Ana səhifə / Siyasət / “1918-ci ildə on minlərlə dinc insanın kütləvi şəkildə qətlə yetirilməsi öncədən planlaşdırılıb” – İTC

“1918-ci ildə on minlərlə dinc insanın kütləvi şəkildə qətlə yetirilməsi öncədən planlaşdırılıb” – İTC

İrəvan Türk Cümhuriyyətinin  Millət Şurası 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb.

Bu bəyanat Qərbi Azərbaycan torpaqlarından, indiki Ermənistan ərazisindən ermənilər tərəfindən zorla qovulmuş, soyqırım və deportasiyasya məruz qalmış, qaçqın düşmüş azərbaycanlılar adından verilir. 

   Qərbi Azərbaycandan ermənilər tərəfindən azərbaycanlıların öz dədə-baba torpaqlarından qovulması  üç mərhələdə aparılıb: Hal-hazırda həmin torpaqlarda 6 000 000 azərbaycanlı əhalidən bir nəfər qalmayıb.

  • Birinci mərhələ 1905–1920-ci illər; Azərbaycanlıların Soyqırımı
  • İkinci mərhələ 1948–1953-ci illərdeportasiyası və köçürülməsi
  • Üçüncü mərhələ 1988–1992-ci illər etnik təmizləmə

   İrəvan xanlığı, sonradan Rusiya tərəfindən İrəvan quberniyası adlandırılan, Azərbaycan torpaqlarında  ilk dəfə müstəqil erməni dövlətinin yaranması ərəfəsində erməni millətçilərinin tarixin müxtəlif mərhələlərində həyata keçirdikləri etnik təmizləmə siyasətinin ən qanlı səhifələrindən biri də 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törədilən soyqırımı hadisələridir.

Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Kürdəmir və digər ərazilərdə erməni daşnaklarının və onların havadarlarının silahlı dəstələri tərəfindən  azərbaycanlılara qarşı törədilən soyqırımı nəticəsində on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Bakının ən gözəl memarlıq abidələrindən olan İsmailiyyə binası, “Açıq söz”, “Kaspi”, “Baku” qəzetlərinin redaksiyaları və ziyarətgahlar top atəşinə tutularaq dağıdılmış, Təzəpir məscidinin minarələri ağır zədə almış,  Şamaxıda qədim Cümə məscidi yandırılmışdır.

Bakı quberniyasında başlanan kütləvi qətllər və talanlar daha sonra Qarabağda, Zəngəzurda, Naxçıvanda, İrəvanda, Göyçədə və digər bölgələrdə davam etdirilmişdir.

1918-ci ilin mart ayınadək erməni silahlı dəstələri təkcə İrəvan quberniyasının İrəvan qəzasında 32, Eçimədzin qəzasında 84, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 kəndi – üst-üstə 198 kəndi darmadağın etmiş, həmin qəzalarda təqribən 135 min nəfər soydaşımız soyqırıma məruz qoymuşdu.

     On minlərlə azərbaycanlı ermənilərin törətdikləri vəhşiliklərin qurbanı olmuşdur. Şamaxı qəzasının 110 kəndi, Quba qəzasının 167 kəndi, Qarabağın 150-dən çox kəndi, Zəngəzur qəzasının 115 kəndi, Qars vilayətinin 98 kəndi dağıdılmış, yandırılmış və talan edilmiş, qadın, uşaq və yaşlılar da daxil olmaqla, dinc əhaliyə divan tutulmuşdur. Azərbaycanın tarixi torpaqlarına daxil olan İrəvan şəhərində və onun ətrafında 199 kənd yerlə-yeksan edilmiş, 132 min azərbaycanlı amansızlıqla qətlə yetirilmişdir.

  1998-ci il mart ayının 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman əsasında azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalmasına siyasi-hüquqi qiymət verilmişdir. Martın 31-i hər il “Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd olunur.

    Bu istiqamətdə aparılan araşdırmalar nəticəsində yeni faktlar və sənədlər ortaya çıxmışdır. Quba şəhərində erməni cinayətlərini isbatlayan kütləvi məzarlıq aşkar edilmişdir. Aşkarlanan ərazidə yaradılan Quba Soyqırımı Memorial Kompleksi ermənilərin günahsız azərbaycanlılara qarşı vandalizm hərəkətlərini əyani sübutlarla özündə əks etdirir.

1918-ci ildə on minlərlə dinc insanın kütləvi şəkildə etnik və dini mənsubiyyətinə görə xüsusi amansızlıqla qətlə yetirilməsi öncədən planlaşdırılmış və mərhələli şəkildə həyata keçirilməsi, o cümlədən bu kimi cinayət əməllərinin Azərbaycanın müxtəlif ərazilərində törədilməsi faktları məhz soyqırım cinayəti kimi tövsif edilməlidir. 

BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində göstərilir ki, soyqırımı insan qruplarının yaşamaq hüququnu pozmaqla yanaşı, insanlığa qarşı ən ağır cinayətlərdəndir. BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyaya görə, qabaqcadan düşünülmüş qaydada, hər hansı milli, etnik, irqi, yaxud dini qrupun kütləvi şəkildə tam və ya qismən məhv edilməsi niyyəti ilə törədilmiş cinayət əməlləri soyqırımı aktıdır.

Təəssüf ki, 1918-ci ildəki azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələri beynəlxalq miqyasda hələ də öz siyasi-hüquqi qiymətini almamışdır.

Bir xalqa qarşı əsrlər boyu davam edən nifrət siyasəti nəticəsində törədilən soyqırım cinayətlərinə beynəlxalq ictimaiyyətin biganə yanaşması, eləcə də cinayətkarların ədalət mühakiməsinə cəlb edilməməsi cəzasızlıq sindromunun inkişafına, yeni bəşəri cinayətlərin törədilməsinə, insan hüquqlarının kütləvi pozuntularının geniş vüsət almasına gətirib çıxarır. Ermənilərin xalqımıza qarşı törətdikləri cinayət əməlləri soyqırım olaraq tanınmadığından, xalqımıza qarşı Xocalı soyqırımı- 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, azərbaycanlılara qarşı dünyada misli görünməyən soyqırım cinayəti törədilmişdi. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.  Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Təssüf hissi ilə bildiririk ki, ermənilərin insanlıq əleyhinə qarşı cinayət əməllərinə isə dünya susur.

Biz İrevan Türk Cümhuriyyəti Millət Şurasinın üzvləri olaraq, dünya birliyini və beynəlxalq təşkilatları ikili standartlara yol vermədən, beynəlxalq hüquq normaları və prinsiplərini rəhbər tutaraq, insanlıq əleyhinə cinayət olan, 1918-ci ildə və sonrada azərbaycanlılara qarşı törədilmiş soyqırımına səssiz qalmamağa, qətiyyətli və ədalətli mövqe nümayiş etdirməyə, bu qatı cinayəti beynəlxalq səviyyədə soyqırımı aktı kimi tanımağa çağırırıq.

İrəvan Türk Cümhuriyyətinin Millət Şurası

 28 mart 2022-ci il

 Qeyd: Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilmişdir.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …