
Qaynaq səndən incinməsin.

Toz qonmasın saxın sənə,
Haqqı keçər xalqın sənə;
Gücənməsin yaxın sənə,
Uzaq səndən incinməsin.

Bəli, ustad Karakoçun dərin şüur laylarına nüfuz edən şeirindəki o incə, uzun yolların bir ucunda ruhən (zamanında “Uzun, incə bir yoldayam, Yürüyürəm gündüz-gecə” yazmış) Aşıq Veysəl, o biri ucunda Bəxtiyar Vahabzadə vardı; o, Bəxtiyar Vahabzadə ki, “Şəhidlər” poemasında yazırdı:

“…Zalimin zəfəri başdan qələtdir,
Zamanın səsini biz də dinlərik.
Dünya gücümüzə yaxşı bələddir,
Hələ biçilməmiş əkilənlərik!”

Bəlkə bir qədər rabitəszimiş kimi görünə bilər, amma ustadların hər biri, əslində, eyni mətləbə vurğu yapıb, eyni sözün altını xətləyib, eyni ağrını, eyni ümid və inamı ifadə edib.

***

20 yanvar günü yalın əllə meydanlara çıxan, xalqın tapdanan haqlarını, respublikanın suveren hüquqlarını müdafiə etməkçün hər cür fədakarlıq edən həmvətənlərimiz də, onları canlarından üstün tutduqları torpağa urvatla tapşıran yüzminlər də… nazilən haqqın üzül­məyəcəyinə dərin inam içində olub. Şəhid məzarlarını heç qərənfilsiz buraxmayan bugünki nəsillər də işimizin haqq işi olduğuna, nahaq qanın yerdə qalmadığına dərin inam içindədirlər! Bu dərin inam dünən də vardı, bugün var, sabah da olacaq. – Məhz o dəli sevda, o şahə qalxan milli qürur xalqımızın adını azadlıqsevərlikdən azadlığaqadirliyə yüksəltmişdir. O atalar-analar, o oğullar-qızlar, o sevdalı könüllər, sarsılmaz məhəbbət(lər)… Azərbaycan mənini, Azərbaycanlı kimliyini, Azərbaycan vətəndaşı olmanın şərəf və məsuliyyətini tarixin alnına altın hərflərlə nəqş edib. O altın ki üzərində müqəddəs şəhid qanı var; o, altınlığı etibarı ilə də, müqəddəs qan etibarı ilə də, torpağın altında  öz dəyərini saxlayacaq, bugünümüzün göy üzündə “qanadlanacaq”, sabahımızda parlayacaq…

***

Yazının bu yerində daha bir mühüm məqama diqqət etmək istərdim.

20 yanvardan danışarkən Moskva şəhərinin adı iki mənada xatırlanır: birincisi, qırğına qərar verən ali vəzifəlilər o şəhərdən hökm verirdi; ikincisi (və ən mühümü), xalqın Moskvadakı ümid və inamı Heydər Əliyev bütün dünyaya Azərbaycan həqiqətini var gücü ilə duyurub, xalqın lidersiz olmadığını göstərdi. Bununla, xalqa şərəflə övladlıq etməyi bacaranlar kimi, xalqa liderlik etmənin, xalqın sözünü ucadan, qorxmadan-çəkinmədən demənin dərin məsuliyyətini daşıyan şəxsiyətin olduğu sübut olundu. Xalq Heydər Əliyevin səhhətində ciddi problemlər olmasına baxmayaraq, Moskdavadakı Azərbaycan Daimi Nümayəndəliyinə gəlişi ilə, oradakı parlaq nitqi ilə təsəlli tapdı, ürəkləndi, inamını toparladı.

Onu da unutmamışıq ki, Heydər Əliyev Bakıya döndükdən sonra ilk getdiyi ziyarətgah Şəhidlər Xiyabanı oldu və böyük şəxsiyyət şəhid məzarları üzərində diz çökərk, öz böyük eh­tiramını ifadə etdi! 

***

Bəli, artıq dediyimiz kimi, Şəhidlər Xiyabanı rəsmi dövlət protokolunda ziyarət ünvanıdır; hər il ali dövlət rəhbərliyi, geniş xalq kütlələri rəsmi ziyarət mərasiminə qatılır, şəhidlərin ruhuna dərin ehtiram ifadə edir.

Xüsusilə körpələrin, yeniyetmə və cavanların Şəhidlər Xiyabanına arası­kəilməyən axını res­publikamızın, xalqımızın gələciyinə ümid dolu baxışlarımızı şərtləndirir. Əgər yeni nəsillər keçmişini öyrənirsə, ona ürəyi çatan dəyəri verə bilirsə, xalqımızın gələciyinə zaval yoxdur.

Əlbəttə, dərsliklərimizdə, dərslik proqramlarında 20 yanvara ayrılan saatlar, ümumən dövləti münasibət xalqın istəklərinin, xalqın öz kədərini yaşatmasının, necə deyərlər, təlim-tərbiyə planında rəsmi təsbitidir. Bununla belə, (yuxarıda da vurğuladığmız kimi), xəlqi münasibət, xalqın qan yaddaşının diktəsi olmasa, bəlkə də, 20 yanvarı anmamız mövcud səviyyədə təsirli, nüfuz­edici, sirayətedici olmazdı. Bilirsiz, burada belimizin kədər altında əyilməsindən söhbət getmir; bu, kədəri unutmamaqdır, kədərdən dərs almaqdır; kədəri yaşatmaq – bugünümz və gələcəyimizə daha aydın nəzərlərlə baxmağın təminatıdır, şərtidir.

Şəhidlər Xiyabanı yalnız paytaxt Bakıdakı müqəddəs ziyarət­gahımızdan ibarət deyil; hər şəhərimizdə, hər rayonumuzda, qəsəbəmizdə 20 yanvar ünvanlı ocağımız var.

20 yanvar yalnız respublika əhalisinin qəlbində yaşatdığı, bu günündə unutmadığı, xati­rəsini gələ­cəyə daşıdığı hadisə deyil; 20 yanvar bütün dünya azərbaycanlılarının ortaq nöqtəsidir, dəyəridir (dəyərləşmiş tarixidir).

Səfirlik və konsulluqlarımız, diaspor təşkilatlarımız hər il anım mərasimləri tərtib edir, dünya ictimaiyyətini bilgiləndirir.

Bundan başqa, 20 yanvar türk dünyasının unutmadığı bir ağrıdır, ağrılı tarixdir. Türkiyədə, Qazaxıstanda, Özbəkistdana… şəxsən bunun şahidi olmuşam.

20 yanvar şəhidlərinin ailə üzvləri bir ictimai təşkilatda birləşib, onlar sosial baxımdan dövlət qayğısı ilə əhatə olunub – əlbəttə, bunlar təqdirəlayiqdir; bununla yanaşı, şəhid ailələrimizin qayğı və sayğı kateqoriyasında ən böyük tutalğacı, dövlətimizin, xalqımızın mənəvi cəhətdən, ictimai-siyasi baxımdan onların yaşantılarına bəslədiyi münasibətdə təcalla edir.

Yenə ustad Bəxtiyar Vahabzadənin “Şəhidlər” poemasına üz tutaq:

İnsan insan olur öz hünəriylə,
Millət millət olur xeyri, şəriylə.
Torpağın bağrına cəsədləriylə,
Azadlıq toxumu əkdi şəhidlər.

Şəhidlərimizin ruhu şad, dövlətimizin bayrağı uca olsun!

Dövlətimizin bayrağı uca olduqca şəhidlərimizin ruhu şad olacaq.

Əkbər QOŞALI (YOLÇUYEV),

Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri,

Beynəlxalq ALAŞ Ədəbi Mükafatı laureatı

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …